Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Əliyev “zəhmətkeş məktubları”nın ümidinə qalıb

Prezidentə ünvanlanan yüzminlərlə şikayət məktubları niyə tirajlanmır?

Hökumət mətbuatı yenə də öz ampluasındadır. “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “Səs” və bu qəbildən olan qəzetlər ötən buraxılışın 4-5 səhifəsini “zəhmətkeş məktubları”na həsr ediblər. Əslində, bunları çox qınamaq da olmur. Ölkə həqiqətlərindən yaza bilmirlər, məqsədləri mətbuata xidmət deyil və missiyaları yuxarıdan gələn materialları tirajlamaqdan ibarətdir. Təbii ki, bu palaz boyda yazıları heç kim oxumur və prezidentə gələn “zəhmetkəş məktubları”nda nə yazılması heç kimə maraqlı deyil.

Deməli, yuxarıda adını sadaladığımız qəzetlər Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılovun təhlil materialını tirajlayıblar. Materilada ölkənin müxətlif rayonlarından prezidentin ünvanına gəlmiş təriflər, xoş sözlər, minnətdarlıqlar yer alır. Hətta dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın uğurlu inkişafa, Avropa oyunlarına, sabitliyə görə prezidentə məktublar ünvanladıqları tirajlanıb. Sən demə, ölkə əhalisinin heç bir problemi yox imiş və xalq kağız-qələmə sarılıb prezidentə təşəkkür məktubları yazırmış. Nə hikmətdirsə, minlərlə məktubun içində şikayət edən, haqsızlıqdan, kasibçılıqdan, özbaşınalıqdan yazan bir nəfər də yoxdur. Bəli, yuxarıda adını sadaladığım qəzetlər bu “zəhmətkeş məktubları”nı “elin gözü tərəzidir” kimi təqdim ediblər.


Ölkədə böhran fontan vurur, 2.5 milyon vətəndaş kredit borcu ödəyir, işsizlik səviyyəsi hər gün artır, bütün məhsulların qiyməti qaldırılıb, vətəndaş 150-200 manatın girovuna çevrilib, bölgələrdə sosial vəziyyətin ağırlığı səbəbindən etiraz aksiyaları keçirilir, hökumət mətbuatısa “xalq xoşbəxtdir” mesajı verir. Deməli, hansısa vətəndaşın prezidentə xoş sözlər yazması “elin gözü” olur, amma Gəncədə, Füzulidə, Siyəzəndə, Ağdaşda, Ağcabədidə dolana bilmədiyi üçün etiraz edən yüzlərlə insan “bir qrup adam” kimi təqdim edilir.

Axı banklara 22 milyard borcu olan vətəndaş prezidentə necə “sevgi məktubları” yaza bilər? Hər gün 2-3 adam borca görə intihar edir, ailələr təhsil haqlarını, zəruri ehtiyaclarını, kirayə pulunu ödəyə bilmir. Bu boyda zillətin içində olan vətəndaş “Avropa oyunlarına görə sizə təşəkkür edirəm” deyə bilərmi?

Əgər bütün bölgələrdən prezidentə tərif məktubları gəlirsə, hamı xoşbəxtdirsə, niyə məmurlar bölgələrə tökülüb, camaata boş vədlər verir? Niyə prezident bölgələrə gedəndə sadə vətəndaşlar küçələrdən yığışdırılır və büdcə təşkilatlarında çalışanlar önə verilir? Əgər Prezident Aparatı prezidentə gələn tərif məktubları ilə çalxalanırsa, prezident niyə vətəndaşdan uzaq gəzir? Əgər xalqın bu hakimiyyətə, bu prezidentə bu qədər böyük etimadı varsa, niyə seçkilər kobud şəkildə saxtalaşdırılır. Vətəndaş prezidenti sevirsə, deməli, seçkiyə gedib sevdiyi prezidentə səs verəcək. Əgər belədirsə, bu təlaş, bu repressiya nədən doğur?

2 milyondan artıq vətəndaş dolanışıq üçün ölkə xaricinə üz tutub, rəsmi statistikaya görə, ən çox işsizlik gənclər arasındadır, ölkənin büdcəsi hansısa telefon şirkətinin büdcəsindən 5 dəfə azdır, mağazalar “nisyə dəftərləri” ilə doludur, pusluz fəaliyyət göstərməli olan dövlət xəstəxanalarında xəstə soyulur, prezident yumurtadan başqa heç bir məhsulun qiymətini endirə bilmir və buna görə xalq prezidentə qalaq-qalaq təşəkkür məktubu yazır?

Təkcə sosial şəbəkələrə nəzər salmaq, bölgələrdə insanlarla təmasda olmaq kifayət edir ki, xalqın bu hökumətə nifrətini hiss edəsən.

Amma ən dəhşətlisi budur ki, vətəndaş hökumətdən anti-böhran tədbiri gözləyir, borcu olan güzəşt istəyir, hökumət isə “xalq məni sevir” deməklə məşğuldur…

Onminlərlə şikayət məktubları kənarda qalıb, illərlə prezidenət müraciət edənlərə cavab verilmir, əvəzində prezidentə gələn “zəhmətkeş məktubları” tirajlanır. Redaksiyamıza daxil olan şikayətlərin əksəriyyətində “Prezidentə, Heydər Əliyev Fonduna dəfələrlə müraciət etmişik” yazılır.

Ümumiyyətlə, indiki ağır vəziyyətdə qəzet səhifələrini prezidentə gələn məktublarla doldurmağın mənası nədir? Hansısa rayonun, hansısa kəndindən, hansısa təqaüdçünün prezidentə yazdığı xoş sözlər kimə lazımdır? Onsuz da AzTV-lər hər gün belə adamları tapıb, ekrana çıxarır və camaatda ikrah hissi yarada bilir.

Demək olar, məlum materialda Azərbaycanın bütün rayonlarının, kəndlərinin adı yazılıb və bütün peşə sahiblərinin adından prezidentə xoş sözlər yazılıb.

Bu da hökumətin anti-böhran tədbiri. Əslində bütün qəzetlərin bu söz yığınını tirajlamaqda məqsədi, cəmiyyətdə çaşqınlıq yartmaqdı. Hökumətə etiraz edən adamları “əksəriyyət prezidentdən razıdır” mesajı verməklə, həvəsdən salmaq istəyirlər. Amma belə ucuz təbliğatla heç nəyə nail olmaq mümkün deyil və belə “taktika”lar ironiya ilə qarşılanır./azadlıq/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12