Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2016

Rayonlarda aksiyalar bitdimi...

Sülhəddin Əkbər: “Kimsə gözləyirsə ki, ağ atlı oğlan gələcək və ölkəni bu böhrandan çıxaracaq, yanılır”.

Manatın devalvasiyasından bir müddət sonra - yanvarın 10-15-də ölkənin bir neçə rayonunda süni qiymət artımına və işsizliyə qarşı əhalinin etiraz aksiyaları keçirildi. Bütün ölkə ictimaiyyətində böyük rezonansa səbəb olan bu aksiyalar hakimiyyətin müdaxiləsi ilə dayandı. Artıq ajiotaj xeyli vaxtdır aradan qalxıb, sakitlikdir.

İlk baxışdan belə təəssürat yaranır ki, bütün problemlər artıq həllini tapıb və insanlar istəyinə nail olub ev-eşiklərinə çəkiliblər. Müşahidə olunan situasiya “Rayonlarda aksiyalar birdəfəlik bitmiş hesab edilə bilərmi?” sualını meydana çıxarır.

Bu barədə “Yeni Müsavat”a danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Azərbaycanda sosial etirazlar üçün obyektiv səbəblər var: “Sosial, iqtisadi problemlər nəinki həll olunmayıb, əksinə, yaxın aylarda daha da dərinləşəcək. Çünki başlıca səbəb dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə ölkəmizin gəlirlərinin kəskin azalmasıdır. Azərbaycanda korrupsiyanın, inhisarçılığın səviyyəsi, işsizliyin sürətlə çoxalması da bura əlavə olunsa mənzərə tamamilə aydın olur. Odur ki, sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşacaq. Vəziyyətin yaxşılaşması üçün mən ciddi bir səbəb görmürəm. Hakimiyyət çıxış yolları axtarmağına axtarır, amma adekvat çıxış yolu tapıldığını mən görmürəm. Yanlışlıq odur ki, hakimiyyət istəyir bu böhranı yaratmış komanda ilə bu böhrandan çıxsın. Korrupsiya və inhisarçılıq əleyhinə ciddi işlər həyata keçirmək barədə qərarlar qəbul olunur. Korrupsioner və inhisarçı məmurlarmı qəbul olunan qərarı və qanunu yerinə yetirəcək? Korrupsiyaçı və inhisarçı məmurlardan öz əleyhinə olan qərarları, qanunları həyata keçirməyi gözləmək nə dərəcədə məntiqlidir? Nə qədər ki, köklü demokratik islahatlar həyata keçirilməyib, vəziyyətdən çıxış yolunu görmürəm”.

S.Əkbər köklü demokratik islahatlar olmayacağı halda əhalinin etiraz aksiyalarının hər an gözlənildiyini dedi: “Hakimiyyət hökuməti tam tərkibdə buraxmalıdır, Nazirlər Kabinetinin say tərkibi üç dəfə azaldılmalıdır, strukturunda ciddi dəyişikliklər olmalıdır, demokratik islahatçı hökumət təşkil olunmalıdır. Hökumət təkcə Yeni Azərbaycan Partiyasının nümayəndələrindən ibarət olmamalıdır. Hökumət Azərbaycanın intellektual, vətənpərvər kadrlarından təşkil olunmalıdır ki, ölkəni bu vəziyyətdən çıxarmaq mümkün olsun. Demokratik islahatlar və ictimai nəzarət şurası yaradılmalıdır. Bu, qeyr-hökumət təşkilatı olmalıdır, müstəqil olmalıdır, statusu Milli Məclis tərəfindən müəyyənləşdirilməlidir. Üçüncüsü, parlament buraxılmalıdır. Parlament ölkədəki hazırkı vəziyyətə adekvat deyil. Bu cür vəziyyətlərdə proseslər Milli Məclisdə müzakirə olunur. Yeni və demokratik seçkilərlə formalaşmış parlamentə ehtiyac var. Qeyd olunan köklü dəyişikliklərdən qorxmaq lazım deyil. Əksinə, bu dəyişikliklərin olmamasından qorxmaq lazımdır. Çox ciddi islahatlar, dəyişikliklər olmadan kimsə gözləyirsə ki, ağ atlı oğlan gələcək və ölkəni bu böhrandan çıxaracaq, yanılır”.

S.Əkbər vurğuladı ki, rayonlarda iki həftə əvvəl müşahidə olunan etiraz aksiyalarının dayandırılmasına aldanmaq, artıq hər şeyin yoluna düşdüyünə, bundan sonra etirazların olmayacağına inanmaq özünü aldatmaqdır: “Nə qədər ki, yuxarıda qeyd etdiyim dəyişikliklər və digər ciddi islahatlar reallaşdırılmayıb, əhalinin etiraz aksiyalarının başlanması hər an gözləniləndir. Yəni heç kim hesab etməməlidir ki, əhalinin etirazları olmayacaq. Narazılıq getdikcə artacaq və yeni şərait məcbur edəcək ki, yeni qüvvələr ortaya çıxsın”.
744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03