Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2016

MTN-də ayda 50 milyon “haqq” yığılırmış?

Eldar Mahmudov və dəstəsinin əməlləri haqda yeni iddialar

“MTN işi” ilə bağlı təsdiqini tapan daha bir fakt da budur ki, Eldar Mahmudov və dəstəsi iş adamları ilə kifayətlənməyərək, bir sıra dövlət qurumlarından da aylıq haqq toplayıb. Təbii ki, bütün bunlar Respublika Prokurorluğunda aparılan istintaq nəticəsində sübut olunub. Mötəbər məbələrdən “AzPolitika.info”ya verilən məlumata görə, istintaq yolu ilə müəyyənləşdirilib ki, MTN-in “qara kassası”nın aylıq həcmi 50 milyon manat ətrafında olub! Bu məbləğin toplanmasında isə, bir neçə dövlət qurumundan stabil aylıq daxilolmaların böyük payı olub.

Mahmudov və bandasına aylıq haqq verən dövlət qurumlarından biri ilə bağlı bir müddət əvvəl məlumat vermişdik. Söhbət Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gedir. Həmin məlumatda bildirilirdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini “MTN-çi banda”nın poliqonuna çevirən Əli Abbasov, həmçinin Eldar Mahmudova ən böyük “haqq” ödəyən dövlət strukturunun rəhbəri olub. “Istintaq yolu ilə təsdiqini tapmış məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturları hər ay Eldar Mahmudova 10 milyon manat ”xərac” ödəyib! Belə bir faktın ortaya çıxması şok yaradıb. “Prezident tərəfindən bu yüksək vəzifəyə təyin olunan nazirlərin birinin digərinə aylıq ”haqq” verməsi faktı, hakimiyyətin zirvəsində qəzəb doğurub və bu səbəbdən, Əli Abbasov da vəzifəsindən dərhal azad olunub, ev dustağına çevrilib”, – dəyə məlumatda qeyd olunurdu.

Ancaq MTN şefinə aylıq haqq verən, onunla qanunsuz işbirliyində olan yüksək vəzifəli şəxs yalnız Ə.Abbasov olmayıb. Bu gün də yüksək vəzifə tutan şəxslər arasında vaxtilə Eldar Mahmudovla geniş “işgüzar” əlaqə quranlar, ona, necə deyərlər “iş verənlər”, həmçinin MTN-dəki bandaya sifarişlər verib, adam tutduranlar var. Güman edirik ki, zamanla bu faktların hamısının üstü açılacaq. Necə ki, bir qismi haqqında cəmiyyət artıq məlumatlıdır və günlər keçdikcə, yeni-yeni faktlar açılmaqdadır.

Məsələn, bugünlərdə Eldar Mahmudova stabil haqq verən dövlət qurumlarından birinin də adı məlum olub. “AzPolitika.info”ya daxil olan məlumata görə, Rabitə Nazirliyindən sonra Mahmudova ən böyük haqq verən dövlət qurumu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olub! Məbləğ, aylıq təxminən 5 milyon manat təşkil edib.

Təsadüfi deyil ki, Eldar Mahmudov işdən çıxarılması və MTN-də həbslərin, istintaqın başlamasından qısa müddət sonra – noyabr ayının 30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd Imanov, müavini ilə birlikdə tutduğu vəzifədən uzaqlaşdırıldı. Məhəmməd Imanov və müavininin vəzifəsindən azad edilməsinin “MTN işi” ilə bağlılılğı olmasına dair əsaslı şübhələr var. Elə Mahmudovla əlaqədə olanların “deşifrə” prosesinin ən aktiv dövründə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun köhnə dostunu vəzifədən çıxarması da bu ehtimalı xeyli yüksəltmişdi.

Ilkin məlumatlarda bu işbirliyinin məlumat mübadiləsi şəklində olduğu bildirilirdi. Belə ki, Eldar Mahmudovun “General banda”sının iş adamlarına qarşı soyğunçuluq fəaliyyətində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinın Dövlət Reyestri Xidmətinin “xidmətlərindən” də yararlandığına dair iddialar var. Daha dəqiqi, hədəfə götürülən iş adamlarının, məmurların əmlakları barədə müfəssəl məlumatların MTN banditlərinin əlində olması bu iddiaları ortaya çıxarmışdı. Təbii ki, bəzi konkret faktlar, məlumatlar da belə düşünmək üçün əlavə əsaslar yaradırdı.

M.Imanov vəzifəsindən uzaqlaşdırılandan dərhal sonra Reyestr Xidmətinə yaxın mənbə “AzPolitika.info”ya məlumat vermişdi ki, Kərəm Həsənovun bu qərarı təsadüfi deyil, belə ki, MTN-in “killer” generalı Akif Çovdarovla Məhəmməd Imanov arasında yaxın dostluq münasibətləri olub. Bu dostluğun isə, Çovdarovun vaxtilə hansısa bir işə görə Məhəmməd Imanovu “ilişdirərək” külli miqdarda pulunu almasından sonra yarandığı iddia edilirdi?

Yəni, bu və digər məlumatlar Xidmətin həmin vaxt rəhbərliyində olan şəxslərin Mahmudovun “General banda”sı ilə işbirliyində olduğunu təsdiqləyir: birbaşa və ya dolayısıyla.

Ancaq indi “MTN işi” istintaqının gedişindən məlumatlı mənbənin saytımıza ötürdüyü yeni məlumatlar belə deməyə əsas verir ki, sözügedən işbirliyi sadəcə Mahmudovun soyğunçu bandasını zəruru məlumatlarla təmin etməkdən ibarət olmayıb. Eyni zamanda “MTN katyolu”na aylıq stabil ödəniş də olunub. Hansı ki, bu vəsait vətəndaşlardan, iş adamlarından, tikinti şirkətlərindən rüşvət və korrupsiya yolu ilə toplanıb.

Əlbəttə, Məhəmməd Imanovun şəxsən Mahmudovun gizli planlarının iştirakçısı olduğunu iddia etmək fikrindən uzağıq. Ola bilsin ki, Xidmət rəisi MTN generalları ilə əməkdaşlıq etmək məcburiyyətində qalıb. Məsələn, MTN generallarının Xidmətdən məlumatları gizli əməliyyat üçün tələb edərək, alması da mümkündür.

Eyni zamanda o da istisna deyil ki, Məhəmməd Imanov sadəcə verilən tapşırığ yerinə yetirib. Nə məlumatların, nə də pulun hansı məqsədlərlə alınmasından xəbəri olub. Bəlkə də bu üzdən M.Imanov rəis vəzifəsindən çıxarılsa da, eyni qurumda kiçik də olsa başqa vəzifə ilə təmin edilib. Kimlərsə onun həqiqətləri açıb danışmasından qorxub. Kimlər?
741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:26