Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

Bəxtəvər hakimiyyətimiz

Xalqı bilmirəm, amma bizim hakimiyyət bəxtəvərlik sahəsində dünyada birinci yeri tutur. Heç kəs və heç nə onun xoş ovqatını təlx edə bilməz.

Neft ucuzlaşır. Onun “qazancı” azalacaq? Əsla yox. Xalqın çörək payı kiçiləcək.

Sumqayıtda qızcığaz anasından “həkimə verməyə pulumuz yoxdur” eşidib özünü dənizə atır və boğulur. Elə bilirsiniz hakimiyyət bunu eşidib ruhən sarsılır? Əsla yox. Hakimiyyət xalqın cibinə girmək barədə daha dərindən düşünür. Bunun ən rahat üsulu xaricdən borc alıb, həmin borcu xalqın belinə şələləməkdir.

Prezident müşavirə keçirir. “Volqa çayı Xəzər dənizinə tökülür” səpgili analoqu olmayan dərin fikirlər səsləndirir. Nazirlər çalışqan şagirdlər kimi başlarını aşağı salıb, onun dediklərini kağıza köçürürlər. Bəziləri hətta gərginlikdən dilini çıxarıb.

Müşavirə deyil, imla dərsidir. Müşavirədə hamının fikir söyləmək hüququ olur. Prezidentin müşavirəsində tək özü danışır. “Müəllim” imla deyir, “şagirdlər” yazır.

Maraqlıdır, “şagirdlər”in qafalarında hansı fikirlər dolaşır? Bax, bu koppuş nazir görəsən nə düşünür? Fil-filo! Cadugər onun fikirlərini mənə aşkarlayır! Nə gözəl fikirdir!

“Caniki uddum. Mən deyirdim Prezident 15-ci dəfədir bizi rüşvət almamağa çağırır, Canik deyirdi 13-cü dəfədir. Tapşırdım, mətbuat xidmətim Az.TV-dən bütün verilişləri götürdü, günüynən-saatıynan. Mən deyən düz çıxdı. Canik mənə qonaqlıq uduzdu. Məsələ qonaqlıqda deyil, adam gərək “vnimatelni” olsun, prezidentin bütün çağırışlarını yadda saxlasın”.

Əgər kimsə bu “şagirdlər”in yazılarını götürüb yoxlasa, bəlli olar ki, onların əksəriyyəti imladan yalnız və yalnız “iki”yə layiqdir. Lakin söhbət imladan getmir, onlar rəhbərlik etdikləri sahələrdə də “iki”lik işləyirlər.

Belə olmasaydı, ölkənin vəziyyəti bunca acınacaqlı olmazdı.

Dövlətdə əks-əlaqə yoxdur. Yuxarıların avazı yaxşı gəlir, fəqət, işlər get-gedə pisləşir. Yuxarıların bundan guya xəbəri yoxdur.

Güc nazirlikləri cinayət yuvasıdır. Paqonlar sanki zirehdir, caniləri qanundan və cəzadan qoruyur. DİN-də Hacı Məmmədov işini, MTN-də Eldar Mahmudov işini ağartdılar. MN-də isə Səfər Əbiyev işini ağartmadılar.
Statistika Komitəmiz əyani sübutdur. Nəyə? Məşhur bir deyimə: “Var yalan, var ağ yalan, bir də var statistika”.

Təhsil Nazirliyi var və işləyir. Təhsil zaydır və zaylaşır.

Səhiyyə Nazirliyi var və ona xeyli vəsait xərclənir. Bacarıqlı və peşəkar bəzi həkimləri nəzərə almasaq, səhiyyə sistemi zaydır və zaylaşır.

Cənubi Qafqazda hərdən güclü qəhqəhə eşidilir. Nə vaxt? “Azərbaycan qüdrətli dövlətdir. Azərbaycanın qüdrətli ordusu var” – deyiləndə. Qəhqəhə xüsusilə Qarabağda güclü səslənir. Ermənilər bizi lağa qoyur.

Maliyyə naziri, deyilənə görə, öz sahəsini bilir. Çox gözəl. Fəqət, başqa sahələrdə susması poeziyadır. O gün deyib ki, dollarla borc alanlara güzəşt olmamalıdır, zira “bank xeyriyyə cəmiyyəti deyil”.

Ondan soruşan gərək, bank xeyriyyə cəmiyyəti deyilsə, bəs hökumət nədir? Çibgir və dələduz dəstəsi? Dollarla borc alan adam elə bilirdi ki, hökumət iqtisadi proseslərə nəzarət edir və oyun şərtlərini dəyişməyəcək. Amma hökumət bivecliyindən və bədxərcliyindən maliyyə qıtlığı ilə üzləşdi və nə etdi? Sadə xalqın cibinə girdi, manatı ücüzlaşdırdı. İşçinin məvacibinin dəyəri dollarla ölçüləndə ikiqat düşdü. Hökumətin yaratdığı sabit bir şəraitdə borc alan vətəndaş həmin borcu hökumətin yaratdığı tam fərqli şəraitdə qaytarmalı olursa, bunun günahı kimdədir? Hökumətə inanmış sadə vətəndaşda, yaxud vətəndaşı aldatmış hökumətdə?

Milli Məclisin sədri deyib ki, “borcluları düşünənlər bankirləri də düşünsünlər.” Bu, “imama yüz ağlayan, bir də Yezidə ağlasın” məsəlini xatırladır. Mən də məsləhətə qulaq asıb, başlayıram ağlamağa. Nəyə? Bankirin iztirablarına. Yazıq neynəsin, neçə vaxt idi ki, öz cındır “Mazerati” maşınını “Bentli” yə dəyişmək istəyirdi, indi bu zıqqı borclular dirənib güzəşt tələb edirlər. Nə yaxşı ki, maliyyə naziri və spiker borclu vətəndaşların deyil, bankirlərin tərəfini saxlayır...

İqtisadiyyatımız guppultu ilə yerə dəyəndən sonra regionların gur inkişafı haqqında nağıla daha qulaq asmaq istəyən yoxdur. Ölkədə hakimiyyətin analoqu olmayan inkişaf nağılını ələ salmamış adam qalmayıb.

Dövlət mətbuatını heç kim oxumur , dövlət TV-nə heç kim baxmır. Hakimiyyət bunları anlayırmı? Əsla, hələ də zopaya ümid edir. Bilir ki, zopa ümidi doğrultmasa, növbə qurşuna çatacaq. 20 Yanvar örnəkdir, hər dəfə kiçik miqyasda təkrarlanır. Lazım gəlsə, onun analoqu olmayan geniş versiyası da tamaşaya qoyula bilər.

Azərbaycanda milli xüsusiyyətlərin təsirindən sosializm çox kələ-kötür, əyri-üyrü idi. Həmin milli xüsusiyyətlərin təsirindən kapitalizm də hədsiz yırtıcı, hədsiz həyasız, hədsiz biabırçı alınıb.

Neynəyəsən? Milli xüsusiyyətlər çox güclü, lap güclü şeydir. Sevgi kimi, ölüm kimi, ehtiyac və pul kimi...

Zərdüşt Əlizadə
1709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber