Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2016

Misir Mərdanovun adı şok yeyinti ittihamında

Ötən ilin noyabr ayında rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasov yenidən medianın gündəminə gəlib.

Ay yarım susqunluqdan sonra ötən ayın sonunda mediaya qısa açıqlama verən sabiq nazir, nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalovu şantajda suçlamış, həbsdəki yaxın adamının “oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun”, - mesajına ciddi təpki göstərmişdi.

“Mən çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim”, deyən Ə.Abbasovun narahat olması üçün ciddi əsasları var. Artıq bir neçə aydır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, eləcə də Vergilər Nazirliyi RYTN-də yoxlamalar aparır. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda bir neçə cinayət işi artıq yekunlaşmaq üzrədir.

Yeri gəlmişkən, unikal.org Ə.Abbasovun Goradildəki bağ evindən 1 milyon manat pul oğurlanması haqda sensasion xəbər yayıb. Xəbərdə deyilir ki, hadisə ilə bağlı araşdırma MTN tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər. Görünür, Ə.Abbasov o vaxt bu cinayəti gizli saxlamaqla “təmiz reputasiyasının” qayğısına qalıb.

Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin toplantısında RYTN-də baş verən korrupsiya faktlarından danışarkən “yoxlamalar göstərir ki, dövlətin ayırdığı vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir” deyib.
“Yeni Müsavat” Əli Abbasovun ev dustağı edildiyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə dəfə dindirilməsi ilə bağlı əvvəllər də məlumat yayıb.

Ə.Abbasov istintaq dövründə özünü həbsdən qoruya bilib, amma məlumatlara görə, fevralın sonu-martın əvvəlində başlayacaq məhkəmə prosesi sabiq naziri ciddi təlaşlandırıb.

Hüquq-mühafizə orqanlarına yaxın mənbə deyib ki, sabiq nazir “səhhəti ilə bağlı” iki dəfə rəsmi müraciət edərək, xaricə getmək üçün izn istəyib. Amma ona deyilib ki, barəsində ölkədən çıxmamaq yasağı var. Çünki bütün iri mənimsəmə faktlarında sabiq nazirin imzası və ya razılığı var ki, bu da istintaqa məlumdur.

Xatırladaq ki, Vidadi Zeynalovdan başqa Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov və daha bir neçə nəfər həbsdədir. Onlar Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Vidadi Zeynalovun və digərlərinin Ə.Abbasovu “top ağzına” verməsi onların vaxtilə iqtidardakı himayədarlarını da hədəfə gətirib. Onlardan biri də sabiq təhsil naziri Misir Mərdanovdur. “Yeni Müsavat” hələ bir müddət əvvəl yazmışdı ki, V.Zeynalov əslində Ə. Abbasovun deyil, Misir Mərdanovun kadrıdır. Belə ki, Əli Abbasov İqtisad Universitetinin rektoru olanda prorektor vəzifəsinə Vidadi Zeynalovu məhz o zaman təhsil naziri işləyən M.Mərdanov təyin edib.

Məlumata görə, bu təyinata qədər V.Zeynalov işsiz imiş. Əli Abbasov nazir getdikdən sonra M.Mərdanov Vidadi Zeynalovun bu dəfə aparat rəhbəri postuna təyin edilməsinə nail olub. Sonra isə o da M.Mərdanova yaxşılığının əvəzini ödəməyə çalışıb. Nazirin qardaşı İlham Mərdanovu özünə müavin təyin etdirib. V.Zeynalovun “sağ əli” kimi tanınan İ.Mərdanov bir aya yaxındır işdən çıxarılıb və onun da istintaqa cəlb olunduğu və bir neçə dəfə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirildiyi deyilir.

V.Zeynalovun M.Mərdanovun kadrı olmasını yenidən gündəmə gətirən moderator.az saytı sensasion bir xəbərə yer verib. “Misir Mərdanov Vidadi Zeynalovu Əli Abbasovun yanına pərçim etməklə əslində çox böyük qəbahət etdiyini etiraf etməyə məhkumdur. Kimsəyə pislik etmək əlindən gəlməyən Əli Abbasovun üzləşdiyi bu aqibətə görə o da günahkardır...” , - yazan sayt sabiq təhsil nazirinin həbsdəki aparat rəhbəri ilə sensasion maliyyə maxinasiyasına toxunub: “Bir neçə il öncə prezident İlham Əliyevin sərəncamı ilə ölkənin ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı üçün sərəncamla ayırdığı 30 milyon manat vəsaitin də “şəffaf şəkildə, qəpiyinəcən təyinatı üzrə xərclənməsi"nə də o, vaxtkı təhsil naziri Misir Mərdanovla Vidadi Zeynalov rəhbərlik ediblər".

Şübhəsiz ki, V.Zeynalova açılmış cinayət işində bu epizod da yer alır. Çünki söhbət 30 milyon manatdan gedir ki, bunun istintaqın nəzərindən yayınması inandırıcı deyil. Üstəlik, bu iş birbaşa prezidentin nəzarəti altındadır.

1998-ci ildən 2013-cü ilin aprelinədək təhsil naziri postunu tutan M.Mərdanov təhsil sahəsində acınacaqlı vəziyyətə görə ən çox tənqid olunan məmurlardan biri idi. Hazırda MEA-nın Riyaziyyat İnstitutuna rəhbərlik edən M.Mərdanovun adının qardaşının RYTN-dən işdən çıxarılmasından sonra “yeyinti” ittihamı ilə gündəmə gəlməsi maraq doğurur.
Olmaya V.Zeynalov onu da istintaqda ələ verib?.../KİV/
775 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06