Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2016

Keçmiş müstəntiq “Azadlıq”a müsahibədən sonra prokurorluğa çağırıldı

Rüfət Səfərov: «Mən hər şey gözləyirəm və yenidən həbs olunmağımı da istisna etmirəm»

Ölkədə baş alıb gedən qanunsuzluqlara, məmur özbaşınalıqlarına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən, ardınca da həbs olunub, bir həftə sonra ev dustaqlığına buraxılan Rüfət Səfərov dünən “Azadlıq”a müsahibəsindən dərhal sonra yenidən istintaqa çağırılıb. Bu barədə “Azadlıq”a açıqlama verən Rüfət Səfərov bildirib ki, dünən günorta saat 12 radələrində Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin müstəntiqi onunla əlaqə saxlayaraq, istintaqa dəvət edib.

Müstəntiq ona çağırılmasının səbəbini deməsə də, Rüfət Səfərov idarəyə getməmişdən əvvəl verdiyi açıqlamada bunun “Azadlıq”a müsahibəsilə əlaqəli olduğunu istisna etməyib: “Mən həbsdən buraxılandan sonra bir dəfə də olsun, istintaqa çağırılmamışdım. ”Azadlıq” qəzetində mənim bir müsahibəm çıxdı. Mən orada öz fikirlərimi ifadə etmişəm. Bir aydan sonra istintaqa dəvət olunmağımın həmin müsahibə ilə bağlı olduğunu da istisna etmirəm”.


“Necə düşünürsüz, prokurorluğa çağırılmağınız həqiqətən istintaq hərəkəti aparılmasına görədir, yoxsa sizə xəbərdarlıqdır?” sualına isə keçmiş müstəntiq belə cavab verib: “Dəqiq bir söz deməkdə çətinlik çəkirəm. Amma bir ay ərzində dəvət olunmamağım düşünməyə əsas verir ki, bu, istintaq hərəkəti deyil. Necə olur ki, məhz ”Azadlıq” qəzetində müsahibəm çıxan kimi istintaqa dəvət olunuram?!”

Rüfət Səfərov yenidən həbs olunmasını da istisna etmir: “Mən hər şey gözləyirəm və yenidən həbs olunmağımı da istisna etmirəm. Necə ki, həbsim mənim üçün gözlənilməz deyildi, eləcə də ev dustaqlığının həbslə əvəzlənməsi də gözləniləndi. Açığı, buna da hazıram. Əminlikdə deyirəm ki, barəmdə qaldırılan cinayət işinin, mənə qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur. Bu baxımdan tam rahatam”.

Rüfət Səfərov məruz qaldığı təzyiqlər, hədələrdən də danışıb: “Bununla əlaqədar Binəqədi Rayon Polis Idarəsinə müraciət etdim. Mənim izahatımı aldılar. Əgər cinayət işi başlanmayıbsa, bu halda, mənə gəlib-gedən zənglərin siyahısının çıxarılması çətin məsələdir. Yəni bu məsələ hələ də açıq qalıb. Hansı təhdidlərə, alçaldıcı ifadələrə məruz qaldığımı dilə gətirmək istəmirəm. Bütün bunları da özümün son dövrlərdəki fəaliyyətimlə əlaqələndirirəm”.

Dünən günorta saat 15.00 radələrində Rüfət Səfərov vəkili Bəhruz Bayramovla birlikdə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə gedib. Qeyd edək ki, onun barəsində başlanmış cinayət işinin istintaqı bu qurumda aparılır. Təxminən bir saatdan sonra idarədən çıxan Rüfət Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, onunla bağlı müəyyən istintaq hərəkətləri həyata keçirilib. Rüfət Səfərov iltizama imza atmasını əsas gətirərək detallar barədə məlumat verməsə də, qeyd edib ki, fevralın 13-də yenidən istintaqa dəvət olunub.

Xatırladaq ki, Rüfət Səfərov dekabrın 20-də prokurorluqdan istefa verib. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı evdə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə ittiham irəli sürülərək həbs olunub. Yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkilinin vəsatətini təmin edib və Rüfət Səfərov azadlığa buraxılıb.
595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP