Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Ölkə böyük işsizlər ordusunu xatırladır

Bir həftədə «Azərişıq»da 4 min nəfərin ixtisara salınması bu ordunu daha da artırıb

Eldəniz Quliyev: «Belə ağır vəziyyətin yaranacağını vaxtında bilməliydilər»

Xəbər verildiyi kimi, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail Ibrahimli ölkənin hazırkı durumundan çıxış edib. F.Ibrahimli müəyyən oxşar strukturlar, dövlət qurumlarında aparılan ixtisarlar və nətitcədə işsiz qalan insanların taleyindən narahatlıq ifadə edib. Deputat aparılacaq islahatlar zamanı ədalətlilik prinsipinin göz önündə saxlanmasının tərəfdarı olduğunu vurğulayıb:

“Əminəm ki, bu islahatların ixtiyarı nazirlərə verilsə, bu nazirlər həmin qurumdakı qohum-əqrəbasını saxlayacaq, kənardakıları rədd edəcək. Həmçinin, orada demokratik əhval-ruhiyyədə olan, sözə baxmayan, qanunun aliliyini tələb edən insanların uzaqlaşdırılması vaxtının çatdığını elan edəcəklər. Ona görə də bu çətin anlarda, struktur islahatları keçirib camaatı küçəyə atmaq olmaz. Axı kimlərə qoşacağıq onları?! Işsiz qalan insanlar hara gedəcək? Biz hansı səbəbdən cəmiyyətdə boşluq yaratmalıyıq? Onların bir qrupu vəhhabilərə, bir qrupu nurçulara qoşulacaq, bir qrupu IŞID-ə adam axtaracaq. Insan ac qalanda ac qılınca çapır. Ona görə də, bunu ağıllı formada həyata keçirmək lazımdır, insanları küçəyə atıb islahat aparmaq islahat deyil. Ölkədə sosial-siyasi vəziyyəti gərginləşdirməkdir. Onsuz da Azərbaycana kifayət qədər təhlükəli caynaqlar uzanıb. Ixtisara düşən həmin insanları onların caynaqlarına verə bilmərik. Biz bu məsələləri kifayət qədər nəzərə almalıyıq. Kor-koranə islahat aparmaq olmaz”.

F.Ibrahimli söyləyib ki, aylıq 200-300 manat alanları küçəyə atıb, onları ayrı-ayrı təkfirçi qruplaşmalara sövq etmək olmaz. Deputat bu tendensiyanın çox təhlükəli olduğunu vurğulayıb.

Bəllidir ki, keçən ildə baş verən devalvasiya hadisələri ölkənin əksər strukturlarının fəaliyyətini iflic həddinə çatdırıb. Özəl və dövlət sektorları artıq ayaq üstə dura bilmir. Böhrandan çıxış yolu axtaran şirkət və dövlət qurumları ixtisarlara getməyə məcbur qaldığını deyir. Xatırladaq ki, rəsmi çevrə ölkədə işsizliyin 5 faiz olduğunu iddia edir. Bu mənada, iri investisiya layihələrinin dayandırılması, hətta büdcə səviyyəsində bir neçə layihənin azaldılması minlərlə insanın işsiz qalması deməkdir. Belə olan vəziyyətdə, ölkədə işsizlik səviyyəsinin 5 faiz olması nə qədər ağlabatandır?

Iqtisadçı ekspertlər hesab edir ki, işsizliyin səviyyəsi bir neçə illə səviyyədə hazırda daha da artıb. Inkişaf etmiş Avropa ölkələrində işsizliyin səviyyəsi uzunmüddətli və davamlı sosial layihələrin, proqramların həyata keçirilməsiylə xeyli aşağı düşüb. Hətta Avropa Birliyi ölkələrində ortalama olaraq işsizlik həddi 10-14 faiz arasında dəyişir:

“Bizdə isə cəmisi 5 faizlik işsizlik həddinin bəyan edilməsi təhrif olunmuş statistika deməkdir. Bu statistikanı düzgün hesab etmək olmaz. Artan qiymətlər, devalvasiya prosesləri ölkədə işsizlərin səviyyəsinin daha da artacağını deməyə əsas verir. Təkcə bir həftə ərzində ”Azərişıq”da 4 min nəfərin ixtisara salınması, dövlət qurumlarının birləşdirilməsi və kütləvi ixtisarların olması yalnız dövlət sektorunda əhəmiyyətli bir sayda işsizlər ordusu yaradılması deməkdir. Özəl sektorda iri müəssisələrdə kütləvi ixtisarlar olub, kiçik müəssisələr bağlanma təhlükəsiylə üz-üzə qalıb. Çox ciddi işsizlər ordusu yaranır və bunun qarşısını almaq üçün heç bir biznes və investisiya mühiti inkişaf etmir. Iş yerini itirən vətəndaşların da yeni iş yeri haqda düşünmək imkanı olmur. Dövlət sektorunda deyil, özəl sektorda da belə bir vəziyyətin hökm sürəcəyi şübhəsizdir”.

Tanınmış ziyalı və kinossenarist Eldəniz Quliyev işsizliyin gətirəcəyi bəlalardan bəhs edərək çıxış yolunu vaxtında göstərməyin vacibliyini diqqətə çatdırır. Eldəniz bəy yerli istehsalın inkişafını daha məqbul sayaraq, hazırkı böhrandan yalnız bu yolla çıxmağın mümkünlüyünü deyir:

“Rəsmilər bilməliydi ki, nə vaxtsa belə bir vəziyyət yaranacaq. Siyasi, iqtisadi, ictimai vəziyyətin yaranmasını öncədən proqnozlaşdırmalı və seçim qarşısında qalacaqlarını bilməliydilər. Hamı indi ağıllı söz deyə və proqnoz verə bilər. Demokratik düşərgə bu barədə danışanda qulaq ardına vururdular. Güc strukturlarının çoxluğuna görə bəlkə də biz Ginnesin rekordlar kitabına düşə bilərik. Həmin strukturlarda əsasən, ixtisarlar aparılmalıdır”./azadlıq/
1070 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber