Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

"Ölkə gəncləri hökumətin qazanından qidalanan 5-10 nəfərdən ibarət deyil"

Gənclərə “qayğı”nın rəsmi etirafı

Yaxud «uğurlu siyasət»in yaratdığı işsizlər ordusu

Ölkənin əsas problemlərindən biri də işsizlikdir. Hökumət hər dəfə reallığa uyğun olamyan rəqəmlər səsləndirsə də, ölkə başçısı “yoxsulluğun kökünü kəsmişik” desə də, reallıq tamam fərqlidir. Iki milyondan artıq ölkə vətəndaşının dolanışıq üçün xaricə üz tutması, bölgələrdən Bakıya kütləvi axın da bunun bariz nümunəsidir.

Fevralın 5-də Gəncə şəhərində keçirilmiş əmək yarmarkası Azərbaycanın daha aydın və acınacaqlı reallığını ortaya qoydu. Belə ki, əmək yarmarkası etiraz aksiyasına çevrildi və məlum oldu ki, minlərlə insan işsizlikdən əziyyət çəkir. Bəli, hökumətin “1 milyondan artıq iş yeri açmışıq” təbliğatı hər gün ifşa olunmaqdadır. Gəncədə baş verənlər işsiz, sosial vəziyyəti ağır olan vətəndaşın hökumətə aqressiyası idi.

Əmək yarmarkasının təşkilatçısı, Dövlət Məşğulluq Xidməti Gəncə şəhər şöbəsinin müdiri Abil Tağıyevin etiraz aksiyasına münasibəti isə hökumətin ikiqat ifşası idi: “Adamlar elə bilirdilər ki, orda sosial yardım verirlər. Biz elan vermişdik ki, işlə bağlı əmək yarmarkası keçirilir. Adamların çoxu başa düşməmişdi” deyərək şöbə müdiri etiraz aksiyasının əsl səbəbini gizlətməyə çalışıb. Amma qaş düzəltdiyi yerdə, göz çıxarıb. Deməli, Gəncədə Ünvanlı Sosial Yardıma ehtiyacı olan minlərlə ailə var. Deməli, işsizlik fəlakət həddinə çatıb.

Başqa bir etirafı isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov səsləndirib. O bildirib ki, yaşı 25-dən az olanların işsizliyinin artım tempi, yaşı 25-dən çox olan insanların işsizliyindən 3 dəfə çoxdur.

Deməli, işsizlik daha çox gənc nəsli təhdid edir və bu göstərici artmaqdadır. Bəs, dövlətin gənclərə qayğısı hara yoxa çıxıb? Bəs, gənclərlə bağlı 2 dövlət proqramının nəticəsi hardadır? Biz deyəndə ki ali təhsilli gənclər fəhləlik edir, biz deyəndə ki gənclər iş üçün qonşu ölkələrə üz tutur, biz deyəndə ki dövlətin gənclərə dəstəyi bir qrup yaltaq gənci əhatə edir, adımızı “vətən xaini” qoydular.

Ölkə başçısı gəncləri başına yığıb AXC hakimiyyətinin qeybətini etmək əvəzinə, gənclərin işsizlik probleminin həllindən danışmalıydı. Avropa Oyunları zamanı gəncləri “könüllü” cildinə salmaqla iş bitmir. Bu oyunlara sərf olunan milyardlar gənclərin probleminin həllinə yönəlsəydi, bu gün işsizlik fontan vurmazdı. Əgər ölkəyə neft milyardları gələndə gənclərin gələcəyi üçün körpü salınmayıbsa, bundan sonra hansı işlər görülə bilər? Əslində, hökumət komandasına nəzər salanda, gənclərə “qayğı”nı hiss etmək olur. Hökumətin özü qocalardan, təfəkkürü keçmişdən asılı qalıbsa, ölkə gəncliyinin işsiz qalması da təbiidir.

Bəli, “uğurlu gənclər siyasəti” nəticəsində işsiz gənclərin sayı artmaqdadır. Hökumət başa düşmür ki, ölkə gəncləri hökumətin qazanından qidalanan 5-10 nəfərdən ibarət deyil. Ölkədə 3 milyona yaxın gənc var. Aparılan siyasət təkcə milyardları məhv etməyib, həm də ölkənin gələcəyi olan gəncləri məhv edib./azadlıq/
711 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber