Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Qəbələdəki qətldən yeni xəbər

Hadisəni törədən şəxsin psixi xəstə olması haqda arayışı var?

Bir neçə gün əvvəl Qəbələ şəhərində silahlı insident baş verib. Ariz Rəsulzadə Vinçesterlə ilə ortağı Eldar Kərimovu və Vasif Dadaşovu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib. İlkin məlumata görə, hadisəyə A. Rəsulzadə ilə E. Kərimov arasında mövcud biznes sövdələşməsi səbəb olub
Belə ki, E. Kərimov və A. Rəsulzadə ortaq olublar, sonradan bu ortaqlığa son qoyublar. Bütün məsələlər də bundan sonra başlayıb. Hər iki şəxs birgə işlətdikləri mağazadakı paylarını bölüşdürmək üçün məhkəməyə müraciət edib. Məhkəmə mağazanın E. Kərimovda qalmasına qərar verib. Lakin A. Rəsulzadə məhkəmənin qərarına məhəl qoymayıb. Bu gün məhkəmə icraçıları mağazaya gedərək A. Rəsulzadəyə oranı boşaltmağı tövsiyə ediblər. Bu zaman iki ortaq arasında mübahisə düşüb və sonuc güllələnmə ilə nəticələnib. Polisdən həmçinin bildirilib ki, hadisəni törədən A. Rəsulzadə saxlanılıb. 
Ancaq “Bizim Yol” un əldə etdiyi məlumata görə, hadisəni törədən Ariz Rəsulzadə Hacı Rahim adlı iş adamının əmisi oğludur. Eldar Kərimovu da şərikliyə cəlb edən Hacı Rahim olub. Məlumata görə, Eldar Kərimov rayondakı bazarda ayaqüstü xırda alverlə məşğul olub, çay, yağ və sair satıb. Sonradan Hacı Rahim onu öz yanına işə gətirib. Bir müddətdən sonra Kərimova inanan Hacı Rahim “Qəbələ” Ticarət Mərkəzini onun adına rəsmiləşdirib. Aralarında mübahisə düşdüyü zaman isə Eldar Kərimov əmlakın ona məxsus olduğunu iddia edib. İş məhkəməyə gedib. Məhkəmə dəfələrlə işə baxıb. Həm Qəbələ rayon Məhkəməsi, həm Şəki Apelyasiya Məhkəməsi Eldar Kərimovu haqlı çıxarıb. Rayondakı mənbədən aldığımız məlumata görə, Hacı Rahim və Ariz Rəsulzadə sonuncu məhkəmə prosesindən çıxdıqları zaman Eldar Kərimova barışıq təklif ediblər və halallıq istəyiblər. Ancaq Eldar Kərimov razılaşmayıb. Bundan sonra Ariz Rəsulzadə evə gedərək Vinçester tipli ov tüfəngini avtomobilinə qoyub və “Qəbələ” Ticarət Mərkəzinə gəlib, Eldar Kərimova atəş açıb. Bu zaman Eldar Kərimovla yanaşı orda fəhlə işləyən Bum qəsəbə sakini Vasif Dadaşov (yaxın çevrədə Əhsən də çağırırlarmış), eləcə də bir müştəri güllə yarası alıb. Eldar Kərimov və Vasif Dadaşov həlak olub. Müştəri isə yaralanıb. Ariz Rəsulzadənin Eldar Kərimovdan başqa kimsəni qətlə yetirmək fikrinin olmadığını bildirirlər. Eyni zamanda rayondakı mənbələrin məlumatına görə, Ariz Rəsulzadənin ruhi xəstə olması ilə bağlı tibbi arayışı da var və o, polis tərəfindən saxlandıqdan, barəsində məhkəmə həbs qərarı verdikdən sonra psixi durumunun yoxlanması, ruhi xəstə olub-olmamasının araşdırılması ilə bağlı Şəkiyə etap edilib. O da məlum olub ki, Hacı Rahimin şəhərdə başqa ticarət və xidmət obyektləri də var. Hətta  hələ Sovet dönəmidən qalan 4 mərtəbəli “Qəbələ” otelini də özəlləşdiribmiş. O da deyilir ki, Hacı Rahimin “Azərsun Holdinq”in məhsullarının satışı ilə məşğul olub.
1635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber