Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Mirşahinin ürəyi

ANS MTRŞ-i «yedi»

Mən bir gecədə qərar dəyişməyin nə olduğunu çox gözəl bilirəm. Adamın ürəyini durdurur. Başıma gəlib. Fərq odur mənim başıma gələnlə Mirşahinin başına gələn daban-dabana ziddir. Illər öncə jurnalist kimi mənim xeyrimə çıxarılmış qərar bir gecədə ziyanıma dəyişdirildi, Mirşahininki əksinə. Deyilənə görə, öncə adam bunu ürəyinə saldı, sonra ürəyi onun yolunu xəstəxanadan saldı, ondan sonra qazandı.

ANS MTRŞ-ni uddu. Əzmədən, çeynəmədən, bütöv-bütöv, əlli-ayaqlı. Anlayacağımız dildə yazsaq, Mirşahinin qazanma səbəbi əlini uzadanda lap yuxarılara çatdıra bilməsidir. Xidmətlərinin qarşılığını tələb etməyi bacarmasıdır. Teleradio Şurası qərəzli olaraq, tutarqasız halda “Hesabat”ı bağladı. Mirşahinin Xoşqədəm olmadığını unutdu. Adını “səmimi etiraf” qoyub üstündən 24 saat keçməmiş Ilham Əliyevin göstərişi ilə qərarını geri oxudu. Azərbaycanda qanunların işləməməsinə bundan gözəl nümunə ola bilməz. “Qulp”un Mübarizi milyon kərə təkrarladı: “Şah qanun deyil, qanun şahdır”. Dediklərinə özü də inanmadı, axırda ANS-dən “Rezonanas”a getdi. Azərbaycanda “ŞAH qanundur”, Mübariz, deyəsən, bunu qəbul edəndən sonra keçdin arxa cəbhəyə. MTRŞ-nin gərəksiz dövlət qurumu kimi bu böhranlı çağlarda ləğv olunmağı haqq etməsi göz qabağındadır. Məncə ANS, ayrıca Mirşahin bütün hallarda məhkəmə hədəsinin arxasında durmalıdır. “Hesabat” Pyer Rişarın “Oyuncaq”ı deyil. Məncə…

ANS tam müstəqil televiziya deyil. ANS tam dəqiq, qərəzsiz, vicdanlı deyil. Paxlava deyil, çoxüzlü, kubdur. ANS yalnız xalqa xidmət etmir – çünki Çingizin alnına yazılan döyüş indikilərin alınlarına yazılmayıb. Özlərinin etiraf etdiyi kimi, reklamçı (pul), mənim gördüyüm qədər siyasi hakimiyyət, hər ikisinin toplamında maddi gücə aparan reytinq üçün çalışırlar. Bunu yazır, üstündə də dururam. Amma ANS peşəkarlıq, televiziyonçuluq, xəbər xidməti baxımından Azərbaycandakı bütün telekanallardan öndədir. Teleefirdə “nəfəslik”dir. “Xarabalıq içindən çıxan milyonçu”dur. Mirşahin Ağayev ANS-in “sağ və sol beyin yarımkürəciyidir”. Sağ sağa işləyir, sol sola. Başı və dili itidir. Sözün hər anlamını, hər çalarını bilir. Sözün nəslini-nəcabətini tanıyır, tərbiyəsindən, əxlaqından xəbərdardır, hansı sərf edirsə, onu da işlədir. Bununla belə, Mirşahin qərəzlidir, efirdə neytral deyil. Dolayı və tikanlı, çoxmənalı ifadələrlə nişangahda olanları gözdən salır, hətta təhqir də edir. Göstəriş də verir, göstəriş də qəbul edir. On ilə yaxındır belə işləyir. Amma işləyir. Azərbaycan hansı qaydalarla idarə olunursa, elə işləyir. AzTV, ITV, Lider, Space, Xəzər-dəki rəhbər həmkarları kimi xəlvətə çəkilib dövlətin, insanların pulunu yeyib, adamların qanını içib kişilərin fəxrlə “balkon” dedikləri qarnını sığallayıb mürgüləmir, işləyir. Işləyənin ayağına daş dəyər, təki başına düşməsin.

ANS-ə yaraşan, zaman-zaman təsdiqlənən bir ifadə var: “Siyasətin ANS-i və ANS-in siyasəti”. Bunların hər ikisi güclüdür. 2015-ci il üçün “Ilin adamı”nın təkrar seçimi təminatdı, təzminatdı, ehtiyatdı. Nuşirəvan Məhərrəmli bunları gözə almalıydı. “Ilin adamı”nın reklam çarxı gedən günlərdə ANS-in “quyruğu”nu tapdamamalıydı. Özünü alçaltmamalıydı. Inciməsin deyə tüpürmək, yalamaq məsələsini qabartmıram. Sabah eşitsək ki, o da xəstəxanalıq olub, inanaram. Ürək sağ, sol beyin yarımkürəciyi deyil ki, zərbəni yaddaşından silsin, idarə olunsun. Hər ürək, hər zad nokaut zərbəsinə tab gətirməz. Əgər alışmayıbsa.

ANS-lə MTRŞ-nin qaçdı-qovdusu, deyəsən, finişə yaxınlaşır. Bu, dovşanla canavarın, Tomla Cerinin davası deyil. Hamı oyunun içindədir. Hamı oyunçudur. Oyunçu aparır. Gah o, gah da bu. Hər nədisə, MTRŞ-nin bir gecədə qərar dəyişdirməsi ilə Mirşahin Ağayevin keçirdiyi mətbuat konfransında “Bədbəxt adam” Eynulla Fətullayevlə yanaşı oturması eyni zibildir.

Azadə/azadlıq
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24