Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

“Cənab nazir, bu adam sizi xidmətçi adlandırdı, onun dərsini verəkmi?”

Qapının yanındakı zərli lövhədə ingiliscə böyük hərflərlə, azərbaycanca kiçik hərflərlə nazirliyin adını oxuyub düz gəldiyimə əmin oldum, qapını açıb içəri keçdim. Dəhlizdə məni bir polis işçisi, bir də mülki geyimli cavan oğlan qarşıladı:
- Dayı, bir dayan görək...Hara gedirsən?
- Nazirin yanına qalxıram...
- Olmaz! Nazir vətəndaşları ayda bir dəfə qəbul edir, özü də burada yox, regionlarda. Get, növbəyə yazıl, öyrən gör bu ay hansı rayonda olacaq, gedərsən, məsləhət olsa, səni qəbul edər. Hansı məsələdən ötrü gəlmisən?
- Heç, dişim ağrıyır, onu çəkdirməyə gəlmişəm...
- Ay dayı, bura stomotoloji poliklinika deyil e, nazirlikdi...
- Bəs onda niyə soruşursan ki, niyə gəlmişəm? Mən hara gəldiyimi bilmirəm? Çağır o naziri düşsün aşağı...
- Bir az yavaş, ay dayı, sən kimsən ki, cənab nazir işini - gücünü atıb aşağı düşməlidir...
- Ay oğul, o, sənin nazirindir. Mənim isə xidmətçimdir. Çağır, zəhmət çəkib gəlsin, mənə xidmət eləsin...
...Polis işçisi bir qolumdan, mülki güyimli gənc də o biri qolumdan tutub dəhliz boyu sürüdülər...Qışqıra - qışqıra, söyə - söyə zirzəminin qapısına tərəf aparmaq istəyirdilər. Səs - küyə çoxlu adam toplaşmışdı. Sən demə, onlardan biri elə nazirin özü imiş. Yaxınlaşıb əlini yuxarı qaldırdı. Amiranə səslə soruşdu:
- Bu nə səs - küydür, sürüdüyünüz bu adam kimdir?
Mülki geyimli gənc qolumu buraxıb nazirin qarşısında ikiqat əyildi:
- Cənab nazir, bu adam sizi xidmətçi adlandırdı, biz də istəyirik onu zirzəmiyə aparıb dərsini verək.
Nazir məni başdan - ayağa süzüb soruşdu:
- Bu, düz deyir?
- Bəli, düz deyir. Məni yanınıza buraxmadılar, dedilər ki, bir aydan sonra rayona gedib qəbula yazılarsan. Mən də dedim, o, mənim xidmətçimdir, çağırın, gəlib mənə xidmət eləsin...
Nazir, üz - gözünü turşutdu:
- Ağsaqqal adamsan, danışığını bilmirsən, camaat mənə hörmətlə "Cənab nazir" deyir, sən isə xidmətçi...Belə olmaz axı...
- Cənab nazir, bu, mənim sözüm deyil ki...Deyəsən, işiniz o qədər çoxdur ki, başınız qohum - əqrəbanın problemlərinə o qədər qarışıb ki, heç qəzet də oxumursunuz, televizora da baxmırsınız. Yoxsa, möhtərəm Prezidentimizin son çıxışından xəbəriniz olardı. Ölkə başçısı özü qətiyyətlə bildirdi ki, bütün nazirlər, icra başçıları xalqın xidmətçiləridirlər. Mən də bu xalqın nümayəndəsiyəm. Deməli, siz mənim də xidmətçimsiniz...
...Nazir qoluma girib izdihamdan aralandı. Üzünün ifadəsini dəyişib yavaşca qulağıma pıçıldadı:
- Prezidentdi də, biz onun dediyini müzakirəyə qoymuruq, yəqin hirsli vaxtına düşüb, belə söyləyib. Sən bunu heç kəsə demə. Nə vaxt bir problemin oldu, çəkinmə, birbaşa mənə müraciət elə...
...Bilmədim, kimin halına acıyım...Belə məmurlarla böyük islahatlara başlayan Prezidentin, "Xalqın xidmətçisi" psixologiyasını yaxına buraxmayan məmurun, yoxsa...özümün və milyonlarla özüm kimi ümidsiz xalq nümayəndəsinin...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber