Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Hakimiyyət neft pullarını necə göyə sovurub?

Hər il dövlət qurumlarının inzibati binalarının təmirilə milyonlar yeyilib

Neft bumu Azərbaycana 120 milyard dollar vəsait gətirsə də, ölkə səfalət içindədir. Hazırda 2.5 milyon vətəndaşın banklara 20 milyarda yaxın borcu var. Hər gün bir neçə vətəndaş sosial səfalət üzündən intihar edir. Vəziyyət isə daha da pisləşir. Mərkəzi Bankın valyuta ehtiyatları tükənməkdə davam edir. Artıq hökumət də bəzi etiraflar etməyə başlayıb. Məsələn, ölkə başçısı Ilham Əliyev neft dövrünün bitdiyini, qənaət rejiminə keçməyin zəruri olduğunu bəyan edib.

Bundan başqa dövlət başçısı ölkənin borc limitinin təhlükəli həddə olmadığını əsas gətirərək bildirib ki, yenidən borc almaya getmək olar. Onun bu fikirlərindən sonra məlumat yayıldı ki, Azərbaycan hökuməti 4 milyard borc almaq üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib. Sonradan bu məlumat təkzib edilsə də, mətbuat yazdı ki, Fond hökumətin qarşısında müəyyə şərtlər qoyub. Bu şərtlərə siyasi və iqtisadi islahatlar daxildir. Hökumət şərtləri qəbul etmədiyi üçün Fond borc ala bilməyib və bu məlumatın təkzib edilməsinə qərar verilib.

Lakin hökumət hələ də etiraf etməyib ki, ölkəni uçurumun kənarına yarıtmaz siyasətləri gətirib. Neft pullarının havaya sovrulması, korrupsiyanın tüğyan etməsi, sahibkarlıq fəaliyyətinə əngəllər yaradılması post-neft Azərbaycanını az qala banan ölkəsinə çevirib.

Yuxarıda qeyd etdik ki, neft bumu dövründə ölkəyə 120 milyard dollar vəsait gəlib. Bəs hökumət bu vəsaitləri hara xərcləyib? Təbii ki, korrupsiya mənbəyi olan infrastruktur layihələrə. Konkret olaraq dövlət qurumlarının inzibati binalarının hər il təmiri və yenidən qurulması adı altında milyonlarla vəsait faktiki olaraq havaya sovrulub. Bunun sübutu kimi bəzi faktları oxucuların diqqətinə çatdırırıq.

Məsələn, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin obyektlərində tikinti, təmir və yenidənqurma işlərinə 32 milyon manat, eyni adla Daxili Işlər Nazirliyinə 7 milyon manat, Müdafiə Nazirliyinə 1 milyon 500 min manat, Fövqəladə Hallar Nazirliyinə 65 milyon manat, Müdafiə Sənayesi Nazirliyinə 25 milyon 204 min manat, Dövlət Sərhəd Xidmətinə 22 milyon manat, Xüsusi Dövlət Mühafizə Xidmətinə 10 milyon 800 min manat, Prezidentin Işlər Idarəsinə 40 milyon 900 min manat, Nazirlər Kabineti Işlər Idarəsinə 6 milyon 100 min manat, Milli Məclisin Işlər Idarəsi 11 milyon 563 min manat, Baş Prokurorluğun inzibati binasının təmiri və yenidəqurulmasına 2 milyon 80 min manat, Ali Məhkəmə üçün yeni inzibati binanın inşasına isə 14 milyon manat ayrılıb. Bu son deyil. Növbəti sayımızda digər dövlət qurumlarına da təmir, tikinti adı ilə ayrılan vəsaitləri açıqlayacağıq.

Bir daha qeyd edək ki, bu bir ili – 2007-ci ili əhatə edir və nə sirdirsə dövlət qurumlarının inzibati binalarının demək olar ki, hər il təmirinə və yenidən qurulmasına ehtiyac yaranır./azadlıq/
653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber