Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

Kim kimi aldadır? - Məmurlar prezidenti, yoxsa prezident xalqı

Son günlər vəzifəli şəxslər bölgələrə səfər etməyə başlayıblar. Telekanallar da bu səfərləri islahat kimi təqdim edir, hökumətin vətəndaşa qayğısı kimi göstərir. Guya, vəzifəli şəxslər sadə vətəndaşın ayağına gedir və vətəndaşları bir-bir qarşılayaraq, problemlərini dinləyirlər. Amma reallıq AzTv-nin göstərdiyi kimi deyil və informasiya əsrində həqiqətləri gizlətmək mümkün olmur.

Əvvəla, məlum olur ki, məmurlara qarşı yerlərdə mənfi münasibət göstərilir. Ona görə də biri arxa qapıdan qaçır, biri vətəndaşları aldadıb görüşə getmir, biri sərt suallarla üzləşir, biri isə “inkişaf nağılı” danışdığı üçün qıanağa tuş gəlir. Son olaraq da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Şamaxı səfərində pərtlik yaşanıb. Redaksiyamıza daxil olan məlumata görə, Rövnəq Abdullayev Şamaxıya gəldikdə onunla görüşə yalnız büdcə təşkilatlarının nümayəndələri buraxılıb. Qeyd edək ki, əksər məmurların görüşləri bu qaydada təşkil olunur. Yəni, sıravi vətəndaşlara problemlərini diqqətə çatdırmaq üçün şərait yaradılmır. Şikayətə gələn vətəndaşlar qapı dalında saxlanılır, onların əvəzinə büdcə təşkilatlarında çalışanlar görüşə buraxılır. Lakin Rövnəq Abdullayevlə görüşə sıravi vətəndaşlardan biri də keçə bilib. Həmin şəxs görüş zamanı söz alaraq zalda oturanların büdcə təşkilatlarının işçiləri olduğunu Rövnəq Abdullayevin diqqətinə çatdırıb və həmin şəxsi zaldan çıxarıblar.

Ümumiyyətlə, hər dəfə məmurlar bölgələrə səfər edəndə əvvəlcədən hazırlanmış kontingentlə görüşürlər və bunu “vətəndaşı dinlədik” kimi təqdim edirlər. Hər dəfə məlum görüşlərdən sonra xəbər yayılır ki, yüzlərlə vətəndaş qəbula düşə bilməyib və məmurlar bir neçə adamı dinlədikdən sonra yoxa çıxıblar. Həm də narazı vətəndaşları məmurlardan uzaq tutmaq üçün polis kardonundan hasar çəkirlər.

Heç kimə sirr deyil ki, məmurların bölgələrə səfərləri son dövrlərdə bölgələrdəki etiraz aksiyaları ilə bağlıdır. Yəni, hökumət bölgələrdəki kütləvi narazılıqdan qorxur və vətəndaşları sakitləşdirmək, vaxt udmaq üçün məmurlar ezam olunub. Məmurların yerlərdəki çıxışlarından da görünür ki, məqsəd hansısa problemlərin həllinə nail olmaq deyil. Bir qayda olaraq məmurlar vətəndaşa keçmişdəki uğurlardan danışır, dünyadakı böhranı qabardır və gələcəklə bağlı boş vədlər verirlər.

Amma ortada bir müəmma var. Əgər bölgələrə səfərdə məqsəd vətəndaşı sakitləşdirməkdirsə, o zaman niyə narazı vətəndaşlarla görüş təşkil edilmir? Niyə hər dəfə büdcə təşkilatlarında çalışan adamlarla görüş təşkil edilir? Belə bir vəziyyətdə imitasiya etməyin məntiqi nədir?

Məmurlar bölgələrə göndərilib ki, narazı vətəndaşı dinləsin. Məmur isə bu səfəri 5-3 nəfər seçilmiş adamı dinləməklə yekunlaşdırır. Belə çıxır ki, məmurlar ölkə başçısını aldadır və hər dəfə yalan hesabatlar verilir. Yəni, komandanın ümumi qərarını yerinə yetirmək xatirinə bölgələrə səfər edilir və bu yarımçıq səfərlər telekanllar vasitəsilə “hökumətin qayğısı” kimi təqdim edilir. O zaman bu qənaətə gəlmək olur ki, Ilham Əluiev nəzarəti itirib və məmurlar onun mühüm tapşırıqlarını ciddiyə almır.

Amma bir məsələ də var ki, ölkə başçısı mətbuatı izlədiyini bildirir, hər şeydən xəbərdar olduğunu iddia edir. Yəni, bölgələrdə məmurların necə qarşılandığından, narazı vətəndaşlarla deyil, büdcə təşkilatlarında çalışan bir qrup şəxslərlə görüşüldüyündən xəbərdardı. Belə çıxır ki, bu ssenarinin arxasında ölkə başçısı özü dayanır. Hətta kritik məqamlarda da imitasiya siyasətindən imtina edilmir.

Baş verənlərə başqa formada cavab tapmaq çətindir. Ya məmurlar prezidenti aldadır, ya da prezident xalqı. Istənilən halda məmurların bölgələrə belə səfərləri narazılığın daha da artmasına səbəb ola bilər. Çünki, problemini dilə gətirmək istəyən, birbaşa vəzifəli şəxsin özü ilə təmasda olmaq istəyən vətəndaşın gözləntisi puç olur. Və bütün bunlardan sonra məmur “böhran ölkəmizə təsir etməyib” deməklə, əsəbləri daha da tarıma çəkir. Bir sözlə, məmurların bölgələrə ezam olunması, görüntü yaratmaq üçündür və sadə vətəndaşa heç bir müsbət təsiri yoxdur.

Samir
926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30