Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Parlamentdə toy mərasimi

Son günlər sevincimizin həddi-hüdudu yoxdur. Hökumətimiz ciddi islahatlara start verib, anti-böhran tədbiri kimi yeni təşəbbüslər meydana çıxıb. Nə vaxta kimi neftdən asılı vəziyyətdə qalmalıyıq, nə vaxta kimi ofşorlardakı 95 milyardın həsrətiylə yaşamalıyıq, nə vaxa qədər milyarder məmurların puluna göz dikməliyik? Ona görə də hökumətimiz qərara gəlib ki, böhrandan çıxmaq üçün vətəndaşın cibindən yararlanmaq lazımdır.

Ilk olaraq möhtəşəm təşəbbüs Olimpiya Stadionundan gəldi. Məlum oldu ki, 68 min yer tutumu olan stadionda bundan sonra toy mərasimləri keçiriləcək. Bəli, Alim Qasımovun xalça üzərində uçduğu məkanda bundan sonra xalça üstündə “Qudalar rəqsi” oynayacaqlar. “Xalqımın toy kimi bir adəti var” prinsipini əsas tutaraq hökumət Olimpiya stadionundan pul çıxaracaq. Əlbəttə, ən azı Ledi Qaqaya ödənilən 2 milyonu çıxartmaq lazımdır.

Amma hökumətimizin anti-böhran tədbirləri bununla yekunlaşmır. Yəni özfəaliyyətləri bundan ibarət deyil. Belə ki, növbəti “islahat paketi”ni Gənclər və Idman naziri Azad Rəhimov təqdim edib. Gənclərimizin naziri deyib ki, Bakı Atıcılıq Mərkəzində də toy mərasimləri keçirmək olar. Adamın tükləri biz-biz durur. Hökumətimiz gecə-gündüz demədən axtarışdadır. Qeyri-neft sektorunun inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Ümumiyyətlə, Atıcılıq Mərkəzini ləğv eləmək lazımdır. Adamlar bir-birini güllələyib öldürə bilərlər, qətl hadisələri baş verər, qanqaraçılıq yaranar. Onsuz da atəşkəs rejimindəyik, atmağa ehtiyac da yoxdur. Ona görə də Atıcılıq Mərkəzinin toy mərasiminə çevrilməsi möhtəşəm ideyadır və Azad müəlimə hektarlarla təşəkkürümüzü bildiririk.

Təbii ki, başqa məkanlar üzərində də düşünmək olar və ölkəni böhrandan toy mərasimləri çıxaracaq. Hətta dövlətin maraqları naminə “məcburi evlilik haqqında” qanun layihəsi hazırlamaq olar. Bundan sonra MSK-nın binasında, YAP-ın bütün rayonlardakı dəbdəbəli qərargahlarında mərasimlər üçün şərait yaratmaq olar.

Amma daha möhtəşəm bir ideya var və vətən naminə bu ideyanı sizlərlə bölüşmək istəyirəm. Hökumət də bu ideyadan yararlana bilər. Təklif edirəm ki, daha əzəmətli toy mərasimləri Milli Məclisdə keçirilsin. Hətta ictimai-siyasi xadimlərin yas mərasimlərini də bu məkanda keçirmək olar.

Onsuz da Milli Məclisdə uzun illərdi xalqı xoşbəxt edəcək qərar verilmir. Heç olmasa 2 gəncin xoşbəxt gününü bu məkanda qeyd edək. Milli Məclisdə toy mərasimlərinin keçirilməsi, həm də el şənliklərinin intellektual müstəviyə qədəm qoymasıdır. Təsəvvür edin ki, toya gəlmiş hər qonağın qarşısında kompüter olacaq və qonaqlar vaxtlarını səmərəli keçirəcəklər. Üstəlik, mahnı sifarişləri də qonaqların səsverməsiylə baş tutacaq və leyhinə-əleyhinə olanların sayı tabloda göstəriləcək. Düşünürəm ki, hörmətli Oqtay müəllimin yerində bəy-gəlin stolunu yerləşdirmək olar.

Digər tərəfdən, Milli Məclisdə mərasimlərin təşkili Olimpiya Stadionundan, Atıcılıq Mərkəzindən daha çox məqsədə və məntiqə uyğundur. Hamımız bilirik ki, uzun illərdi 125 nəfər bu məkanı “zanit” edib və heç bir xidmətləri yoxdur. Üstəlik, 2000 manat maaş alırlar, müftə yeyirlər və xidməti maşınlarda gəzirlər. Milli Məclisi mərasim zalına çevirməklə həm əlavə xərclərin qarşısını ala bilərik, həm də büdcəyə töhfə verərik.

Bir sözlə, uzun illərdi hökumət vətəndaşa “toy tutur”, bundan sonra da vətəndaş Milli Məclisdə toy eləsin. Parlamentdə musiqi sədalarının eşidilməsi müsbət haldır. 23 ildir bu məkanda “inkişaf” mahnısı oxuyurlar. Amma bu “mahnı” vətəndaşın sümüyünə düşmür.

Allah xoşbəxt eləsin!

İlham Hüseyn
1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56