Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Yerə təhlükəli asteroid yaxınlaşır - AMEA

2013 TX68 asteroidinin fırlanma müddəti 2 ildən bir az artıqdır. Buna görə də tez-tez Yer kürəsinin həndəvərində olacaq. 2013 TX68 asteroidi Çelyabinsk asteroidinə bənzəyir. Çelyabinsk asteroidinin diametri təxminən 19 metr idi. Bu isə ondan təxminən iki dəfə böyükdür. Lakin asteroidin Yerlə toqquşma ehtimalı böyük deyil.

Bunu AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əyyub Quliyev deyib.

O qeyd edib ki, 2013-cü il TX 68 asteroidi 2013-cü ildə Katalina rəsədxanasında kəşf olunub: “Asteroid balacadır, diametri təxminən 30-40 metr arasındadır. Özəlliyi ondan ibarətdir ki, Yerin orbitini kəsib keçir. Asteroid bir növ Yer üçün təhlükə yarada bilən kateqoriyaya aiddir. Hesablamalar göstərir ki, asteroidin Yerə ən çox yaxın olma vaxtı bu il mart ayının 5-dən 8-ə kimi olacaq. Asteroid Yer kürəsinə ən çox 19 min 500 km məsafəyədək yaxınlaşa biləcək. Bu çox kritik məsafə olsa da, o qədər də böyük təhlükə kəsb eləmir. Təxminən 17-18-ci ulduz ölçüsüdür. Asteroidin növbəti dəfə Yerə yaxınlaşması 2017-ci ildə gözlənilir”.

Qeyd edək ki, NASA-dan bildirilib ki, yerə doğru hərəkət edən 2013 TX68 asteroid bu il martın 5-də yerə ən yaxın məsafədə olacaq. Bu məsafənin 17, yaxud 14 milyon kilometr təşkil edə biləcəyi deyilir. Asteroidin dəqiq hansı uzaqlıqdan keçəcəyini müəyyən etmək mümkün olmasa da, Yer kürəsi ilə toqquşması da istisna edilmir./apa/
692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<