Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Azərbaycan Quantanamosu

Ölkə həbsxanları işgəncə yuvasına çevrilir

Mövcud hakimiyyət hər zaman xalqa sübut etməyə çalışıb ki, dünyanın hər yerində zülm ərşə dirənib, insanların hüquqları pozulur və yeganə cənnət məkan Azərbaycandır. AzTv-nin hər gün dünyanın müxtəlif yerlərindəki etiraz aksiyalarını, zəlzələləri, daşqınları, polis zorakılığını əks etdirən görüntülər tirajlaması da məhz bu siyasətin davamıdır. Yəni, hökumət yalnız dünyadakı mənfi halları göstərməklə, vətəndaşı “şükr” eləməyə çağırır. Demək istəyirlər ki, ölkədə korrupsiya, ədalətsizlik, səfalət hökm sürsə də, təkcə sabitliyə görə dözmək lazımdır.

Amma indi informasiya əsridir və AzTv-lər reallığı gizlədə bilmir. Mitinqlərdəki zorakılıqlar, polisin vətəndaşla kobud rəftarı, ümumiyyətlə ölkədəki qanunsuz hallar dərhal ictimailəşir və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilir.

Xüsusən də insan haqlarından, azadlıqlardan söhbət düşəndə, hökumət Quantanamo həbsxanasını nümunə gətirir və bu həbsxanada dustaqlara cəza verilməsi haqqında silsilə yazılar dərc edilir. Amma ölkə həbsxanalarında baş verənlər göstərir ki, Azərbaycan özü Quantanamoya çevrilib. Bəli, tez-tez ölkə həbsxanalarındakı acınacaqlı vəziyyətlə bağlı faktlar ortaya çıxır və məhbusların vəhşicəsinə öldürülməsinin şahidi oluruq.

Bir müddət əvvəl 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayev adlı soydaşımız vəhşicəsinə döyülərək öldürüldü. Bu hadisə böyük səs-küyə səbəb olsa da günahkarlar məsuliyyətdən yayındırıldı. Üstəlik, Elşad Babayevin döyülərək öldürülməsinə etiraz edən dustaqlar da döyüldü, karserə salındı. Ardınca həbsxanadan daha sensasiyalı xəbər gəldi. Məlum oldu ki, Lamiyə adlı qız həbsxanada uşaq dünyaya gətirib. Bu hadisə sonradan bir çox mətləbləri ortaya çıxardı və sistemin nə qədər iyrənc olduğunu göstərdi.

Daha sonra 1975-ci il təvəllüdlü Ibrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü mələfə ilə asdı. Ümumiyyətlə, Azərbyacan həbsxanalarındakı neqativ hallarla bağlı faktlar çoxdur.

Fevralın 12-də baş vermiş hadisə isə həbsxanalardakı hüquqsuzluğun, məsuliyyətsizliyin, nəzarətsizliyin daha bir sübutu oldu. Bu dəfə də 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumun döyülərək öldürüldüyü məlum oldu. Daha iki məhbus isə ölümcül halda Məhkumların Müalicə Müəssisəsinə aparılıb.

Ölən məhkumlardan biri Nurani Ibrahimovun ailəsinə məlumat verilib ki, oğlunuz mədə ağrısından ölüb. Ailəsi isə qeyd edir ki, Nuraninin ayaqları sınıdırılıb, ciyəri partladılıb.

Mərhumun atası Fuad Ibrahimov isə bunları deyib: “Oğlumdan başqa bir məhkum da öldürülüb. Hər ikisini vəhşicəsinə döyüblər. Sonra onları Məhkumların Müalicə Müəssisəsinə aparıblar. Zəng edib dedilər ki, guya oğlun narkotik maddə istifadə edib. Buna görə də ölüb. Siqaret çəkməyən adam idi. Hər kəs onu namaz qılan, haqq sözün deyən biri kimi tanıyır”.

Quantanamo həbsxanasına görə ABŞ-ı qınayan hökumət bu faktlara da cavab versin. Azərbaycan həbsxanaları işgəncə yuvasına çevrilib. Vəhşicəsinə döyülərək öldürülən vətəndaşların həyatına görə kim cavab verməlidir? Insanlar törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilib, bundan sonra onlara fiziki cəzaverilməsi nə deməkdir? Əgər həbsxanada istənilən adamı döyüb öldürmək olursa, rəislərə, nəzarətçilərə nə ehtiyac var? Ölkədəki cəzasızlıq, hüquqsuzluq həbsxanaları Quantanamodan daha betər vəziyyətə salıb.

Yarıtmaz və yaramaz siyasət hər sahədə özünü göstərir. Ölkə başçısı natəmiz adamlara yalnız barmaq silkələyə bilir, natəmiz adamlar isə barmaq sındırırlar. Niyə günahkarlar cəzalandırılmır, faşist təfəkkürlü insanlar niyə iş başındadır, insan həyatını niyə bu qədər ucuzlaşdırırsınız?

Amma Azərbaycan reallığında bütün bunlar təbiidir. Əgər ölkədə generallar məxfi həbsxana saxlaya bilirsə, əgər başda oturanların sifarişiylə günahsız adamlar həbs oluna bilirsə, deməli istənilən məhbusu öldürmək sadə bir işdir. Bu ənənəni isə hökumət özü yaradıb. Leyla Yunusu həbsxanada döydürən, Hacı Tale Bağırzadəyə işgəncə verdirən hökumət, digər səlahiyyətlilərə “yaşıl işıq” yandırıb.

Ən dəhşətlisi isə budur ki, məhbuslara işgəncə verilməsi, öldürülməsi ictimailəşsə də adekvat reaksiya olmur, günahkarlar cəzalandırılmır və utanamdan mərhumların ailələrinə yalan danışırlar.

Bir sözlə, sistem bütün sahələri özünə oxşadıb və Azərbaycan Quantanamosı yaradıb. Ona görə də başqa ölkələrdə neqativ axtarmağa ehtiyac yoxdur. Ölkə neqativlər bolluğunda boğulur./azadlıq/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi