Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Əhalinin boş vədlərə qarnı toxdur

Bölgələrə səpələnmiş məmurlar vətəndaşın dərdinə dərman aparmalıdır

Vətəndaşın nə “ifa” etməsindən asılı olmayaraq, hökumət “heyvagülü” oynayır. Bəli, sön dövrlər bölgələrdə etiraz aksiyalarının keçirilməsi, intiharların artması, kredit borcu olanların üzləşdiyi problemlər, işsizlər ordusunun yaranması, qiymətlərin bahalaşması hökumətə qətiyyən təsir etmir. Hakimiyyət başa düşmür ki, vəziyyətin kritikləşməsi sonda onun özünü çətin vəziyyətə sala bilər.

Ona görə də belə bir ağır vəziyyətdə, situasiyaya uyğun addımlar atmaq lazımdır. Hakimiyyət isə “ənənə”yə sadiq qalaraq, yenə də vətəndaşa təsəlli verməyə, keçmişdə görülən işlərdən danışmağa, imitasiya xarakterli addımlar atmağa başlayıb. Aydın görünür ki, hökumət vətəndaşın problemini həll etmək yox, vaxt udmaq istəyir. Hakimiyyət ümid edir ki, neftin qiyməti tezliklə qalxa bilər və yenə də “analoqsuz inkişaf” nağılları danışarlar.

Son günlər hökumət komandasının bölgələrə səpələnməyi də imitasiyadan başqa bir şey deyil. Mətbuatda yayılan məlumatlardan da görünür ki, yerlərdə vətəndaşlarla görüşə gedən hökumət komandası ağır suallarla, vətəndaşın aqressiyasıyla üz-üzə gəlirlər. Çünki, bölgələrə səfər edən vəzifəlilər hər hansı problemin həllinə töhfə vermək əvəzinə, ölkəmizin inkişafından, prezidentin uğurlu siyasətindən, qarşıda görüləcək işlərdən danışırlar. Yaxud da vətəndaşa mesaj verilir ki, aksiyalar, etirazlar qətiyyətlə yatırılacaq. Prezident Aparatının şöbə müdiri Valeh Ələsgərli də sakinlərlə görüşdə bu mesajı verdi.

Amma hökumət komandası başa düşmür, dərk etmir ki, artıq vətəndaşın qarnı belə boş vədlərə toxdur. Vətəndaş 23 ildir “inkişaf” sözü eşitməkdən bezib. Indi vətəndaşa olmayan inkişfadan danışmaq yox, konkret əməli iş göstərmək lazımdır. Fakt budur ki, insanlar bank fazilərini, zəruri ehtiyaclarını ödəyə bilmir, qiymətlər aşağı salınmadı, vətəndaşa güzəşt edilmədi. Üstəlik, vətəndaş bilir ki, rayonlara ezam olunmuş komanda üzvləri milyonlara sahib olan, komfort həyat yaşayan şəxslərdi. Bəli, vətəndaş bilir ki, vəzifəlilər ölkədən 95 milyard oğurlamasaydı, Azərbaycan bu vəziyyətə düşməzdi.

Vətəndaşları etiraz aksiyalarından çəkindirmək üçün hədə mesajları verməyə gəlincə, hökumət yenə də gecikib. Ac vətəndaşı həbslə, dəyənəklə qorxutmaq olmaz. Əgər bir kişi ailəsinə çörək apara bilmirsə, heç bir dəyənək, heç bir dörd divar bunun qədər ağrılı ola bilməz. Birdə ki, vətəndaşı daha çox sıxmaq intiharların çoxalmasına xidmət edə bilər. Yəni etirazını ifadə edə bilməyən adam, özünə əl qaldırmaq həddinə çatacaq.

Ona görə də rayonlara gedən hökumət nümayəndələri ənənəvi yalanlardan əl çəkməlidir. Rayonlara səfər edən vəzifəlilərin hər biri milyonerdi. Yaxşı olar ki, bu adamlar bölgələrə yalan xəbərlərlə yox, oğurladıqları pullarla getsinlər. Hər məmur 10 tələbənin təhsil haqqını ödəsə, 10 vətəndaşın kredit borcuna yardım etsə, 10 ailənin zəruri ehtiyaclarının ödənilməsinə töhfə versə, nəticədə minlərlə ailənin yükü yüngülləşər.

Yoxsa 100 milyardları talan etmiş hökumətin rayonlarda inkişaf” paylaması müsbət nəticə verə bilməz. Hökumət doğrudan da bölgələrdəki etirazların qarşısını almaq, vətəndaşın aqressiyasını azaltmaq istəyirsə, oğurlanan pullar geri qaytarılmalı, qiymətlər endirilməli, kredit borcu olanlara güzəşt olunmalıdır.

Bir sözlə, artıq quru sözlər yaraya məlhəm ola bilmir. Görüntü xatirinə rayonlara gedib bir qrup vətəndaşı qəbul etmək daha ağır nəticə vəd edir. Çünki, məmurlar rayonlarda bütün narazıları qəbul etmir. Əvvəlcədən seçilmiş bir neçə adam problemini dilə gətirir və bununla da məsələ bitir. Birdə ki, cəmiyyətdə “mənfi qəhrəman” obrazı yaratmış adamlar, vətəndaşda müsbət təəssürat formalaşdıra bilməz. Əgər bölgələrdəki etirazlar hökuməti qorxudursa, vətəndaşa yönəlik ciddi addımlar atılmalıdır./azadlıq/
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber