Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

Siz nə vaxt xalq üçün ağladınız?

Biz bu hökumətin «göz yaşları»nı heç vaxt görmədik

Hər gün bir daha təsdiq olunur ki, mövcud hakimiyyəti xalqla bağlayan tellər yoxdur. Daha dəqiq desək, bu hakimiyyətin yürütdüyü siyasət vətəndaşla bütün telləri qırmaqdan ibarətdir. Uzun illərdi bu proses davam edir və xalqa yönəlik hər hansı addım müşahidə etməmişik. Ölkəyə son 15 ildə 141 milyard neft pulu daxil olsa da, vətəndaş 150-200 manatın girovluğunda, borc içində yaşayır. Bütün sahələrdə süründürməçilik, korrupsiya, hüquqsuzluq hakim kəsilib və ölkə vətəndaşı da bu şərtlər daxilində yaşayıb.

Amma Oqtay Əsdəovun Milli Məclisin son iclasında səsləndirdiyi fikirlərdən belə görünür ki, bu hakimiyyət 22 ildir xalqın dərdini çəkir. Bəli, Oqtay Əsədov deyib ki, xalqa görə ağlayanda bir az da banklara görə ağlayaq. Sanki, bugünə qədər bütün qərarlar xalqın xeyrinə verilib və hökumət ilk dəfə olaraq bankların tərəfini tutur.

Görəsən, bu hökumət nə vaxt, hansı məsələdə xalq üçün ağlayıb? Ümumiyyətlə, bu hakimiyyətin xalqa görə “göz yaşı” tökdüyünü görən olubmu?

Bəlkə qiymətlər aşağı salınıb, bəlkə birinci devalvasiyanın zərərini dövlət üzərinə götürüb, bəlkə ikinci devalvasiyaya adekvat olaraq addımlar atılıb, bəlkə neft pulları gələcək nəsillərə saxlanılıb, bəlkə yeni doğulan körpələrin adına bankda hesab açılıb, bəlkə monopoliyalar ləğv olunub, bəlkə dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərir? Axı, bu “xalq üçün ağlamaq” nədə ifadə olunub?

Dərmanın, yanacağın qiyməti, maaşlar, təqaüdlər göz qabağındadır. Bu hakimiyyət vətəndaşı ağlatmaqdan başqa nə edib ki?

Ikinci bir tərəfdən ölkədə fəaliyyət göstərən bankların əksəriyyəti iri məmurlara məxssudur. Və bu banklar vətəndaşa ən yüksək faizlə kredit verib. Məhz bu bankların soyğunçuluğuna görə vətəndaş intihar həddinə çatıb, ağlar günə qalıb. Yəni, bank sektorunun bu vəziyyətə düşməsi də, vətəndaşın banklardan asılı vəziyyətdə qalması da bu hakimyyətin “töhfə”sidir.

Digər tərəfdən Azərbaycanda baş verənlər Ukraynada, Qazaxıstanda da baş verdi. Amma Nazarbayev, Poroşenko ağlaşma qurmadı. Devalvasiyanın zərərini dövlət öz üzərinə götürdü və vətəndaş artıq yükdən xilas edildi.

Hətta Avropa ölkələrinin ianəsinə möhtac qalmış Yunanıstanda da 20 min dollara qədər olan borclar bağışlandı.

Azərbaycan hökuməti isə bütün yükü vətəndaşın çiyninə yükləyib, üstəlik də vətəndaşa minnət qoyur. Birdə ki, bundan sonra banklara ağlamaq da nəticəni dəyişməyəcək. Çünki, bank sisteminə etimad tam itib və heç bir vətəndaş pulunu banka etibar etməz. Elman Rüstəmovun dediyi kimi balışın içi, banklardan daha etibarlıdır.

Bir sözlə, bu hökumət heç vaxt vətəndaş üçün ağlamayıb, ancaq vətəndaşı ağlar günə salıb. Seçkilərin saxtalaşdırılması, təhsilin, səhiyyənin bərbad vəziyyətə salınması, ölkənin neftdən asılı vəziyyətdə olması da vətəndaşı ağlar günə qoymağın nümunəsidir. 10 manatlıq pensiya artımı isə ağlamağın yox, gülməyin nümayişidir.

Artıq xalq əmindir ki, bu hökumət heç vaxt ona görə ağlamayacaq. Milli Məclisin 125 deputatı həmişə hökumət üçün ağlayıb. Bu dəfə də Oqtay Əsdov ənənəvi ağlaşmanı davam etdirib. Indi xalq başa düşür ki, taleyi öz əlindədir və özünə gün ağlamalıdır./azadlıq/
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10