Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

“MTN işi”nin 4-cü ayı

Eldar Mahmudovla bərabər, cinayətlərdə adı keçən bəzi şəxslər də hələ azadlıqdadır

Ötən il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) gecəyarısı həyata keçirilən xüsusi əməliyyatın 4 ayı yaxınlaşır. Eldar Mahmudovun nazir kreslosu ilə vidalaşması ilə nəticələnən əməliyyatdan dərhal sonra nazirliyin mərkəz, idarə və şöbələrinin əksər əməkdaşları istintaqa cəlb olunublar.
Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, xeyli əməkdaşı həbsə alınmışdı.

Ləğv olunmuş nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in aparat rəhbəri general - mayor Fərhad Vahabov, Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, İstintaq Baş İdarəsinin rəis müavini Sahib Ələkbərov, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov, MTN-nin Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov, MTN əməkdaşları Mehman Abdullayev, polkovnik Füzuli Ələsgərzadə həbsdədir. Nazirlikdəki xüsusi əməliyyat zamanı həbsə alınan ilk 7 nəfərdən biri, qurumun Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada meyiti aşkarlandı.

Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı son məlumata görə, iş üzrə ümumilikdə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlardan 20 şəxs həbsə alınıb. 1 nəfər barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib. İstintaqdan yayınan 1 şəxs barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

İş üzrə qaçaq statusunda olan şəxsin MTN-in “işverəni” kimi adı çıxarmış, Eldar Mahmudovun yaxın ətrafına daxil olan “Akula Akif” kimi tanınan Akif Mustafayev olduğu bildilir. A.Mustafayevin Fransada gizlənməsi haqda mətbuatda yazılar dərc olunub.
İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

MTN-dən qovulanların isə sayı-hesabı yoxdur. Onlardan bir neçəsinin kimliyini dəqiqləşdirə bilmişik. Qovulanlar sırasında Eldar Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev də var. Bu şəxs MTN-in hərbi hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib. V.Allahquliyev 2015-ci il martın 27-də general-mayor rütbəsi ilə təltif edilib. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə, Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.

Eldar Mahmudovun nazirliyi dövründə Baş İdarə rəisi olan general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin əməkdaşı Aysel Əlizadə və adlarını dəqiqləşdirə bilmədiyimiz bir çox vəzifəli şəxslər qurumun ləğvindən əvvəl tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. MTN-in əvəzində yaradılan yeni quruma isə bu şəxslərin geri qaytarılmadığı haqda məlumatlar var.

Ötən 4 ay ərzində bir neçə dəfə Eldar Mahmudovun həbs olunması xəbəri yayılsa da, hər dəfə bu xəbər təsdiqini tapmayıb. Son 10 ildə MTN-ə rəhbərlik edən, orada baş verən ağır cinayətlərə bu və ya digər formada aidiyyəti olan sabiq nazirin həbs olunmaması bir çox suallar doğurur. Bəzi ehtimallara görə, E.Mahmudovun həbsinin yubanması istintaqın onun əleyhinə materiallar toplaması ilə əlaqədardır.

Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, onun tərəfindən MTN-ə cəlb olunan və nazir müavini vəzifəsinə qədər irəli çəkilən Hilal Əsədov da bu gün azadlıqdadır. Sahibkarlara qan udduranların sırasında ilk cərgədə qərarlaşan Baş İstintaq İdarəsinin rəhbəri Mövlan Şıxəliyev də azadlıqdır. O, Novxanıdakı pəncərələri dənizə açılan imarətində istirahət edir. Halbuki M.Şıxəliyevin adı MTN-də sahibkarlara qarşı həyata keçirilən terror əməliyyatının aktiv iştirakçısı kimi dəfələrlə çəkilib.

“MTN işi” üzrə həbs olunanlar Bakı istintaq Təcridxanasında saxlanılırlar. Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 3 maddəsi - 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham irəli sürülüb./musavat/
1425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06