Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

"1000 dollarlıq borcum 2050 manat olub"

“Parabank: “Bankda devalvasiyadan sonra qalan kredit qalıqları yeni məzənnə ilə hesablanıb”

“Parabankdan 1000 dollar kredit götürmüşdüm. Devalvasiyaya qədər bu pulun 8 ayını ödəyib bitirdim. 4 ayı qalmışdı. Mənə heç bir xəbərdarlıq edilmədən borcumu dolların yeni məzənnəsi ilə hesablayıb, ediblər 2050 manat. Qanunsuzluqdur. Bundan əlavə, imkanımız da yoxdur o pulu ödəməyə”, – Füzuli rayon sakini Yaqub Məmmədovun sözləridir.

Y. Məmmədov maddi çətinliklərinin olduğunu, evdə xəstə analarına güclə baxa bildiklərini deyir: “Qaldı ki, o pulu ödəyək. Heç yerdə işləmirəm. Əslində kreditlə işim olmazdı mənim. Anamın müalicəsinə görə məcbur olub götürmüşdüm. İndi də borcum ikiqat artıb. Neyləyim, hara müraciət edim, bilmirəm”.
“Vətəndaş bununla bağlı məhkəməyə müraciət edə bilər”

Bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov deyir ki, burada bank qanunsuzluq edib. Vətəndaş 1000 dollar götürübsə, 1000 dolları da qaytarmalıdır: “Ödənişi etdiyi günün məzənnəsi ilə. Məsələn, 8 ay ərzində əsas borcun 600 dollarını ödəyibsə, deməli, qalıb 400 dollar. Həmin 400 dolları artıq yeni məzənnə ilə ödəməlidir. Bütün 1000 dolları yox”.

Ekspert bildirir ki, düzdür, ola bilər ki, ötən müddət ərzində yalnız faizləri ödəyib və əsas borc olduğu kimi qalıb: ”Amma bu da qanunsuzdur. Çünki faizlər ildə bir dəfə ödənilməlidir. Vətəndaş Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə və Mərkəzi Banka, habelə birbaşa məhkəməyə bununla bağlı şikayət edə bilər”

“1000 dollarlıq kredit heç cürə 2050 manat ola bilməz”

Problemi araşdırmaq üçün “Parabank” ASC-nin Beyləqan filialı ilə əlaqə saxladıq. Bank əməliyyatçısı Aybəniz Əliyeva bildirdi ki, devalvasiyadan öncə dollarla kredit götürənlərin ödədikləri məbləğ yox, yerdə qalan qalıq yeni məzənnə ilə hesablanır:
“Vətəndaş deyir ki, 1000 dollar götürüb, onun 8 ayını ödəyib. Yerdə qalan 400 dollar heç cürə 2050 manat ola bilməz”.

“Bizim bankda devalvasiyadan sonra qalan kredit qalıqları yeni məzənnə ilə hesablanıb”

Aybəniz Əliyeva devalvasiyadan sonra artan məbləğin hardasa hər 100 dollarda 50 manat olduğunu deyir: “Bu da eləsin 200 manat. Hardan hesablasan 2050 manat etmir. Görünən odur ki, vətəndaş 1000 dollar yox, daha yüksək məbləğdə kredit götürdüyü üçün ona belə təsir edib. Bir sözlə, bizim bankda devalvasiyadan sonra qalan kredit qalıqları yeni məzənnə ilə hesablanıb. Ödənən məbləğə toxunan olmayıb. Vətəndaş banka müraciət etsin, dəqiq araşdıraq, görək nə məsələdir”.

“Dövlət özəl bankla müştəri münasibətlərinə müdaxilə edə bilməz”

Son vaxtlar dollarla kredit götürənlərin problemlərlə qarşılaşdığının tez-tez şahidi oluruq. Əksəriyyət ya artan məbləği ödəməkdən imtina edir, ya da, ümumiyyətlə, kreditin ödənişini dayandırır. Bankı məhkəməyə verənlər də var. Krediti ödəməyənlər, bankla problemi olanlar ümid edirdilər ki, dövlət onlara hər hansı bir güzəşt edəcək. Ancaq maliyyə naziri Samir Şərifovun açıqlaması bu gözləntini alt-üst etdi. Nazir dollarla krediti olanlara güzəşt edilməyəcəyini bildirib:
“Bank xeyriyyə cəmiyyəti deyil. İnsan borc götürəndə saf-çürük etməlidir. Bank bir tərəfdən borc verirsə, digər tərəfdən əmanət saxlayır. Çalışırıq ki, sosial ədalət prinsiplərini pozmayaq. Biz nəyə görə bir borc alanı digərindən fərqləndirməliyik? Dövlət özəl bankla müştəri münasibətlərinə niyə müdaxilə etməlidir?”

Mərkəzi Bank (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov isə açıqlamasında bildirdi ki, dollarla kredit götürənlərə edilən güzəşt maliyyə intizamını poza bilər. Odur ki, hər hansı bir güzəşt planlaşdırılmır.

Eyni problem başqa ölkələrdə necədir?

Dünya bazarında neftin qiymətinin enməsi neft ölkələrinin əksəriyyətində eyni problemi yaradıb. Hərə problemdən çıxış yolunu bir cür görüb. Məsələn, illik büdcəsi 1.3 milyard dollar olan Qırğızıstan bu gün məbləği 40 min dollaradək ipoteka kreditləri götürənlərə kompensasiya verilməsi haqda qərar qəbul edib. Bununla da ipoteka sahibləri indiki kursla deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödənişləri edəcəklər. Hazırda Qırğızıstanda 1 dollar 75 somdur. Ötən ilin yayında isə kurs 62 som olub.

Qazaxıstanda isə dollarla götürülmüş kredit faizlərinə qarşı etiraz aksiyası keçirilib.Tengenin dollara nisbətdə kəskin düşməsi bu cür kredit faizlərinin ödənilməsində problem yaradıb. Fevralın 2-də “Kaspi Bank”ın qarşısına toplaşan aksiyaçılar bankın rəhbəri Mikhail Lomtadze ilə görüş tələb ediblər. Onlar dollarla götürülmüş kreditlərin 2015-ci ilin yanvarında olduğu kimi 183 tenge nisbətində ödənilməsini tələb ediblər. Hazırda Qazaxıstanda 1 ABŞ dolları 360 tengedir.

Azərbaycanda isə vəziyyət hamıya bəllidir. Vətəndaşlar artan hissəni ödəmək istəmirlər. Ümidi dövlətin güzəştinə bağlayıblar. Dövlət isə bank sektoruna müdaxilə edə bilməyəcəyini deyir./meydan.tv/
771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38