Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Kartof da benzinlə işləyirmiş...

70-80 qəpiyə satılan kartofu indi 1 manat 20 qəpikdən aşağı almaq mümkün deyil

Bazar və mağazalarda yeyinti məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Benzinin qiymətinin qalxmasından 2 həftə sonra Bakıda 70-80 qəpiyə satılan kartofu artıq bazarlarda 1 manat 20 qəpikdən aşağı qiymətə almaq mümkün deyil. Əvvəllər 90 qəpiyə satılan Gədəbəy kartofu isə 1 manat 40 qəpik olub. 30-40 qəpiyə olan soğan 70 qəpiyə, 80 qəpiyə satılan soğan isə 1 manat 40 qəpiyə qalxıb. 1 manat 60 qəpiyə olan narı isə bazardan 2 manat 30 qəpiyə almaq mümkündür. Daha çox alınan məhsullar sırasında olan yumurta isə 12 qəpikdən 15 qəpiyə qalxıb.

Mağazalarda və böyük marketlərdə digər ərzaqların qiymətində artım müşahidə olunmasa da, ekspertlər hesab edir ki, yaxın günlərdə bahalaşma marketlərdən də yan keçməyəcək. Ancaq söhbətləşdiyimiz böyük marketlərdən birinin mühasibi bildirdi ki, yeni ilə qədər qiymətlərdə nəzərəçarpan artım olmayacaq: "Çünki bizə belə tapşırıq verilib".

İqtisadçı Samir Əliyev Kaspiyə açıqlamasında bildirdi ki, həm qış mövsümü, həm benzinin qiymətinin artması, həm yeni ilin gəlməsi qiymət artımına təsir edən amillərdəndir: "Yanacağın qiymətinin artması başlıca amildir və gözlənilən qiymət artımına təkan verdi. Yəni yanacağın qiyməti artıbsa, yanacaqdan istifadə edilərək bazarlara daşınan, istehsalında yanacaq istifadə edilən məhsullarda qiymət artımı təbiidir. Benzinin bahalaşması nəqliyyatdan tutmuş kommunal xərclərə və bazardakı qiymətlərə qədər hər şeyə təsirini göstərir. İlkin olaraq biz bunu taksi xidmətlərinin qiymətlərinin qalxmasında hiss etdik". S.Əliyevin sözlərinə görə, bahalaşmanın səbəblərindən biri də ölkəmizdə rəqabət mühitinin olmamasıdır: "Rəqabət mühiti olmayan cəmiyyətdə istənilən xəbər qiymət artımına gətirib çıxara bilir".

İqtisadçının sözlərinə görə, benzinin qiymətində artım olmasa, ümumiyyətlə, sadalanan digər səbəblər olmasa belə, qış mövsümündə həmişə qiymətlərdə bahalaşma müşahidə olunur: "Sadaladığım amillərin qış mövsümünə düşməsi ilə əlaqədar qiymət artımı daha qabarıq şəkildə özünü büruzə verir. Üstəlik, digər ölkələrdən fərqli olaraq Azərbaycanda tendensiya halını almış bayramqabağı artımı da nəzərə almalıyıq. Çünki bayramqabağı ölkəmizdə ərzaqların qiymətində artımın olmaması mümkünsüzdür".

S.Əliyevin fikrincə, bahalaşma gələn ilin birinci rübündə də davam edəcək: "Qiymət artımı qısa fasilələrlə Novruz bayramının sonuna qədər davam edəcək. Bu daha çox nəqliyyat xidməti xərclərinin və kommunal xidmətlərin artımından asılı olacaq. Əgər sözügedən sahələrdə artım baş verməsə, bazarlardakı qiymətlərdə sabitləşmə mümkündür. Əks halda, bahalaşmanın qarşısını almaq mümkün olmayacaq. Onu da deyim ki, gələn ildən nəqliyyatda və kommunal xidmətlərdə qiymət artımı gözləniləndir".

İqtisadçının sözlərinə görə, qiymət artımı xəbəri bazarı təzyiq altında saxlayır və sahibkarlar bəzən bahalşmadan sonra deyil, özlərini sığortalamaq məqsədi ilə bahalşmadan əvvəl qiyməti artırırlar.
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11
Əsəd və Putin bizim