Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2016

Neft niyə biyan kötüyü qədər də olmadı?

Neft niyə biyan kötüyü qədər də olmadı? Cəmil Həsənlidən mühüm sual

SOCAR nefti niyə hətta Rusiyadakılardan da baha çıxarır?

Milli Şuranın sədri Cəmil Həsənli ölkənin bir nömrəli gəlir mənbəyi, başlıca təbii sərvəti neft haqında qanunun qəbul edilməməsi, SOCAR-ın hasilat qiymətinin şübhəli bahalığı barədə feysbuk səhifəsində qeyd paylaşıb.

Cəmil Həsənli yazır ki, ölkəmizin yeganə həyat mənbəyi olduğundan neftin hasilatı, istehsalı, nəqli və satışı ilə bağlı çoxlu suallar var. Bunlardan ən mühümü indiyə qədər Azərbaycan büdcəsinin başlıca gəlir mənbəyi olan neft haqqında baza qanununun qəbul edilməməsindən ibarətdir.

“Vaxtilə mən Milli Məclisin üzvü olarkən dəfələrlə bu məsələni parlament iclaslarında qaldırdım. Əvvəlcə məsələnin vacibliyini etiraf edib parlamentin təbii ehtiyatlar komissiyasına belə bir qanun layihəsinin hazırlanması tapşırığı verildi. Lakin sonra səssiz-səmirsiz məsələ qapandı və neft haqqında baza qanun qəbul edilməsi məqsədəuyğun hesab edilmədi. İndiyə qədər Azərbaycan neftinin hüquqi statusu qanunla tənzim edilmir. Halbuki, ölkənin iqtisadi həyatına cüzi qatqısı olan duz, onun yodlaşdırılması, biyan kötüyü və bu qəbildən olan digər təbii ehtiyatlar haqqında parlament qanunları qəbul edilib. Biz yeganə neft ölkəsiyik ki, vətənimizi ayaqda saxlayan bu təbii məhsul haqqında baza qanun qəbul edilməyib”, – deyə Milli Şura sədri qeyd edib.

Cəmil Həsənliyə görə, əslində, neft hasilatı, istehsalı və neft gəlirləri sahəsində şəffaflığın olmaması xeyli dərəcədə qeyd edilən baza qanununun olmaması ilə bağlıdır: “Bir anlığa diqqət yetirin: son günlər neftin hasilatının və nəqlinin maya dəyəri ilə bağlı SOCAR rəhbərliyi maraqlı açıqlama verdi. Bu açıqlamadan aydın oldu ki, Azərbaycan neftinin maya dəyəri təxminən 20 dollara bərabərdir. Əslində, bu çox yüksək bir rəqəmdir. Soyuq təbii şəraitdə çıxarılan Rusiya neftinin maya dəyəri SOCAR rəhbərliyinin elan etdiyi rəqəmdən 4 dollar aşağıdır, yəni 16 dollara bərabərdir. Deyə bilərlər ki, ölkəmizdə çıxarılan neftin ağırlıq mərkəzi dənizdəki yataqların payına düşür və həmin səbəbdən məhsulun maya dəyəri yüksək olur. Bu halda Xəzər yataqlarında hasilatla məşğul olan xarici şirkətlərin, ilk növbədə BP-nin Azərbaycan neftinin maya dəyəri ilə bağlı ictimaiyyətə açıqladığı rəqəmlərlə SOCAR-ın rəqəmləri arasında da kəskin fərqlər mövcuddur. Məsələn, işçilərinə Azərbaycan neft şirkətindən təxminən 3-4 dəfə artıq əmək haqqı verən xarici şirkətlər eyni yataqlardan nefti 6 dollara hasil edib, təxminən 7 dollara sahilə çıxarır, aşağı-yuxarı 11 dollara Ceyhan limanına çatdırdığı halda, nədən bu xərclər SOCAR-a 20 dollara başa gəlir. Sizcə neft hasilatının maya dəyərindəki belə kəskin fərq nə ilə bağlı ola bilər?”.
984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber