Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2016

Hökumət nə vaxt xalqı düşünüb ki?

Elman Rüstəmov vətəndaşa güzəşt edilməməsinə necə haqq qazandırdı?

Ötən yazılarımızda da qeyd etmişdik ki, hökumət növbəti dəfə xalqı aldatdı və kredit borcu olanlara heç bir güzəşt edilməyəcək. Belə ki, bir müddət əvvəl şaiyə buraxdılar ki, kredit borcları bağışlanacaq. Ama sonra məlum oldu ki, yayılan məlumatın heç bir əsası yoxdur. Daha sonra birinci devalvasiya baş verdi və devalvasiyadan dəyən zərərin dövlət hesabına ödəniləcəyi bildirildi. Amma Konstitusiya Məhkəməsi xalqın gözləntisini boşa çıxartdı. Bunun ardınca 10 minə qədər olan kredit borclarına güzəşt ediləcəyi bildirildi və bu xəbər də reallığı əks etdirmədi. Sonuncu devalvasiyadan sonra isə hökumət belə bir şaiyə buraxdı ki, 5 minə qədər kredit borcu olan adamlara güzəşt edilməsi məsələsi qərara alınıb. Amma bu xəbər də yalan çıxdı. Belə ki, maliyyə naziri Samir Şərifov “Əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz, vətəndaşın qoyduğu əmanətin məbləği ona qaytarılacaq”- deyə bildirmişdi. Bəli, maliyyə naziri mesaj verdi ki, hökumət heç bir güzəşt etmək fikrində deyil.

Ardnca isə daha açıq mesaj Mərkəzi Bankın sədri Elman Rüstəmovdan gəldi. E.Rüstəmov deyib ki, kredit borcu olanlara güzəşt edilməsi maliyyə intizamını poza bilər və hökumət komandasının mövqeyi də belədir.

Göründüyü kimi, əvvəlcə müəyyən şaiyələr buraxdılar, insanların qəzəbini azaltmağa çalışdılar və sonda heç bir güzəşt etməyəcəklərini bildirdilər. Həm də güzəşt edilməməsi hökumət komandasının qərarı olub.

Deməli, ölkədən milyardlar oğurlamaq, bütün sahələri inhisara almaq, mənasız layihələrə milyardlar xərcləmək maiyə intizamını pozmur. Amma vətəndaşa 200-300 milyonluq güzəşt etmək maliyyə intizamını pozurmuş. Bəli, Qazaxıstan, Ukrayna hökumətləri xalqa güzəşt edəndə, devalvasiyanın zərərini ödəyəndə maliyyə intizamı pozulmur, amma Azərbaycan hökuməti xalqa yardım etsə maliyyə intizamı pozular. Avropa Oyunlarına 8 milyard xərcləyəndə, Formula-1 yarışlarına 150 milyon ödəməyə hazır olanda, xırda bir məmur 20 milyonu rahat oğurlayanda maliyyə intizamı pozulmur, amma 5000-ə qədər kredit borcu olanlara güzəşt məsələsi gündəmə gələndə bu, hökuməti əziyyətə salır.

Göründüyü kimi, vətəndaşı təhqir etməkdən, gözləntilərini puça çıxartmaqdan qətiyyən narahat deyillər. Milli valyutanı 130 faiz ucuzlaşdıranlar, qiymətləri 30-40 faiz bahalaşdıranlar, vətəndaşa güzəştdən imtina edirlər.

Amma Elman Rüstəmovun “hökumət komandası bu mövqedədir” deməsi qətiyyən sürpriz olmadı. Bu hökumətdən yalnız bunu gözləmək olardı. Ölkəyə 141 milyard neft pulu gələndə, geniş imkanlar olanda xalqa qayğı göstərməyən hökumət, böhran dövründə vətəndaşa qayğı göstərərmi? İnsanları şərləyib həbsə atan, mülkiyyətini mənimsəyən, hüquqsuzluq yaradan, saxta seçki keçirən, bütün məhsulları 20 dəfə baha qiymətə vətəndaşa satan hökumət, bu vətəndaşın əlindən tutub ayağa qaldırmaz. 100 milyardları mənimsəyib. 10 milyonları vətəndaşa qıymayan zehniyyətin idarəetməsində yaşayırıq.

Xalqa da bu qədər qəddarlıqdan, saymazlıqdan dərs çıxarmalıdır. Ona zərrə qədər qiymət qoymayan hökumətdən imtina etməlidir. Bir daha şahid olun ki, hökumət komandası sadə vətəndaşa güzəşt edilməsinin əleyhinə olub və baş bankir bunu açıq etiraf edir.

İlham Hüseyn/azadlıq
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber