Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Özünü asan MTN polkovniki təcridxanada Pərviz Həşimliyə nə deyib?

Jurnalistin vəkili Ali Məhkəməyə müraciət hazırlayır; həbsdəki müsavatçı qardaşların ailələri təqib olunur; Raqif Kərimli: “Mülki geyimli şəxslər yenidən peyda olublar...”
Hazırda həbsdə olan jurnalist Pərviz Həşimlinin evindən tapılan silahlarla bağlı Ali Məhkəməyə müraciət ediləcək. Buna səbəb silahların digər məhbus Nicat Quliyevin işində də istifadə edilməsi ilə bağlı olan iddialardır. Bu barədə “Yeni Müsavat”a jurnalistin vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil açıqlamasında Həşimlinin həbsində təcridxanada intihar edən MTN polkovniki İlqar Əliyev və Elçin Əliyevin əlinin olması ilə bağlı növbəti şok faktlar açıqlayıb: “Pərviz Həşimlinin işində yeni faktlar ortaya çıxdı. Belə ki, Təvəkkül Qurbanovun onun üçün gətirdiyi, üzərindən çıxan və evindən tapılan silahlardan digər əməliyyatda da istifadə olunub. Digər siyasi məhbus Nicat Quliyevin avtomobilindən guya bu silahlar çıxıb. Cüzi fərqləri nəzərə almasaq, silahların nömrələri eynidir. Bir-iki rəqəm fərqi var. Buna görə də Ali Məhkəmənin Plenumuna müraciət edəcəyik. Sənədlər hazırdır, bu günlərdə təqdim olunacaq. Nicat Quliyevlə bağlı əməliyyatın necə hazırlandığından xəbərim yoxdur. Amma Pərviz Həşimliyə qarşı əməliyyatın hazırlanmasından xəbərimiz var. Elşən adlı şəxs əməliyyatda fəal idi. Soyadını dəqiq bilmirəm. Onu Pərviz həbs ediləndən bir il sonra çıxardılar. Çünki istədiklərini həyata keçirə bilməmişdilər. Pərvizin üzünə duran Təvəkkül Qurbanovun həyat yoldaşı Elşənin şadlıq saraylarında mühasib işləyirdi. Aldığımız məlumata görə, hər gün səhər həmin qadını xüsusi maşın işə aparırmış. Axşam da eyni qaydada qaytarırmış. Pərvizin həbsinə, onun evinə edilən basqına Elçin Quliyev və özünü asan İlqar Əliyev rəhbərlik etmişdi. Pərvizi gecə səhərə qədər onların yanında saxlamışdılar. Ondan başqa şəxslərin əleyhinə olan sənədlərə qol çəkməsi tələb olunmuşdu. Külli miqdarda pul təklifi də olmuşdu. Hətta 2014-cü il dekabrın 24-də Apelyasiya Məhkəməsinə üç gün qalmış İlqar Əliyev təcridxanaya gələrək, bir daha Pərvizə həmin təklifləri etmişdi. Demişdir ki, əgər qol çəksən, gələcəkdə deputat da ola bilərsən. Açığı, Pərvizin azadlığa çıxacağına ümidim çox idi. Çünki MTN-dəki dəyişikliklərdən sonra cinayətdə iştirak edən həmin şəxslərin çoxu ya işdən çıxarıldılar, ya da həbs olundular. Amma gözləntilərim olmadı. İndi də müraciətimizi edəcəyik, gələcək göstərəcək”.

***
Yanvarın 26-da Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin Ali Məhkəmədə prosesi olacaq. Hökmdən verilən şikayətə baxılacaq.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova verilən hökmdən apelyasiya şikayəti verilib. Prosesin baxılma zamanı hələ müəyyənləşməyib. Bu barədə musavat.com-a məlumat verən jurnalistin vəkili Fuad Ağayev fevralın ilk ongünlüyündə məhkəmənin ilkin baxış iclasının olma ehtimalının yüksək olduğunu söylədi.

Həbsdəki müsavatçı gənc Fərəc Kərimlinin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsinin problemləri bitib-tükənmir. İstilik sisteminin bərbad vəziyyətdə olduğu müəssisədə məhbuslar soyuqdan “donurlar”. Bu barədə müsavatçı gəncin atası Raqif Kərimli məlumat verdi: “Fərəcin saxlanıldığı müəssisədə dözülməz şərait var. Soyuq onlara çox əziyyət verir. İstilik sistemi çox bərbaddır. Baxan da yoxdur. Ayın 30-da görüş günüdür. Yəqin ki, görüşdə Fərəclə bu barədə ətraflı danışacağıq”.

R.Kərimli həbsdəki digər oğlu Sirac Kərimlinin saxlanıldılğı 10 saylı cəzaçəkmə müəssisəsində şəraitin normal olmasına baxmayaraq, telefon danışıqlarına maneələr yaradıldığını qeyd etdi. Məhbus atası övladlarına görə hələ də təqib olunduqlarını da qeyd etdi: “Oğullarım həbs edildiyi vaxt yaşadığımız binanın qabağında onları izləyən mülki geyimli şəxslər yenidən peyda olub. Qonşular mənə xəbər verdilər. Son üç gündə tez-tez binanın qarşısında görünürlər. Həyat yoldaşım da onları görüb. 41-ci bölmədən də zəng vurub, oğullarımla bağlı məndən məlumat aldılar, iş yerimi soruşdular. Hələ də səbəbini bilmirik”.
875 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP