Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

Neft 130 dollarda qalsaydı, “sahibkarlara münbit şərait yaradılsın”, “monopolistlər cəzalandırılmalıdır” kimi ifadələri eşitməyəcəkdik

Əliyevin Davos etirafları

Yaxud, neftin qiymətinin düşməsinə niyə sevinməliyik?

Yanvarın 21-də ölkə başçısı Ilham Əliyev Davosda Dünya Iqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edib. Ölkə başçısına bu sessiyada bir çox suallar ünvanlanıb və o da öz növbəsində cavab verməyə çalışıb. Biz isə yazımızda iki məqama diqqət çəkmək istəyirik. Daha doğrusu Ilham Əliyevin iki etirafına münasibət bildirməyi zəruri hesab edirik.

“Nefti bundan daha aşağı qiymətlərdə görmək çətindir. Ancaq bu gün bunu gördükdən sonra artıq buna da təəccüblənməyəcəyik. Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə – 20 il, 25 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu. Eyni zamanda, bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi” – deyə Ilham Əliyev bildirir.

Bu fikirləri eşidəndən sonra neftin qiymətinin düşməsinə sevinmək məcburiyyətindəyik. Çünki, ölkə başçısı etiraf edir ki, neftin qiyməti düşməsəydi, ölkə iqtisadiyyatını şaxələndirmək üçün heç bir addım atılmayacaqdı. Deməli, hökumət ciddi islahatlara, qeyri-neft sektorunun inkişaf etdirməyə, lazımsız xərclərin azaldılmasına və digər zəruri addımlara 20-25 il sonra başlayacaqmış. Bəli, neft hələ də 120-130 dollar olaraq qalsaydı, “qənaət rejiminə keçməliyik”, “sahibkarlara münbit şərait yaradılsın”, “lazımsız qurumlar ləğv edilsin”, “monopolistlər cəzalandırılmalıdır” kimi ifadələri eşitməyəcəkdik. Əgər neftin qiyməti əvvəlki vəziyyətdə qalsaydı, MTN və Rabitə Nazirliyindəki cinayətlər də üzə çıxmayacaqdı. Qısası, hökumətimiz hələ 20-25 il neft pullarını mənimsəyib, sonra iqtisadiyyatın real inkişafına diqqət yetirməyi düşünürmüş. Ölkəni bu təfəkkürün, bu intellektin sahibləri idarə edir. Məhz bunun göstəricisidir ki, ölkəmiz minimum əmək haqqının miqdarına görə Ermənistandan da geri qalır. Ölkə başçısı həm də etiraf etmiş oldu ki, ölkəyə gələn 100 milyardlarla neft pulu mənasız layihələrə xərclənib. Hansıki, Norveç Pensiya Fondunun bu gün yığıma yönələn vəsaitinin, rezervlərinin həcmi 830 milyard dollar olduğu halda, bizim Neft Fondundakı rezervlərin həcmi 35,5 milyard dollar təşkil edir.ÿNorveç Pensiya Fondunun yarandığı 1990-cı ildən bu günə 830 milyard daxilolmaların, demək olar ki, bir senti də xərclənməyib, gələcək nəsillərə saxlanılır. Ilham Əliyev də deyir ki, biz hələ 25 ildən sonra ayılacaqdıq. Indi isə nəinki gələcək nəsillər üçün bir manat kənara atılmayıb, üstəlik gələcək nəsillərin belinə 25 milyard xarici borc yığılıb. Son 15 ildə neftdən ölkəyə 141 milyard vəsait daxil olub ki, bu pullar da yoxa çıxıb.

Ilham Əliyevin ikinci etirafı isə rayonlardakı etiraz aksiyaları ilə bağlı suala cavabında ortaya çıxır

“Ilk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. Ikinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdi. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq” – deyə Ilham Əliyev bildirir.

Göründüyü kimi ölkə başçısı rayonlardakı etiraz aksiyalarının qiymət artımına, devalvasiyaya görə baş verdiyini etiraf edir. O zaman niyə bəzi hökumət təmsilçiləri, hökumətyönlü mətbuat bu etirazları müxalifətin üstünə atır, adamları ekstremist kimi qələmə verir, içkili adamların şıltaqlığı kimi təqdim edirlər? Ölkə başçısının xaricdə göstərdiyi səbəbi, daxili auditoriyaya niyə fərqli təqdim edirlər?

Eyni zamanda ölkə başçısı etiraf edir ki, camaat stress vəziyyətindədir. O zaman bu stressin artmaması üçün niyə real addımlar atılmır? 10 manatlıq artım, çörəyin əvvəlki vəziyyətə qaytarılması çıxış yolu ola bilərmi?

Nəhayət, ölkə başçısının bu etirazları “kiçik” kimi təqdim etməsi də yanlışdır. Hətta bu etirazı bir nəfər edibsə də hökumət bu haqlı etiraza adekvat cavab verməlidir. Etirazın kiçik olması hökumətə haqq qazandırırmı? Yaxud, insanların haqsız olduğuna səbəbdirmi?

Xülasə, ölkə başçısının Davosdakı cavabları yeni suallara yol açıdı və sistemin “uzaqgörən” siyasətinin nədən ibarət olduğunu göstərdi./azadlıq/
870 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15