Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

Hansı haqla inkişafdan danışırsız?

Statistik rəqəmlər də əhalinin müflisləşdiyini təsdiqləyir

Uzun illərdi hökumət vətəndaşın gəlirlərinin artdığını, yoxsulluq səviyyəsinin azaldığını iddia edir. Ümumiyyətlə, reallıq bundan ibarət olub ki, neft milyardlarını bir qrup mənimsəyib və cəmiyyətə “analoqsuz inkişaf edirik” mesajı verilib. Yəni, bir qrup adamın komfort həyatını, xalqın həyat tərzi kimi təqdim ediblər.

Amma artıq neftin qiyməti 4 dəfə aşağı düşüb və hökumətin yalanları tam ifşa olunub. Reallıq budur ki, uzun illər ərzində heç bir real sektora yatırım edilməyib, dövlətin taleyi neftdən asılı vəziyyətə gətirilib. Büdcəmiz göz qabağındadır, əhalinin banklara 22 milyard borcu var, dövlətin xarici borcu 10 milyardlarla ölçülür, işsizlik və bahalıq hər gün özünü aydın şəkildə göstərir və s. Amma hökumət bu vəziyyətdə də xalqı aldatmaqdan çəkinmir, vətəndaşa qayğıdan danışır. Məsələn, milli valyutanın 130 fazi devalvasiyasından, üstəlik qiymətlərin 30-40 faiz qalxmasından sonra, ölkə başçısının sərəncamı ilə təqaüdlər və maaşlar 10 faiz artırıldı. Hökumət bu addımı humanizm kimi təqdim etdi. Hətta ölkə başçısı bildirdi ki, dünyanın heç bir ölkəsi böhran şəraitində belə bir addım ata bilməzdi. Hansıki, milli valyutanın görünməmiş həddə ucuzlaşması və məhsulların qiymətinin kəskin artmasından sonra, maaşların 10 faiz artırılması gülünc addım idi.


Məsələ burasındadır ki, hökumət nə qədər reallığı gizlətmək istəsə də rəsmi açıqlamalar reallığı ortaya qoyur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ərzaq malları 18,3%, qeyri-ərzaq mallarıÿ17,2%, əhaliyə xidmətlərÿ4,6%ÿbahalaşıb. Eyni zamanda bildirilir ki, 18,3 faiz bahalaşma 547 mal və xidmət növünün qiymətlərinin təhlili əsasından müəyyən edilib.

Qeyd edək ki, bahalaşma DSK-nın iddia etdiyi kimi 18,3 faiz deyil. Ən azından gündəlik təlabat mallarını aldıqda qiymətlərin nə qədər qalxdığını müəyyən edə bilirik. Yaxşı olar ki, DSK həmin 547 adda məhsulun siyahısını dərc etsin. Böyük ehtimalla bu 547 adda məhsulun əksəriyyəti gündəlik tələabat mallarına daxil deyil. Məsələn, devalvasiydan əvvəl “Supersun” yağı 6.4 manata satılırdısa, indi 8.6 manata satılır. Bu isə 30 faizdən çox artım deməkdir. Yaxud, devalvasiyadan əvvəl 20 qəpiyə satılan birdəfəlik üzqırxan bu gün 30 qəpiyə satılır. Bu isə 50 faiz artım deməkdir. Bu siyahını davam etdirmək də olar. Amma məqsədimiz tamam başqa bir nüansa diqqət çəkməkdir.

Gəlin, təsəvvür edək ki, DSK-nın rəqəmləri həqiqəti əks etdirir. Bu zaman hökumətin təbliğatı yenə ifşa edilir. Yuxarıda qeyd etdiyimiz kimi ölkə başçısının sərəncamı ilə təqaüdlər və maaşlar 10 faiz artırıldı. DSK-da idda edir ki, bahalaşma 18.3 fazidir. Hətta rəsmi rəqəmlər də göstərir ki, vətəndaş 8 faiz kasıblaşıb. Bəli, rəsmi statistika bahalaşmanı nə qədər azaltmaq istəsə də 18.3 fazidən aşağı sala bilməyib. Deməli, bu 18.3 fazilik bahalaşmadan, prezidentin 10 faizlik “humanizm”ini çıxdıqda, yenə də vəziyyət kritikdir.

Bu rəqəmləri müxalifət, yaxud hansısa beynəlxalq təşkilat iddia etmir. DSK-nın rəsmi açıqlamasıdır. Ona görə biz də rəsmi rəqəmlərə istinad edərək nəticəni göstəririk. Rəsmi etriaf isə budur ki, əhali ən azı 8 faiz kasıblaşıb, yaşayış səviyyəsi 8 faiz enib, əhalinin gəlirləri 8 faiz azalıb.

Görəsən, bundan sonra hansı əsasla inkişafdan danışacaqlar? Bu rəqəmlərdən sonra 10 faizlik artımın uğurundan danışmaq, vətəndaşı təhqir etmək deyilmi?/azadlıq/
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27