Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Hacı Məmmədov Elmar Hüseynovun qətli barədə nələr yazıb?

Dəstə başçısının Ali Məhkəməyə məktubunda şok etiraflar var

Daxili Işlər Nazirliyinin (DIN) keçmiş baş əməliyyat müvəkkili, çoxsaylı adam oğurluqları və qətllər həyata keçirmiş dəstənin başçısı Hacı Məmmədov bir müddət əvvəl Ali Məhkəməyə müraciət etmişdi. Dəstə başçısının məktubunda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı məsələ də öz əksini tapıb. Bu barədə “Azadlıq”a məhkəmədən məlum olub.

Hacı Məmmədov yazıb ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ondan bu qətlin icrasını öz üzərinə götürməyi, sifarişçi kimi isə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adını çəkməyi tələb edib. Məhz bu tələbdən sonra o, Fərhad Əliyevin üzünə durub. Hacı Məmmədov qeyd edib ki, qətlin onun tərəfindən törədilməsi, sifarişçinin isə Fərhad Əliyev olduğu barədə vaxtilə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.

Xatırladaq ki, bu dəstənin cinayətlərilə bağlı 2006-cı ildə keçirilən məhkəmə iclaslarının birində Hacı Məmmədov qəfildən məhkəməyə müraciət edərək, Elmar Hüseynovun qətlinin onun bandası tərəfindən həyata keçirildiyi barədə açıqlama verdi. Bildirdi ki, bu qətlin sifarişini keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev verib.

Qeyd edək ki, Hacı Məmmədov bu açıqlama ilə çıxış edərkən Fərhad Əliyev də dövlət çevrilişi ittihamı ilə həbsdə idi. Onların hər ikisi o zaman MTN-in istintaq təcridxanasında saxlanılırdı.

Hacı Məmmədovun bu açıqlamasından dərhal sonra MTN-də onun dedikləri əsasında istintaq hərəkətləri başlandı, Hacı Məmmədov Fərhad Əliyevlə üzləşdirildi. Üzləşmədə də banda başçısı keçmiş nazirin üzünə duraraq, qətlin sifarişinin onun tərəfindən verildiyini bildirmişdi.

Fərhad Əliyev isə bu ittihamı rədd edir, deyilənlərin əsassız olduğunu bildirirdi.

Qeyd etdiyimiz kimi, bu iş üzrə müəyyən istintaq hərəkətləri aparılsa da, nəticəsiz qaldı.

Hacı Məmmədov Ali Məhkəməyə məktubunda həmçinin DIN-in Baş Cinayət-Axtarış Idarəsinin keçmiş rəisi Zakir Nəsirovun da günahsız olduğunu, keçmiş MTN rəhbərliyinin göstərişilə onun üzünə durduğunu yazıb.
612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber