Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

HDP: “Ərdoğan İŞİD-dən kürdlərin əleyhinə istifadə edir.”

Türkiyənin Xalqların Demokratik partiyasının (HDP) millət vəkili Selma Irmak prezident Rəcəb Tayyib Ərdoğan barədə sensasion ittihamlar səsləndirib.

O, RİANovosti saytına açıqlamasında Ərdoğanın İŞİD-i Yaxın Şərqdəki siyasətinin aləti və kürdlər əleyhinə silah kimi istifadə etdiyini bildirib. O, Türkiyə rəhbərliyi ilə terror təşkilatının əlaqələrini sübut edən çoxsaylı faktların olduğunu deyib.

“Ərdoğan İŞİD-dən kürdlərin əleyhinə istifadə edir. Ərdoğan Türkiyə ordusunu birbaşa Kürdüstana göndərə bilməz. Lakin kürdlər əleyhinə alət kimi İŞİD-dən istifadə edə bilər. Çünki onun ağlında böyük Osmanlı imperiyası var. Bu, Ərdoğanın arzusudur. Və İŞİD bunun üçün alətlərdən biridir”, - deyə Irmak bildirib.

Onun sözlərinə görə, İŞİD indiyə qədər Türkiyəyə qarşı heç bir tədbir görməyib: “İŞİD heç vaxt Türkiyə mövqelərinə hücum etməyib. Və Türkiyə şəhərlərindəki terror aktlarına görə məsuliyyəti öz üzərinə götürməyib. Diyarbəkir, Suruç və Ankarada 3 böyük terror aktı olub (2015-ci ildə). Bütün terror hadisələrində kürdlər və kürdləri dəstəkləyən müxalifətçilər zərər görüb”.

“Təl-Əvivdə kürdlər İŞİD-in işğal etdiyi əraziləri geri alanda Türkiyə işə qarışdı. Türkiyənin İŞİD-lə mübarizə apardığını göstərmək üçün Türkiyə təyyarələri formal olaraq İŞİD-in ərazilərini bombaladı. 2 aviahücum həyata keçirildi. Eyni zamanda Türkiyə PKK-nın məskunlaşdığı Kandilə 65 aviahücum təşkil etdi, -deyə Irmak bildirib.

Millət vəkilinin sözlərinə görə, Türkiyə hakimiyyətilə qonşu Suriya və İraqda döyüşən İŞİD silahlıları arasında münasibətləri göstərən çox sayda sübutlar var: “Yaralanmış terrorçular Türkiyədə müalicə olunurlar. Türkiyə İŞİD üçün arxa cəbhə və çox mühüm təchizat kanalıdır. Onlara Türkiyə ərazisindən keçməyə icazə verilir, onlar burada sənəd alırlar. İŞİD-in Türkiyədə məşq düşərgələri var. Türkiyənin İŞİD-ə verdiyi imkanları göstərən çoxlu nümunələr var... Bütün silahlılar İŞİD-ə Türkiyə ərazisindən gedib-gəlirlər”.

Bundan əlavə Selma Irmakın sözlərinə görə, Türkiyə ilə İŞİD arasında iqtisadi əlaqələr də mövcuddur: “İŞİD-in nefti Türkiyə ərazisindən satılır. İŞİD-in bütün xarici əlaqələri Türkiyə vasitəsilə aparılır. Təkcə neft yox, bütün qaçaqmalçılıq Türkiyədən edilir”.

Kürd fəalın sözlərinə görə, İŞİD-in kriminal biznesinin bir hissəsi - girovların və qadınların alveri də Türkiyə ərazisindən həyata keçirilir: “İŞİD-i tərk etmək istəyən mülki vətəndaşlar silahlılara pul ödəyir və yenə də Türkiyə ərazisindən keçib gedirlər... İŞİD girov aldıqları yezidi qadınların və assurilərin (xristian qadınlar) satışını Türkiyə ərazisindən həyata keçirir. Biz - feminist qadınlar Qaziantepdə belə girov qadınların olduğu düşərgə tapdıq. Buradan qadınlar Türkiyənin müxtəlif şəhərlərinə satılır”.
“Dövlət ,əlbəttə ki, bütün bunları bilir. Üstəlik hər şey polisin nəzarəti və mühafizəsi atında baş verir”,- deyə o bildirib.

Qeyd edək ki, Selma İrmak - Xalqların Demokratik Partiyasından (HDP) Türkiyə Böyük Millət Məclisinin deputatı, kürdlərin qeyri-hökumət təşkilatları ittifaqı "demokratik cəmiyyət konqresi"nin həmsədridir. 1971-ci ildə Türkiyə Kürdüstanında anadan olub. Qadağan olunmuş HDP ilə əlaqədə şübhəli bilinərək ümumilikdə 14 ilini Türkiyə həbsxanalarında keçirib./aznyus/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber