Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2016

Cəmil Həsənli hökumətin “anti-böhran tədbirini” darmadağın etdi

“Böyük neft vəsaitləri sağa-sola dağıdıldıqdan sonra əhalinin yastığı altında qəpik-quruş axtarırlar”

Milli Şura sədri Cəmil Həsənli feysbuk səhifəsində hökumətin ölkədə maliyyə sisteminin sabitləşdiyi və böhranın tormozlandığı haqda optimist açıqlamalarına münasibət bildirib. Cəmil Həsənli yazır:

Maliyyə Nazirliyi ölkənin pul-kredit sisteminin sabitləşdiyi, böhranın səngidiyi, ölkənin kifayət qədər maliyyə ehtiyatlarına malik olması haqqında optimist məlumatlar verib. Nazir Samir Şərifov televiziyalara verdiyi müsahibəsində bəyan etdi ki, çox yaxın günlərdə bazara istiqrazlar təqdim olunacaq. O dedi ki, “Bu istiqrazlar üzrə yüksək faiz ödəyəcəyik. Mən vətəndaşları dəvət edirəm ki, evdə yastıqlarının altında saxladıqları manatları bu istiqrazlara qoysunlar. Biz yüksək faiz ödəyəcəyik. Bu faizlər inflyasiyandan bir qədər yuxarı olacaq. İnflyasiya 10 faizdirsə, biz 11-12 faiz verəcəyik”.

Böyük neft vəsaitləri sağa-sola dağıdıldıqdan sonra Mərkəzi Bankın rəhbərliyi ilə maliyyə naziri əhalinin yastığı altında qəpik-quruş axtarır və yastıq siyasəti ilə maliyyə böhranına çarə qılacaqlarına ümid bəsləyir. İndi əhalinin haqqı var soruşsun ki, cənab nazir rəsmi hökumət dairələrinin verdiyi vədlərə inanaraq qara gün üçün qənaət edib topladığımız manatları dövlət banklarına və dövlət tərəfindən lisenziyası olan banklara qoymuşduq. Onların axırı necə oldu? Mərkəzi bank rəhbərliyinin əhalini arxayınlaşdırmasına baxmayaraq ötən ilin 21 fevral və 21 dekabrında qəflətən keçirilmiş iki devalvasiya xalqın bank vəsaitlərini iki dəfə dəyərsizləşdirdi. Olan-qalan pulunu da adamlar banklardan ala bilmir. İndi istiqraz vədlərinə kim inanar? Əhlinin halal-hümmət pulunu banklarda dəyərdən salıb indi yastıq altında vəsait axtarıb istiqraz bazarı yaratmaq nəyi dəyişəcək?

Maliyyə naziri 2015-ci ilin büdcə ilində təxminən 2, 5 milyard manat vəsaitə qənaət olunduğunu bildirir. Əhalinin milyardlarla manat vəsaiti banklarda iki dəfə dəyərdən düşür, dövlət yaxasını kənara çəkib bunu kompensasiya etməyin yollarını axtarmır, əvəzində ötən ilin büdcə vəsaitlərinə qənaət etməyi uğur kimi təqdim edir. Elə həmin maliyyə naziri ölkənin pul-kredit sisteminin sabitləşməsinin anonsunu verəndə ölkədə bütün valyutadəyişmə məntəqələri rəsmən bağlanmış, bir sıra bankların lisenziyaları ləğv edilmiş, valyuta köçürmələrinə sərt qadağalar qoyulmuşdur. Bir sıra bank rəhbərlərinin açıqlamalarından belə məlum oldu ki, bu ləğvetmə barədə onların məlumatı olmayıb. Axı bir vaxtlar dövlətin verdiyi təminata inanaraq adamlar vəsaitlərini bu banklara qoymuşdu. İndi həmin vəsaitlərin taleyi necə olacaq? Qəribə vəziyyət yaranıb: əvvəlcə bankların lisenziyalarını ləğv edib sonra onların birləşməsi məsələsinin mümkünlüyünə razılıq verirlər. Lisenziyanın ləğvi ilə etibarını itirmiş banklara inam hansı yollarla bərpa ediləcək?

Əslində müvafiq hökumət orqanlarının buraxdığı səhvlər, yol verdikləri nöqsanlar, bir həftə ərzində eyni məsələ haqqında bir-birinə zidd qərarların qəbul edilməsi ölkənin bank-maliyyə sistemində etimadsız mühit yaratmışdır. Maliyyə böhranı, kredit mənimsəmələri ilə bağlı nazir Şərifov Beynəlxalq Bankın keçmiş rəhbərliyini, ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev isə istintaq təcridxanasından göndərdiyi açıqlamada bilavasitə maliyyə nazirliyini ittiham edir. Nazirlik ABB müşahidə Şurasına rəhbərlik etdiyi halda, indi ölkənin ən böyük bankında baş vermiş kredit pozuntuları barədə niyə laqeyd qalıb? İndi böhranın dağıtdığı maliyyə sistemini sabitləşdirmək, maliyyə vəsaitlərinə olan ehtiyacları ödəmək üçün dövlətin nəzarətində olan iri müəssisələrin, şirkətlərin, xidmət sahələrinin özəlləşdirilməsi məsələsi gündəmə gəlmişdir. Etibarlı məhkəmə sistemi olmadan kim öz pullarını riskli, hər an təhlükə altında olan bu müəssisələrin alınmasına yönəldəcək? İndi televiziyalarda, kütləvi informasiya vasitələrində iş adamlarına qayğı göstəriləcəyi, icra başçıları tərəfindən onlara xüsusi şəraitin yaradılacağı vədi verilir. Ölkədə əl-əl biznesmen axtarışına çıxırlar. Axı elə ötən il 1500-ə yaxın iş adamı DİN-in “Bandotdelindən” keçirildi. Bir çoxunun əmlakı əlindən alındı, hələ onlardan bəziləri bu gün də orada saxlanmaqdadır. Onların bəzilərinin günahı olduğu istisna edilmir. Amma bütün bunlar “Bandotdeldə” deyil, məhkəmələrdə araşdırılmalı idi. Bu vəziyyəti görən iş adamları ölkəni səssiz-səmirsiz tərk etdilər. İndi iş adamlarına əlverişli biznes mühiti vəd edilir, amma işləyəcək iş adamı tapılmır. Bir qisminin ABB-nin kredit qalmaqalında əmlakı satışa çıxarılıb dəyər-dəyməzinə satıldı, bəziləri isə notarial qaydada könüllü şəkildə öz mülkiyyətindən imtina etməli oldu, qalan hissəsi də ölkəni tərk etdi. Nəticəsi nə oldu? Müəssisələr fəaliyyətini dayandırdı, minlərlə insan iş yerindən məhrum oldu, iş adamları ölkəni tərk etdi və qonşu ölkələrə kütləvi kapital axını baş verdi. Məhkəmələrin hökumətin nəzarətində olduğu bir vəziyyətdə hakimiyyət niyə DİN-i işə saldı. İşgüzar mühitə DİN vasitəsi ilə kobud müdaxilə acınacaqlı sonuclar verdi. Ona görə də ən şirnikləşdirici vədlərə baxmayaraq ölkədə işgüzar mühiti bərpa etmək yaxın vaxtlarda real görünmür.
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı