Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

Xoruzun quyruğunu göstərən formula

Yalançı “sabitlik”, “inkişaf” nağılları danışmaqla deyil. Xoruzun quyruğu pırtlayıb ortaya çıxır.
Örnək üçün, Gəncədə guya əmək yarmarkası keçirirlər, ancaq o qədər işsiz insan gəlir ki, idarədə basabasın qabağını almaq üçün polis kordonu yaradılır, tədbir isə təxirə düşür. Bəs “1 milyon yarım iş yeri” hanı?

Xaricdən kredit dilənirlər, millətin son pullarını isə “Formula-1" yarışına sərf edirlər. Bilinmir bu, kimə lazımdır. Azərbaycanı tanıtmaqdırsa, onsuz hamı tanıyır, ac, kasıb, nefti dəyərdən düşmüş, borc pul istəyən, korrupsionerlərin, siyasi məhbusların ölkəsi, ərazi bütövlüyünü 26 ildir bərpa edə bilməyən mağmın dövlət kimi dünyada məşhuruq. Elə bil kimsə uşaq vaxtı ”Turbo" saqqızından çıxan maşın şəkilləri toplayırmış, indi də bu maşınları canlı görmək üçün yarış qayırır. Əks halda bunun mənası nədir?

Gənclər və idman nazirindən yarışın xərclərini soruşmuşdular, deyir, bunu hesablamaq çətindir. Əlbəttə. Əgər sən yarışı qayırmağı Azərbaycanı bəyənməyib Britaniyada ev alan öz doğma oğlunun - Arif Rəhimovun şirkətinə tapşırmısansa, xərclərin nə qədər olması nə vecinə? Dövlət büdcəsinin canı sağ olsun, papa qaqulyanı nə təhər yaşatmalıdır bəs? Hansısa dövlət məmurunun rəhbərlik elədiyi sahədə oğluna biznes sahəsi açmasının sivil dünyada bir adı var: korrupsiya. Sivil dünyada korrupsiya ilə məşğul olmaq isə həm də mədəniyyətsizlik, tərbiyəsizlik sayılır. Ancaq biz sivil dünya deyilik, kef eləyin.

Azad Rəhimov hesablaya (oxu: yığıb-yığışdıra) bilməsə də mətbuata bəzi rəqəmlər çıxıb. Misal üçün, deyirlər Formula-1 büdcəmizə 150 milyon dollara başa gələcək. Təkcə yarış üçün təkər-zad dəyişmə korpusunun (pit-stop deyirlər adına) tikilməsinə 30 milyon dollardan çox vəsait sərf ediləcək. Üstəlik, yarışın bu mərhələsini... 10 il Bakıda keçirmək qərarına gəlinib! Beynəlxalq ekspertlərin BBC-yə açıqladığı rəqəmə görə bu tip yarışı Bakı kimi şəhərdə qayırmağın illik xərci minimum 100 milyon dollar olurmuş. On ilə vursaq, 1 milyard dollar da belə getdi.

Əsl soyğunçuluqdur. Nə normal avtomobil yolu var, nə avtomobil idmanımız. Heç maşın istehsalımız da yoxdur, Çindən gələn hissələrdən yığılan əcaib Naz-lifan arabalarını çıxmaq şərtiylə. Bunlar isə korrupsiya xətrinə, özlərini xaricdəki hansısa korrupsionerə şirin salmaq naminə Bakıda onillik maşın yarışına razı olublar.

Dünən mətbuatda Bakı Ağır Cinayət Məhkəməsinin bir prosesindən yazı oxudum. Naxçıvanlı mütəşəkkil quldur dəstəsinin azı 2 yaşlı və köməksiz qadını öldürməsi, evini soyması haqda məhkəmə olmuşdur. Belə baxanda, adi kriminal kimi gəlir. Ancaq tələsməyin. Bu cinayət işinin mətbuata çıxan hissəsində xoruzun quyruğu gözə girirdi.

Demək, biri keçmiş polis əməkdaşı olan üç nəfərlik quldur dəstəsi 2012-ci ilin oktyabrında Naxçıvan şəhərində bir qadının evinə basqın edib, onu boğub öldürüblər, evdən pul, qızıl aparıblar. İndi gəlin yazıdan hissəni oxuyaq: “N.Axundovanın yaxınları onu mənzildə ölmüş vəziyyətdə aşkar ediblər. Bədənində heç bir xəsarət aşkar edilmədiyindən bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Hadisədən uzun müddət sonra N.Axundovanın kəskin ürək çatışmazlığından ölməsi deyil, qətlə yetirildiyi məlum olub”. Maraqlı gəldimi? Gəlmədisə, söhbəti anlamadınızsa, ardını oxuyun. Ancaq bir ip ucu verə bilərəm: ölümün qeydə alınması üçün xəsarətə ehtiyac yoxdur, mütləq qaydada məhkəmə qətnaməsi olmalıdır.

2014-cü il, may ayı. Dəstə üzvləri Naxçıvan şəhərində növbəti qətli törədib evi soyublar. Sitat: “T.Əhmədovanın ailə üzvləri onu huşsuz vəziyyətdə tapıblar. Onlar əvvəlcə mərhumun beyninə qan sızması nəticəsində dünyasını dəyişdiyini güman ediblər. Ona görə də hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Amma sonradan T.Əhmədovanın qətlə yetirilməsi və mənzilin qarət edildiyi məlum olub”.

Bax, ümid edirəm indi məsələni anladınız. Hüquq-mühafizə orqanları, özəlliklə Naxçıvan xanının anklavındakı hüquqi vakuum şəraitində cinayətlər adətən hesaba-kitaba alınmır, yalançı “bizdə kriminal dünyadan azdır” görüntüsü yaradılır. Bu cinayətlər də sonradan açılıb məhkəməyə göndərilməzdi, kim bilir, dəstənin növbəti qurbanı hansı hakim dairə nümayəndəsi olub.

Zamin Hacı/musavat
805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:56