Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

''Eşşək bloka girmişdi, qovub çıxardıq''

Bakı sakinlərinin zibil probleminə əncam çəkən yoxdur

“Bələdiyyəyə əmlak vergisi ödəyirik. Guya ki, yığılan vəsait qəsəbənin abadlaşdırılmasına sərf olunur. Amma zibilin vaxtlı-vaxtında daşınması ilə bağlı şikayətlərimizə cavab verilmir”.

Bunu Suraxanı rayonu, Zığ qəsəbəsinin sakini Elşən Abbasov deyir.

Onun sözlərinə görə, ilin bütün fəsillərində inək və sahibsiz itlər bu zibilliklərdən qidalanır. Hətta sahibsiz heyvanlar tullantıları binaların həyətinə, oradan da bloklara daşıyırlar.

Şikayətçi deyir ki, qəsəbədə torpaqlar qarış-qarış satılıb. Hətta Mənzil İstismar Sahəsinin (MİS) yanında, yüksək gərginlikli elektrik xəttinin altında da evlər tikilib. Buna görə də zibil qabları binaların həyətlərinə qoyulub. Bu isə heyvanların ərazidə cəmlənməsinə səbəb olur.

Qəsəbə sakini Sevda Səfərovanın sözlərinə görə, günün istənilən saatında zibil tullantılarının yanında hər cür heyvana rast gəlmək olur. Uşaqlar inək, eşşək, it, pişik və ya  siçovulların əlindən həyətdə sərbəst hərəkət edə bilmirlər: “Bir neçə dəfə itlər uşaqlara hücum edib. Biz də Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə müraciət etmişik. Gecələr itlərin səs-küyündən yata bilmirik. Səhərlər isə həyətdə inək, eşşək olur. Uşaqlar qorxudan dərsə gedə bilmirlər. Hətta eşşək bloka girmişdi,  qovub çıxardıq. Hər gün itlər uşaqlara hücum edir”.

Sakinlər deyirlər ki, itlər natəmizlikdən əraziyə toplanırlar. Amma zibil qutularına yer tapılmır, ətraf təmizlənmir.

MİS-dən Meydan TV-yə bildiriblər ki, zibillər vaxtında daşınır. Amma inəklərin, itlərin sahiblərinin tapılması üçün gərək sakinlər ərazi sahə müvəkkilinə müraciət etsinlər.

Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki bazarın yanında yaşayan sakinlər də zibilliklərin vaxtı-vaxtında daşınmamasından şikayətçidirlər. Onların sözlərinə görə, ərazi zibil tullantıları ilə əhatələnib.

Bazarın yaxınlığında yaşayan Nəsibə Məmmədova deyir ki, meyvə-tərəvəz tullantıları vaxtında daşınmadığından sahibsiz heyvanlar əraziyə toplanır. Gecə saatlarında ərazidən keçmək mümkün olmur: “İtlərin qorxusundan bazarın yanından keçmək olmur. İtləri tutmaqla iş bitmir. Şəhərin təmizliyinə riayət etmək lazımdır”.

Sakinlər dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə, bazar rəhbərliyinə şikayət ediblər. Amma problem çözülməmiş qalıb.


Müşahidələr də göstərir ki, zibil tullantılrının vaxtında daşınmaması səbəbindən ölkə sahibsiz itlərin məskəninə çevrilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva virtualaz.org saytına açıqlamasında deyir ki, ötən ilin yanvar-oktyabr aylarında ölkə üzrə 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib: “Qeydiyyata alınanların 12 min 918 nəfəri it dişləməsi səbəbindən xəstəxanalara müraciət edib. Digərləri siçovul, pişik dişləmələri olub”.

Mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə 28 sentyabr,  2006-cı il tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunub. Prezidentin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama görə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalır. Sərəncama əsasən təsis olunan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti iradları qəbul etmir. Qurumdan Meydan TV-yə bildiriblər ki, bütün ərazilərdən zibillər vaxtında daşınır: “Şəhərim təmizliyini qoruçaq həm də sakinlərin işidir. Biz işimizi vaxtında görürük. Əgər hər kəs öz məsuliyyətini bilsə, yaxşı olar”.

608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41