Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

“10 milyard dolları qısa zamanda əjdaha iştahı ilə də yemək mümkün deyil”

Tanınmış vəkil Samir Şərifovu ifşa etdi: “Elə ki, danışmağa başladı…”

Böhran başlayandan fikirləşirdim ki, niyə bu hakimiyyət öz nümayəndələrini əhalini sakitləşdirmək, izahat vermək üçün TV-lərə çıxartmır. Sən demə “mal mənimdir, kəramətinə bələdəm” deyimindəki kimi bu hakimiyyət də öz məmurlarını bizdən yaxşı tanıyırmış. Bunlardan ən yaxşı hesab etdiklərimiz belə ekranlarda danışdıqca özlərini batırırlar. Hakmiyyət təmsilçiləri arasında, mətbuatın formalaşdırdığı fikrə əsasən, mən də hamı kimi Samir Şərifovu işini bilən, təvəzökar birisi kimi tanıyırdım. Yanılmışam, özü də çox! Deyim niyə?\
Samir Şərifov danışdıqca özünün kim olduğunu, başqa məmurlar kimi bu hakimiyyətə layiq olduğunu göstərdi. Bu insan maliyyə naziridir, yəni pulların büdcəyə daxil olması, yığılması, oradan bölüşdürülməsi, xərclənməsi bunun başçılığı ilə həyata keçirilir. Baş verənlərdə onun da günahı hamı kimi mənə də bəlli idi. Ancaq susduğundan günahının qədəri bilinmirdi. Elə ki, danışmağa başladı, gördüm ki, bu da bizləri avam yerinə qoyub əməlli başlı dolayır. Beynəlxalq Bankla bağlı elan elədi ki, “pulları sadəcə oğurlayıblar”. Soruşuram, 51 faizi dövlətə məxsus olan bankın idarəçiliyində Maliyyə Nazirliyi yüksək səviyyədə təmsil olunurdu. Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan, bu qurumda əsas söz sahibi isə Maliyyə Nazirliyidir. Təxminən 10 milyard dolları isə qısa zaman kəsiyində əjdaha iştahı ilə də yemək mümkün deyil. Bu müddət ərzində kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı, niyə susurdu və indiyədək adekvat addımlar niyə atmırdı? İndi ali orqan Müşahidə Şurası ola-ola hər şeyi bu gün həbsdəki, sadəcə icraçı olan Cahangir Hacıyevin üstünə atmaq, yıxılanı baltalamaq nə qədər məntiqə və əxlaqa uyğundur.
Qısa zaman ərzində insanlar illərcə yığdıqlarını iki dəfə itirdilər, götürdükləri kreditlər iki dəfə artdı. Sığortalanan 30 min manatdan yuxarı əmanəti olanlar avtomatik şəkildə illərlə qazandıqları vəsaitləri itirirlər. Hətta Əmanətlərin Sığortalanması Fonduna arxayın olub banka əmanət yerləşdirənlər belə itirirlər. Bu gün bir-birinin ardınca bankların lisenziyaları ləğv edilir. Bu banklarda 21 dekabr devalvasiyasınadək 30 min dollar pulu olan insan sığortaya ümid edirdi, çünki məbləğ təxminən sığorta olunan vəsaitə uyğun gəlirdi. İndi isə ona rəsmi məzənnə ilə yalnız 18 min dollar ödəyəcəklər. Aradakı 11-12 min dollarlıq fərq isə itəcək. Bu soyğunçuluq, talançılıq, oğurluq deyilsə, bəs nədir?! Bundan sonra Samir Şərifovun Natig Jafarlinin təbirincə desək İstiQrazlar nağılına kim inanar?
Mənə ən çox təsir edən, bu məqaləni yazmağa vadar edən isə Samir Şərifovun “banklar xeyriyyəçilik edə bilməz, bank bir tərəfdən borc verirsə, digər tərəfdən də əmanət saxlayır. Biz çalışırıq ki, sosial ədalət prinsiplərini pozmayaq” deməsidir. Mən də soruşuram, Samir Şərifov, siz hansı sosial ədalət prinsipdən, xeyriyyəçilikdən danışırsınız? Azərbaycan xalqı sizə necə illərdir xeyriyyəçilik etmədimi? Sizlərə xaricdə yüz milyonlarla varidat toplamağa dözdü. Hesab etməyin ki, insanlar hər büdcədən ayrılan pullardan faizlərin elə yerindəcə nazirliyə getdiyini bilmirlər. Siz də əziyyət çəkib insanların dollarla olan kreditlərin bu gün onlara hansı fəlakətlər gətirdiyini bilin və insanları bu vəziyyətdə necə salmısızsa eləcə də çıxarın.
İsti kabinetlərdə, bahalı kreslolarda oturmaqdan, lyuks maşınlarda kortejlə şütüməkdən, ekranlarda ağıllı-ağıllı insanlara qənaət dərsi keçirməkdən vaz keçin. Özünüz qənaətçil olun, qarın kəmərlərini qısaldın, NazLifanlara oturub bu insanları saldığınız vəziyyətdən çıxarın.

Aslan İsmayılov, tanınmış hüquqşunas
932 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56