Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2016

"Bu qədər borcu olan hökumət heç özünü yandırmaq, göldə boğulmaq fikrinə düşmür"

Bataqlıq bayramına sözardı

2 fevralın Azərbaycanda “Gənclər günü” kimi qeyd olunması hər dəfə yadımdan çıxır, ancaq bir gün sonra duyuq düşürəm. Səbəbi isə burda gənclərin adam yerinə qoyulmamasıdır. Elə dünən də hardasa xəbər oxudum: Azərbaycanda hakimiyyətin (nazirlər, sədrlər və sairə) orta yaşı 58 imiş. Necə deyərlər, bunların tayları ya pensiyaya çıxıb, ya da “torpaq şöbəsində” çalışır...

Ümumiyyətlə, hansısa iclasın tarixinə görə 2 fevralı gənclərin günü elan etmək absurdun yekəsidir. Bunun nə mənəvi, nə tarixi, nə də təbii əsasları var. Havanın soyuq, boz, şaxtalı, təbiətinsə ölü vəziyyətdə olduğu fevral gününü necə gənclərə aid eləmək olar? Heç olmazsa yazın, yayın işıqlı, qaynar günlərindən birini elan edərdilər, gənclərdə bayram ovqatı yaranardı.

Ancaq mütləq fevrala dürtmək lazım idisə, təklif edərdim heç olmazsa 14 fevrala salınsın. Bizdə bənzər təcrübə vardır. Dünya azərbaycanlılarının həmrəylik günü kimi mənasız bayramı 31 dekabra - Yeni il bayramının içinə soxmasaydıq bir adamın yadına düşməzdi belə bayram keçirilir. İndi gənclər günü də 14 fevralda olsa Sevgililər gününə qatıb təntənəli qayırmaq mümkün idi.

Yeri gəlmişkən, 2 fevral dünya üzrə Beynəlxaq Bataqlıq və Su hövzələri günü kimi qeyd edilirmiş. Necə də simvolikdir. 2 fevral elə bizdə də gənclərin, gələcəyə ümidlərin yapizm bataqlığında batırıldığı gündür. 23 ildir bu bataqlığın çürüntülərinin qoxusu aləmə üfunət yayır, insanlar palçıq üzərində köpük qabarcıqları buraxıb boğulur, qurbağalar isə dayanmadan telekanalizasiya efirində quruldaşırlar. Bəlkə biz bu iki bayramı calaq edib 2 fevralı “Gənclər və bataqlıq günü” adlandıraq?

Özü də prinsipcə bəzi yapist gənclərə baxanda qocalara şükür edirsən. Bizim dərdimiz sistemli dərddir, bunun yaşa dəxli yoxdur. İlhamə Quliyeva demişkən, yaşın nə fərqi var? Təki səni sevən olsun. Bax, elə İlhamə Quliyevanın keçmiş qulluqçusu ilə münaqişəsi bu cür sistem problemidir. Qulluqçu deyir müğənni məni az qala öldürəcəkdi. Müğənni isə bunu belə orijinal üsulla təkzib edir, deyir yalan danışır, imkanım olsaydı onu tikə-tikə doğrayardım. Biz tikə-tikə yox, hətta doğrayaram cəhənnəmə, adicə “d” hərfi yazsaq bizi tuturlar, bu isə elə bil məşhur “Mişar” qorxu filmini çəkir.

Amerika və Kanadada 2 fevralı yaxşı adlandırıblar: Porsuq günü. Onlarda nəsə porsuğa oxşar bir heyvan var, 2 fevralda onun yuvadan çıxıb özünü aparmasına baxıb yazın haçan gələcəyini müəyyən edirmişlər. Bizdə porsuqlar hər yerdədir, biz bu üsulla yazın gəlişini tapa bilmərik. Üstəlik, bizdə həmişə qışdır. Hətta müəllifi yadımdan çıxmış belə bir əsərimiz də olmalıdır: “Yayda qartopu oyunu”. (Sonra internetdən, Google ilə tapdım, Vaqif Səmədoğlunun dram əsəri imiş - Z.H.).

Yaşın fərqi yoxdur, fəsilin də fərqi yoxdur. Heç bilmirsən təskinlik üçün nə yazasan. Dünən bir qadının ailənin borclarına görə özünü yandırdığını oxuyub pis oldum. Məkan Ağcabədi. Qadın 52 yaşda. Bu, həmin yerdir: deputatı krizisdən çıxmaq üçün soğan əkməyi məsləhət görmüşdü. Keçən ilin dekabrında gədəbəyli 57 yaşlı qadın da özünü yandırıb ölmüşdü. Səbəb ailə borcları idi. Başqa intihar Neftçalada olmuşdu. Yenə ailənin borcları üzündən ana səhər, hamı yatarkən evdən çıxıb yaxınlıqdakı göldə özünü boğmuşdu.

Hakimiyyət isə antiböhran tədbirlərini davam etdirir. Eynilə Brejnevin məşhur “Mumu” lətifəsindəki kimidir: manatı Mərkəzi Bank öldürüb, ancaq “Texnikabank”ı bağladılar. Niyə axı? Yaxşı olmazmı elə bivec idarələr birinci bağlansın? Guya Mərkəzi Bank bizim nəyimizə lazımdır? Onsuz gecələr Beynəlxalq Valyuta Fonduna zəng vurub pul istəyirik.

Maraqlıdır ki, bu qədər borcu olan hökumət heç özünü yandırmaq, göldə boğulmaq fikrinə düşmür. Millət ona baxıb örnək götürsə yaxşı olardı.

Zamin Hacı/musavat
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15