Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

Yalan deyirəmsə manatın gününə düşüm

Yol əhvalatı

Sizi deyə bilmərəm, ancaq şəxsən mənim ürəyim ağrıyır. Kinoda Kərbəlayının dediyi kimi, “heç Yadullanın müsibəti belə olmamışdı”. Kasıbçılığın üzü qara olsun. Heç yaraşardımı bizim nazirlərə "Naz-Lifan" sürmək təklif edilsin? Olimpiya stadionunda Ledi Qaqaya qulaq asan qaqalar indi ora sünnət toyuna gedəcəklər. Ancaq iki gün qabaq gördüyüm sərəncam lap faciəvi idi. Pulumuzun qurtardığını bilirdim, bu qədəri ağlıma gəlməzdi. Özünüz baxın, yalan deyirəmsə manatın gününə düşüm.

Fevralın 8-də prezidentin sərəncamı ilə Qobustan rayonunda Təklə-Sündü-Xilmili avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən pul ayrılıb. Yol 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirəcəkmiş. İşləri “Azəryolservis” görəcəkdir. Hə, “bəyi çox intizarda qoymayaq”, oxucular isə bizim bəylərimizdir, ağalarımızdır, nə buyursalar can-başla etməliyik, xüsusən qəzeti pul verib alan oxucuya hörmətimiz böyükdür. Uzun sözün qısası, sərəncama əsasən bu boyda yolun qayırılmasına... 700 min manat ayrılacaqdır!

Vay-vay... Kaş heç bu sərəncamı oxumazdım, oxuyan gözüm kor olaydı. A kişilər, 700 min manata da yol olar? O yolla getmək olar? Gedənin qıçı qırılar. O cür ucuz yol insanı nəinki Romaya, heç köhnə komaya aparıb çıxarmaz.

Biz görmüşük yolun hər kilometrinə minimum 1 milyon manat ayrılsın. Suötürücü keçidlərin qayrılmasına, müasir işıq dirəkləri, fosforlu yol işarələri basdırılmasına, qara kəhrəba kimi asfalt, platin-qızıl qarışıqlı çınqıl tökülməsinə kisə-kisə pul getməlidir. İndi bu cüzi pulla heç “Azəryolservis”in müdiri uşağına pampers ala bilməz, gəl gör yuxarıların haqqını versin. Özü də bu, devalvasiyaya uğramış manatla xərcdir, dollara çevirəndə heç 350 min dollar eləmir.

Müqayisə üçün prezidentin devalvasiyadan qabaqkı bənzər sərəncamına baxaq. Rayon Quba. Tarix 2014, 28 mart. Yeddi min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin DAVAM ETDİRİLMƏSİNƏ (fərqləndirmə mənimdir, yəni bu projenin hamısı deyil, cüzi hissəsidir, qabaq başqa pullar da ayrılıb, tapıb yazmağa həvəs olmadı, nəyinizə lazımdır ki, bunlar onsuz yeyib doyublar - Z.H.) 5,3 milyon manat ayrılmışdı.

Deyə bilərsiniz Quba Qobustandan çətin rayondur, o üzdən yolun bir kilometri iyirmi dəfə baha olub. Deyin, yiyəsiz ölkədir onsuz da, hamı ağzına gələni danışır, kimdən əskiksiniz? Ancaq bizim də cavabımız var. Tarix 2014, 8 iyun. Abşeron rayonu, 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Güzdək-Puta yolu. Ayrılan vəsait 7,6 milyon manat.

Yenə il 2014, 6 noyabr. Lənkəran rayonu. 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun bu dəfə də tikintisinin DAVAM ETDİRİLMƏSİNƏ 3,6 milyon manat ayrılıb.

Çox saya bilərdim, məncə, bəsdir. Həmin yol pulları adətən rayon icra hakimiyyətlərinə ayrılırdı, onlar da iki maşının yan-yana güclə keçdiyi darısqal cığırlar qayırıb vəsaiti rahatca basıb yeyirdilər. Bəs indi necə olacaq? 5 milyon dollara qayrılan yolu 350 min dollara qayırmağa hünər lazımdır.

Söhbət yoldan düşmüşkən, bir mənasız ümidə də münasibət bildirək. Hakimiyyət nümayəndələri Azərbaycanın guya Çinlə Avropa arasında önəmli nəqliyyat qovşağı olmasını tez-tez vurğulayır. Guya İpək yolu təzədən işə düşəcək, tacirlər yollarımızdan istifadə edəcək, biz də kalan pul qazanacağıq. Prezidentin köməkçisi Əli Həsənovun təzəlikcə dedikləri bu mənada tipikdir: “Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”.

Belə baxanda qəşəng səslənir. Hətta inandırıcı gəlir: Çindən qatar gəldi, Xəzərdən bərə ilə keçdi, Gürcüstan və Türkiyə üzərindən Avropaya girdi və sairə. Biri də var malı Çində gəmiyə vurub Hind okeanını, Atlantik okeanını dolanıb Avropaya çatasan. Uzun görünür. Gəmi qatardan azı iki həftə gec çatır. Ancaq hər şey belə sadə olsa nə vardı? Məsələ ondadır ki, bir qatarla uzağı 100 vaqon dartmaq olar. Lokomotivin gücü bu sahədə çox məhduddur. Okeanda isə çağdaş konteyner daşıyan gəmilər bundan qat-qat çox yük aparır. Misal üçün, “Maersk” firmasının bir dəfəyə 18 min konteyner aparan gəmiləri var! Özü də bu gəmilər Süveyş kanalından çox rahat keçirlər.

İndi özünüz baxın: 18 min konteyneri 2 həftəyə çatdırmaq sərfəlidir, yoxsa 150 konteyneri 1 həftəyə?

Zamin Hacı/musavat
884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34