Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2016

Rüfət Səfərov hakimiyyətin “ağ atlı oğlan”ıdır

“Prokurorluqdan istefa verib zalım və görməmiş rejimi ifşa elədiyinə görə Rüfət Səfərovu həbs edənlərədir sözüm.
Siz bu həbslə ola bilsin Rüfətə, onun atasın dərs vermək, pislik eləmək niyyəti güdübsünüz. Amma talenin işinə bax, uzun illərdir həyatınızı pislik eləməyə sərf eləsəniz də, bu işi də artıq bacarmadınız. Bilin! Siz bu həbslə ən böyük pisliyi özünüzə, öz övladlarınıza eləmisiniz? İnanmırsız?
O zaman mən sizi inandıracam. Bir gün gözləyin. Özü də moizə oxumayacam ki, ay vicdan-filan, o şeylər artıq sizin üçün bir anlam daşımır. Sırf realist formada sizin hamınıza öz övladlarınızın və öz evinizin öz əllərinizlə başınıza necə uçurduğunuzu hamıya göstərəcəm.

“Bir gün səbr!”

Bunları bir gün əvvəl “facebook”umda yazmışdım. Niyə “bir gün səbr”? çoxları həyəcanlanmışdı. Hətta Rüfətin atası da sual elədi ki, narahatıq, bu “bir gün” nəmənədi? Bir günün içində Rüfət şərti azadlığa çıxdı. İndi o Kürdəxanıda yox, öz evindədir. Ona görə, o “bir günün” üzərində daha da qalın müamma dumanı çökə bilər, buna isə imkan vermək olmaz. Bəndəniz, nə falçıdır, nə də ayın tarixindən başqa hər şeyi səhv deyən “proqnozbaz siyasətçi”lərdən. Bir gün möhlət istəməyim, sırf texniki səbəblə bağlı idi, yəni “Azadlıq”a köşə yazmağı ancaq bir gün sonra macal tapacaqdım. Macal bu macaldı. Vədimiz isə dəyişməyib.

İndi mənə bəlli deyil ki, qarşı tərəf, yəni Rüfəti həbs edənlərin fala baxmaq, məsafədən fikir oxumaq qabiliyyəti var ya yox…

Bilmirəm, onlar bu gənc oğlanı türmədən mənim düşündüyüm qorxulu səbəblərə görə buraxıblar ya yox… Düzü bu indi məni az maraqlandırır, yazaq oxusunlar, daha düzgün düşünmək, qərar vermək imkanı o zaman yaranar.
Rüfətin həbsinin məhz hakimiyyət kürsünü zəbt edənlər üçün niyə pis addım, öz ayaqlarına vurulan çəkic saymışam?

İzah edək, mən hazırda, qardaşın qardaşa eləmədiyi yaxşılığı bizim anamızı ağlar qoyan adamlar üçün etməkdəyəm. Qoy bu qəbahətimi Pərvərdigar, oxucular mənim ürəyiyuxalığıma bağışlasınlar.

Rüfətin müxalifyönlü açıqlamaları, diktatura rejiminə meydan oxuması, bu çoxlarının ağız suyu axıtdığı kürsünü öz istəyi ilə rədd eləməsi biz müxalifləri, haqqı deyənləri məmnun edən hərəkətlərdir. Fəqət, gözdən qaçan bir vacib detal da var.

Rüfətin açdığı bu cığır, həm də rejim məmurları üçün hardasa ələ düşməyən bir “oksigen balışıdır”, nəhəng okeanda batan adama uzadılan xilasedici köynəyidir.

Ey hörmətsiz korrupsionerlər! Aydın məsələdir ki, indiki vaxtda sizin Rüfət kimi addım atmağa hünəriniz çatmaz. Qorxursunuz, bu qorxunun təbii səbəbləri də var, ən azı boğazınıza qədər çıxan cinayətləriniz sizi o addımdan saxlayır. Özünüz məhv olmusunuz, bəs uşaqlarınızı niyə məhv edirsiniz? Atalar “cəhənnəmə gedən yoldaş axtarar” deyir, düzdü, bəyəm o yoldaşı mütləq balanızdan seçməliniz? A kişi, bu cəhənnəmdir e, Baham adaları deyil ki, övladınızla birgə gedib kef çəkəsiniz. Uşaqlarınıza rəhminiz gəlsin!

Bəli, siz ola bilsin qanunların formal tərəfinə arxayınsız ki, “ata oğula, oğul ataya görə məsuliyyət daşımır”. Arxayın olmusunuz ki, özünüz ölüb cəhənnəmə vasil olasanız da, balalarınız xalqın irin-qanı hesabına topladığınız sərvəti yeyib kef çəkəcək və s. Gözəl xəyal qurmusunuz, ancaq sizi məyus eləməliyəm. O prinsipi siz özünüz pozdunuz. Atanı oğula, oğulu ataya görə siz bədbəxt elədiniz. Ənənə yaratdınız, pis ənənə. Demokratik sistem yaranmayınca, heç kim, eləcə də indi qanun sizə, övladlarınıza sabah üçün qarantiya dura bilməyəcək. Ona görə övladlarınızı xilas edin, Rüfətə, rüfətkimilərə üzdə də olmasa altdan altdan dəstək verin, ürəkləndirin, imkan yaradın ki bu rejimdən qopsunlar. Bu rejimə qarşı müxalif olmaq üçün kifayət qədər əsas var, siz övladlarınızı öz əllərinizlə şikəst eləməsəniz, boğmasanız, onlar fitrətən bu zalim quruluşa çıxmağa hazırdılar. Buraxın, onlar özlərini xilas eləsinlər. Tənəli həyatınızı onlara miras ötürməyin.

Natiq Ədilov/azadlıq
791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı