Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Hökumət adamlarının qırğını və xəstəlikləri

Qəmim pünhan tutardim mən, dedilər yarə qıl rövşən

Desəm, ol bivəfa, bilməm, inanarmı, inanmazmı?


(Məhəmməd Füzuli)


Manatın gözündə hələ ümid qığılcımları civildəşirdi (noyabr), Əliyevlərin keçmiş baş prokuroru Əli Ömərovun 4 səhifəlik müsahibəsi necə oldusa, Paris küçələrində qabağıma çıxdı. Ürəyimin genişliyinə bir baxın, gözümü Parisdən çəkib Əli müəllimin nəhəng müsahibəsinə zillədim. Oxu ki oxuyasan, qurtarmır. Oxuduqca düşünürəm, bir insan ilin-günün bu vaxtında, bu boyda müsahibəni niyə versin?

Çünki müsahibədə dişə vurulası nəsə yoxdur. Söhbət təxminən bu tərzdə davam edir: “Vallah, onu mən bilmərəm, üz vurma, deyə bilmərəm, bu haqda sonra və s.”

Yox, adam bu boyda danışıbsa, onu dilləndirən nəsə olmalıdır… Nəhayət, tapdım. 4 səhifəlik müsahibənin məhvərində 2 cümləlik şikayət dururdu. Əli müəllim şikayətlənirdi ki, nəinki bağ evi, villası yoxdur, heç sağlamlığı üçün lazım olan dərmanlara da pul çatdırmır.

Ayarış üçün: Əli Ömərov təkcə keçmiş baş prokuror deyil, o eyni zamanda, qəttəzə YAP-çıdı. Müəllim o müsahibəni verəndə bir il idi ki, YAP-a üzv qəbul olunmuşdu. Bu yeri yadınızda saxlayın, yenə qayıdacağıq, indi isə keçək başqa məsələyə.

***

Keçən əsrdə alovlu əliyevçi yazıları və müxalifətə yönəlik şiddətli, qərəzli məqalələri ilə yaddaşlara düşən Firuz Haşımovun o gün “Azadlıq” qəzetində şikayətini oxudum. Ey dili-qafil! Yox, mən ona toxunmuram ki, Haşımov saçlarını iqtidar düşərgəsində müxalifətə şər-şəbədə toxumaqla ağartsa da, indi onun şikayətini dərc etməyə öz məhəlləsində bir qəzet də yoxdur. Qəzet var e, sadəcə, onlara F. Haşımovun şikayəti lazım deyil. Çünki Haşımov elə o məhəllənin hörmətli şəxsi – deputat Elmira Axundova ilə davaya qalxıb.

Ay camaat, bu gün də özünü Əliyevin əsgəri adlandıran Haşımov prezidentə ünvanlanan məqalə-müraciətində yazır ki, dərman almağa çətinlik çəkir. Indi də deputat Elmira Axundova onu məhkəmədə 5 min cərimələtdirib, deməli, dərmanın pulu gedəcək işinin dalınca. Haşımov məhkəmənin ədalətsiz qərar verdiyini də vurğulayır. Gör haa, heç demə bizim ölkədə məhkəmələr ədalətsiz qərar da verə bilirmiş.

***

Bu iki bariz nümunəni “yapçılar da ağlayır” ifadəsi altında ümumiləşdirə bilərik. Bu yerdə sözümüz düz anlaşılsın deyə, bəzi dəqiqləşdirmələr edək. Bəndeyi-həqiriniz əsla demək istəmir ki, nə qədər dərman pulu tapa bilməyən, kasıb var, hökumətə qarşı çıxmalıdır, müxalifətdə dayanmalıdır, yaxud əksinə, varlıların hamısı hakimiyyəti müdafiə etməyə mükəlləfdir. Xeyr! Belə qayda heç yerdə yoxdur, olsa, anormallıqdır. Bütün cəmiyyətlərdə kasıb və varlı insanlar var. Fəqət, o yerdə ki, insanın kasıb yaşamasının baiskarı fərdi qabiliyyətsizliyi, bacarıqsızlığı deyil, hokumətin yaratdığı yarıtmaz şəraitdir, bax, həmin yerdə müxalif olmaq, sistemi dəyişmək bir vicdan öhdəliyidir. Səni zəlil günə qoyan, sağlamlığını, şəxsiyyətini əzən bir sistemə tərifnamə oxumaq, onun əsgəri olmaq psixoloqların araşdırmalı olduğu mövzudur.

Əli Ömərov şər rejiminin prokuroru olub və bu zalım rejimin ayaqda dayanması üçün çoxlu qanunsuz sanksiyalara da imza atıb. Fəqət, bu adam “Təfəkkür”, yaxud “ABU”nun məzunu olmayıb, sovet vaxtı normal təhsil alıb, hüquqçudur, ömrünün xeyli hissəsini dövlət qulluğunda keçirib. Üstəlik, bu yoldaş regionun “analoqsuz inkişaf edən ölkəsi”ndə təqaüdçüdür. Bizim eldə səhiyyə xidməti PULSUZ elan edilibsə, dərmanların qiymətinə dövlət başçısı şəxsən nəzarət edirsə, bəs bu müəllim niyə dərmana pul çatdıra bilmir, hə? Demək, nəsə yolunda deyil.

Eyni şeyləri Firuz Haşımov barədə də demək olar. Onun istedadını qətiyyən inkar eləmək olmaz. Ciddi mütaliə sahibidir, sözlə işləməyi yaxşı bacarır. Firuz müəllim “Tanrının ona verdiyi ilham atını heydərimzin yolunda eşşək kimi işlətmişdir”. Bəs niyə indi bu adam öz istedadını realizə edə bilmir? Niyə o, yazdıqları ilə dolana bilmir?

Demək, burda da nəsə öz yerində oturmayıb. Obyektiv təhlil deyir ki, o “nəsə” dövlət aparatıdır, Ilham Əliyevdir, onun yarıtmaz kadr siyasətdir.

***

Əli Ömərov, Firuz Haşımovlar isə “Nuh deyir, peyğəmbər demir”. Ən qorxulusu da bu cür düşüncədir. Bir var Siyavuş Novruzov olmaq, bu, aydın bir fenomendir. Siyavuş müəllimdən cəmiyyətə zərər gəlməz. Çünki hamı dəqiq bilir ki, Siyavuş müəllim nə deyirsə, onu 180 dərəcə dəyişib oxuyanda haqq əyan olur. Amma yuxarıda adların zikr elədiyimiz adamlardan baş açmaq üçün onların dediyini, bir dəfə UZI-dən, iki dəfə rentgendən, 2 dəfə “Maqnit rezonans tomoqrafiya”sından keçirməlisən. Ərbakan necə demişdi: “Yalanların ən qorxulusu, həqiqətə ən çox bənzəyənidir”. Həqiqətə çox oxşayan yalan danışanlardan uzaq gəzən, xəzinə tapmış adamdı, bundan özünün xəbəri yoxdur.

***

Qaldı ki, söhbətimizə əvvəldən qonaq olan, milyon yarımlıq evi üzə çıxan (bu hələ bir evidir) deputat Elmira Axundovaya., şükür, o evi danmadı, heç bizi şoka salmamaq üçün “qonararlarımı toplayıb almışam” da demədi.

O belə buyurmuşdu: “Məgər mənə çoxillik fəaliyyətim və xidmətlərim qarşısında yaxşı mənzil bağışlana bilməzdimi?”

Deməli, mənzil bağışlanıb. Bəs kim bağışlayıb? Dövlət bağışlamayıb. Belə olsaydı, rəsmi xəbərlərdə keçərdi, Elmira xanım özü də bunu ucadan bəyan edərdi.

Elmira xanımın acığına gəlsə də, öz aramızda düşünmək üçün sual verək: biz hansı ölkədə yaşayırıq ki, orda insanlar bir-birinə milyon yarımlıq mülk hədiyyə edirlər?! Belə şey Hollivud filmlərində də olmur. Elmira xanım yerin-göyün mələklərini də fəryad edib köməyə çağırsa, bu məsələdən təmiz çıxa bilməz. Bəli, şanlı Azərbaycan məhkəmələri onu qalib elan edə bilər (o, Firuz Haşımovu məhkəməyə verib 5 min udub), ancaq çörəyi qulağına yeməyən hər kəsə bəllidir ki, bu mənzilin arxasında onun qiyməti boyda qara şübhə dayanır.

***

Yapistlərin bu qırğın-davasına, gileylənməyinə bu qədər vaxtı nə üçün ayırdım? Onu demək istədim ki, şərə könül verən adam gec-tez rüsvayi-cahan olmağa məhkumdur. Müvəqqəti komfort, taktiki uğur şərlə əməkdaşlıqda ola bilər. Amma ümumi hesab kəsiləndə sən uduzacaqsan. Şər mücərrəd deyil, o, indi bizim ölkədə hakim recimin simasında təcəssüm edib. Heç şübhə eləmirəm ki, ölkəmizdə normal, azad, demokratik sistem olsaydı, ədalət az-maz bərqərar olsaydı, nə Əli Ömərovun, Firuz Haşımovun dərman ala bilmək üçün özlərindən qat-qat savadsız, qabiliyyətsiz insanlara yarınmağa, onlara xoş gələn davranış, həyat tərzi keçirməyə ehtiyacı qalacaqdı, nə də Elmira xanım kimi qələm adamının ondan-bundan yaşamaq üçün mənzil ummasına…

Bəlkə, yanılıram?!

Natiq Güləhmədoğlu
1062 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP