Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2016

Ev dustaqlığına buraxılan müstəntiq “türmənin qapısını döyür”

Ev dustaqlığına buraxılan müstəntiq “türmənin qapısını döyür”: “Doğru bildiklərimi yenə deyəcəm!”

Rüfət Səfərov həbs olunması prosesinin detallarını açıqladı

Prokurorluq orqanlarından siyasi bəyanatla istefa verən, yanvarın 15-də rüşvət alma ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilən, 1 həftədən sonra isə ev dustaqlığına buraxılan keçmiş müstəntiq yeni açıqlama ilə çıxış edib. R.Səfərov “Azadlıq” qəzetinə göndərdiyi yazılı açıqlamada həbs olunması prosesinə və ev dustaqlığına buraxılandan sonra ona qoyulan qadağaya aydınlıq gətirir. Onun yazdıqlarını təqdim edirik.

Ətrafımda cərəyan edən hüquqi proseslər əndrabadiliyi ilə fərqlənir. Bunun izahı hər nə qədər çətin olsa da imkanım həddində təfsir etməyə çalışacağam. Prokurorluq orqanlarından istefa verməyimin motivlərini yenidən açlqlamağa lüzum görmürəm, çünki bu xüsusda son 1,5 ayda kifayət qədər açıqlamalar olmuş, məsələnin obyektiv səbəbləri izhar olunmuşdur. Bu baxımdan, münasib bilirəm ki, həbs olunduğum gün, yəni 16 yanvar 2016-cı il tarixdə Baş Prokurorluğun rəhbərliyinin barəmdə qondardığı “hüquqi komediya”nı sujetlərini sizlərlə bölüşüm…

15.01.2016-cı il tarixdə, saat 11 radələrində məlum olmuşdur ki, Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyev mətbuat konfransı keçirərək barəmdə rüşvət almaya görə cinayət təqibinə başlanıldığına dair açıqlama veribdir. Mən həmin açıqlamanı soyuqqanlılıqla təqdir edib, irəli sürülən ittihamın məzmunu ilə tanış olmağı səbirsizliklə gözləməli oldum. Xoş oldu ki, bu gözləntim çox çəkmədi, elə həmin tarixdə, saat 14 radələrində istifadəmdə olan mobil telefona zəng gəldi: “Salam, Rüfət müəllim, Sizi narahat edən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin rəis müavini Emin müəllimdir. Mümkünsə, bu gün saat 17:00-da Sizi Baş İdarəyə dəvət edirik. Baş Prokurorluğun rəhbərliyi Sizinlə söhbət etmək istəyir.”,- deyə Emin müəllim bidirdi. Təbii ki, zəng məndən ötrü gözlənilməz oldu, lakin buna baxmayaraq, həmin müəllimdən dəvətin rəsmi, yoxsa qeyri-rəsmi xarakter daşıdığını öyrənməyə səy etdim. Cavabında isə “ Rüfət müəllim, qeyri-rəsmidir, heç bir istintaq hərəkəti olmayacaqdır, sadəcə, rəhbərlik Sizinlə görüşmək istəyir, tək gəlin, vəkilə-filana da ehtiyac yoxdur. Amma Baş idarəyə yaxınlaşanda mobil nömrəmə zəng edib xəbər edin ki, Sizi qəbulda gözlətməyək…”, – deyə Emin müəllim “xoşməramlı” niyyətdə bulundu. Belə olan halda, təbii ki, fürsəti fövtə verməyib, rəhbərliklə görüşməyə şövqlə yanaşdım, düşündüm ki, Baş Prokurorluq sistemində bərqərar olmuş hüquq adına hayqırı olan bəzi məsələləri canlı olaraq çatdıra biləcəyəm. Saat təxminən 17 radələrində yaşadığım evin qonşuluğunda yerləşən həmin idarəyə yollandım. İnsafən, deməliyəm ki, polis postunda xidmət edən əməkdaş məni yüksək ehtiramla Emin müəllimin xidməti kabinetinin kandarınadək müşayiət etdi… Onunla görüşdük, guya son günlər xarici ölkədə xidməti ezamiyyətdə olduğunu, məsələnin anatomiyası barədə malumatsız olduğunu əsas gətirib, rica etdi ki, istefamın səbəblərini, hansı qüvvələrə yaxın olduğumu ona izhar edim. Mən müstəqil vətəndaş olaraq qəbul etdiyim məlum qərarı şərtləndirən səbəbləri bir daha izah etdim, inandırmağa çalışdım ki, ölkəmizdə, məxsusən də qanunların eyni cür və dürüst icra edilməsinə nəzarət etməli olan prokurorluq orqanlarında vəziyyət acınacaqlığı ilə fərqlənir, səriştə, bilik, qabiliyyət arxa plandadır, əvəzində himayədarlıq, yerlibazlıq-traybalizm, maddiyyata dayanan mövqe ön plandadır. Çox yəqin ki, bu fikirləri ifadə edərkən proses “canlı yayım”la yüksək birilərinə yayımlanırdı. Bu, məni sövq etdi ki, fikirlərimi daha açıq tekstlə söyləyim, çünki bəlkə bir faydası olardı… Təxminən 30 dəqiqədən sonra Emin müəllim məni ehtiramla polis əməkdaşının müşayiəti ilə Baş İdarənin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad müəllimin yanına yola saldı. Rəşadla görüşəndə onun sifətinə hopmuş dərin ifadəyə baxdım və açığı özünə və halına yazığm gəldi. Nədənsə, “vajnyak” ilk olaraq şahid qismində dindirdi, 2 nəfər üzəduranın ifadələri barədə soruşdu, cavabında təbii ki, “rədd” cavabı aldı. Dindirmə bitdi, Rəşad məşvərət üçün böyüklərinin yanına qalxdı. Müəyyən təcrübəyə sahib istintaqçı olaraq yəqin etdim ki, bunların məni saxlamaq fikri yoxdur, əgər olsaydı, ən azı təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsastət və təqdimat əvvəldən hazır olmalıydı. Təxminən 1 saat sonra Rəşad dindirmə otağına daxil olub, gözlərini döşəməyə zilləyib, başını sağa-sola hərlədi. Onda duydum ki, rəhbərlik məni dəvət edərkən düşünüblər ki, bəlkə “islah olub”, “ağıllanar…” Amma “canlı yayım” bunun əksini ortaya qoydu…

Beləliklə, heç bir üzləşdirmə aparılmadan, şahid olmadan, sübut ortaya qoyulmadan, barəsində şikayət olunan və şikayət edəndən başqa 3-cü bir şəxs təqdim edilmədən qandallandım. Bu arada babat bir qəşş edərək “voronok”a əyləşdim, barəmdə həbs qətimkan tədbirinin seçilməsinin xahiş edilməsi barədə prokuror təqdimatının təmin olunması məqsədi ilə Binəqədi rayon məhkəməsinə gətirildim. Burda nə baş verdi? Hakim içəri daxil olanda həbs barədə vəsatət, təqdimat və ittihama dair fikrimi soruşdu. Cavabında “ Hörmətli tamaşaçılar, axşam tamaşasına xoş gəlmiziniz. Amma, əfv ediniz, səhnədəkiləri absurd teatrı sayıram!” – deyə reaksiya verdim və hakimdən rica etdim ki, vaxtı uzatmadan təqdimatı təmin etsin, yorğunuq, çünki, onun səlahiyyəti olsa belə, imkanı yox idi ki, özgə qərar qəbul etsin. Təbii ki, sifariş qəbul edən binəva hakim təqdimatı qəbul edib, vicdansızcasına “Təqsirləndirilən şəxs Rüfət Səfərov barəsində təqdim edilən təqdimat qismən təqdim edilsin, barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilsin!”.

Bu arada da onun sifətinə baxıban babat güldüm, hərçənd ki, qoca tarix acıyacaqdır! Bir gün Nərimanov rayon müvəqqəti saxlama yerində saxlanıldım. Ədalətçün deyim ki, münasibət və qayğı yüksəkliyi ilə fərqləndi. Ertəsi gün təcridxanaya etap edilərkən məni “voronok”un “odinoçka”sına zorla soxdular. Sanki xüsusi amansızliqla, tamah niyyəti ilə qətl törətmişdim… Təcridxanada da saxlanma şəraitimdən narazı qalmadım. Şükranlıq hissini duydum ki, heç demə, azadlıq hərəki mənada deyil, ruhi anlamda qavranılmalıdır. AZAD OLDUM! 1 həftəlik məhbəs həyatımda Allaha şükür etdim, özümü seçilmişlərdən sandım ki, haqq yolunda zindan həyatı əslində hürrüyyət ilə sinonimmiş ki, bu da hər kəsin nəsibi deyildir. Nə oldusa, 1 həftədən sonra ağır cinayətdə ittiham olunan təqsirləndirilən şəxs barasində həbsə alternativ olaraq ev dustaqlığı qətimkan tədbiri seçildi… Bax bu dəfə gülmək istəsəm də baş tutmadı, çünki Azərbaycan hüquq sisteminin nə qədər eybəcər vəziyyətdə olması məni kövrəltdi.

Hazırda isə ev dustağıyam. Mənə danışmağı qadağan edirlər, istəyirlər ki, susum, lal, kar, kor olum! Bəylər, elə ondansa ölmək daha əfzəl deyildirmi! Göz altına almışam, ən yaxın əzizləri, dostları, tanışları itirmək bahasına olsa belə, yenidən məhbəsə qayıtsam belə, yenə də doğru bildiklərimi söyləyəcəyəm! Nədir, mən azad fikrimi söyləyə bilmərəm? Həqiqət sandıqlarımı bölüşə bilmərəm? İnsanların dərdinə şərik dura bilmərəm? Niyə qorxursunuz? Əgər belədirsə, ev dustaqlığını yenidən həbslə əvəz edin! Ruhum hazırdır!
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı