Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Tale Bağırzadə Eldar Mahmudovdan təhlükəliymiş?

MTN işinə görə 22 nəfər, «Müsəlman Birliyi» hərəkatından isə 68 nəfər həbs olunub

Qanunlar o qədər qüvvəsini itirib, hüquq sistemi o qədər cılızlaşıb, məhkəmələr o qədər oyuncağa çevrilib ki, ölkədə istənilən absurda imza atmaq olur. Artıq sadə vətəndaş da bilir ki, süni qiymət artımına görə, korrupsiyaya görə, monopoliyaya görə həbs olunan varsa, bu, onuncu dərəcəli adamlardı. Yaxud üstü açılmış cinayətlərin statistikası ortaya çıxanda, hamı bilir ki, bu statistikada “akula”lar yoxdur, “kilkə”lərin cinayətləri var.

Bu mənada Baş Prokurorluqda keçirilən kollegiya iclasında səslənən fikirləri “şedevr” hesab etmək olar.

Bəli, Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib ki, MTN işi üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. 65 nəfər isə zərərçəkmiş şəxs qismində tanınıb.

Eyni zamanda məlumat verilib ki, “Müsəlman Birliyi” təşkilatının 68 üzvü həbs olunub. Təbii ki, qurumun rəhbəri Tale Bağırzadə də həbs olunalar arasındadır.

Bu rəqəmlərə diqqət edəndə, həm gülmək, həm də ağlamaq istəyirsən.

Deməli, MTN-də uzun illər ərzində sahibkarlara divan tutulub, bank sistemində maxinasiyalar həyata keçirilib, xüsusi həbsxanalar yaradılıb, qətllər törədilib, milyardlar mənimsənilib və s. Faktiki olaraq MTN təhlükə mənbəyinə çevrilib və bütün ölkə üzrə qanunsuz faliyyətlə məşğul olub. Amma bu miqyasda cinayətkarlığa görə cəmi 22 adam həbs olunub və qurumun rəhbəri hələ də azadlıqdadır.

Amma “Müsəlman Birliyi”nin rəhbəri də daxil olmaqla, 68 üzvü həbs olunur. Üstəlik, məlum olur ki, Tale Bağırzadəyə işgəncə verilir, ailəsiylə görüşə icazə verilmir, ona gələn sovqatı qəbul etmirlər və s.

Belə çıxır ki, Tale Bağırzadənin təşkilatı MTN-dən daha çox cinayət edib? Axı, “Müsəlman Birliyi” təşkilatının hansısa bölgələrdə terror etməsi, talançılıqla məşğul olması, qətllər törətməsi haqqında heç bir fakt yoxdur. Necə olur ki, MTN ölkəni cinayət yuvasına çevridiyi halda Eldar Mahmudov evində istirahət edir, amma Tale Bağırzadə sübuta yetirilməmiş ittihamlara görə işgəncəyə məruz qalır?

Bəlkə, Beynəlxalq Bank vasitəislə pul yuyan, yüzlərlə sahibkarı var-yoxdan çıxardan, xüsusi həbsxanalar saxlayan, insanları şərləyib, cibinə narkotika atan Tale Bağırzadə olub?

Necə ola bilər ki, MTN-in geniş miqyaslı cinayət əmllərindən yalnız 65 nəfər zərər çəkir? Bəs, bu illər ərzində “haqq” ödəməyə məcbur edilən, qondarma ittihamlarla həbsə atılan yüzlərlə insan zərərçəkən deyil?

Həqiqətən də bu ölkədə ədalətin tərəzisi çoxdan əyilib. Binəqədidəki yanğına görə JEK müdiri həbs olunursa, Dənizdəki partlayışa görə məsuliyyətə cəlb etməyə adam tapmırlarsa, MTN cinayətinə görə zərərçəkənlərin sayı 65, həbs olunanların isə 22 nəfər olması təbiidir.

Istənilən halda “Müsəlman Birliyi”nin, MTN-dən daha qatı cinayətkar kimi göstərilməsi “tarixi hadisə”dir.

Samir
1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber