Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

İslahatlarsız keçən bir ildən sonra

Rejim cəmiyyəti gizli maliyyə sabitliyi vəziyyətində saxlamaq üçün əlindən gələni edəcək

Hakimiyyət nə azad seçkilərə, nə də əsaslı dəyişikliklərə gətirib çıxaracaq islahatlara gedəcək

Azərbaycanın açıq maliyyə-iqtisadi böhran zolağına girməsindən bir il sonra prezident Ilham Əliyevin Administrasiyası hələ də ölkəni neft asılılığından uzaqlaşdıracaq və cəmiyyətin iş potensialının hərəkətə gətirilməsi üçün operativ perspektivlər açacaq islahatlar proqramı işləyib hazırlamayıb.

Hökumət dekabrda baş vermiş ikinci devalvasiyaya qədər və hətta yanvarın əvvəllərində neft qiymətlərinin artacağına bel bağlamağa davam edirdi. Amma qiymətlər bu ümidlərə daha bədbin göstəricilərlə reaksiya verdi. Hökumətin büdcədə neftin qiymətinə yenidən baxaraq, bir barrelin qiymətini 50 dollardan 25 dollara dəyişdirməsi, nəhayət ki, müəyyən dərəcədə oyanmaya işarə etdi, bu, hökumətin yanvarın 18-də keçirilən iclasında islahatlar zərurəti haqqında ilk bəyanatlarda özünü göstərdi.

Lakin administrasiyanın növbəti addımları göstərir ki, rejim hələ də ölkə prezidentinin şəxsində dövlətin sərt nəzarəti altında yarımislahatlara ümid edir. Prezident yanında iqtisadi islahatlar üzrə köməkçi xidmətinin yaradılması və bu vəzifəyə yerli və ya xarici islahatçının deyil, vergi işçisinin təyin edilməsi göstərir ki, maliyyə bazarının sabitliyi və maliyyə axınlarının hərəkətinə nəzarət məsələsi rejimin manatın sabitliyini qoruyub saxlamaq üçün prioritet olaraq qalır. Bu, məhz maliyyə bazarında partlamış yavaş təsir edən minaların, – hətta neftin belə deyil, – ən sakit görünən dövrdə hakimiyyətin təməlini sarsıtması ilə bağlıdır.

Prezidentin islahatlar üzrə köməkçisi, uzun müddət Vergilər Nazirliyi sistemində xidmətdə irəliləyən və ölkənin pul axınlarına nəzarəti həyata keçirən Natiq Əmirov təyinatından sonra bildirib ki, prezident Əliyevin ölkəni böhrandan çıxarmaq üçün öz proqramı var. Bu proqramın nədən ibarət olduğu hələ də məlum deyil. Belə bir proqram varsa, niyə elan edilmir, bir halda ki, cəmiyyət ümid və çaşqınlıq içindədir, iqtisadiyyat gündən-günə, saatdan-saata azalma prosesindədir.

Cənab Əmirovun müəyyən etdiyi islahatların dörd konturu onların həyata keçirilməsinə siyasi iradə olması məsələsini dərhal şübhə altına qoyur. Əmirova görə, prezidentin konsepsiyası dörd əsas istiqaməti əhatə edir:

1.Maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpası, habelə maliyyə intizamının möhkəmləndirilməsi.

2.Ixracatın stimullaşdırılması.

3.Daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulması.

4.Sahibkarların, xüsusən kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət alqıları yolu ilə stimullaşdırılması.

Bu planların həyata keçirilməsi üçün iki institut yaradılır: 1.Maliyyə bazarlarına nəzarət Palatası və 2.Sahibkarlara dəstək üzrə apelyasiya şuraları.

Amma iş ondadır ki, keçid dövründəki ölkələrdə istənilən islahatların əsaslandığı ən konseptual yanaşmalar aşağıdakı təməllər əsasında qurulur:

1.Korrupsiyaya qarşı mübarizə – şəffaflıq, dövlət qurumlarının və məmurların cəmiyyət qarşısında hesabatlılığı, istənilən resurslara sadələşdirilmiş və bərabər çıxış.

2.Iqtisadiyyatın inhisardan çıxarılması – malların, xidmətlərin, kapitalların sərbəst ixracı və idxalı, bərabər rəqabət şərtləri.

3.Qara bazarın ləğvi və kapitalların və vergilərin leqal yerdəyişməsi.

4.Məhkəmə sisteminin müstəqilliyi – sahibkarların hüquqlarının və maraqlarının müdafiəsi.

5.Mal və xidmət istehsalı, ixracı və idxalı üçün həvəsləndirici rüsum və vergilərin müəyyən edilməsi.

6.Hakimiyyətin xalqın seçdiyi və beynəlxalq aləmdə tanınmış seçkilər yolu ilə onun qarşısında hesabatlı olan bütün qollarının bərpası.

Beynəlxalq maliyyə, siyasi institutların, ekspertlərin güclü dəstəyi və çoxmilyardlıq maliyyə yardımı ilə həyata keçirilən Ukrayna islahatlarının yerində fırlanması təcrübəsi göstərir ki, korrupsiya sistemi və məmur inhisarı ləğv edilmədən yeni sağlam iqtisadi və siyasi münasibətlər sisteminin qurulması mümkün deyil.

Bu baxımdan prezidentin “islahatları” fonunda müəyyən müsbət dəyişikliklər və təmayüllər özünü göstərəcək, amma onlar bu il vəziyyətin əsaslı şəkildə dəyişməsinə gətirib çıxarmayacaq. Yəni rejim cəmiyyəti gizli maliyyə sabitliyi vəziyyətində saxlamaq üçün əlindən gələni edəcək. Yəni hakimiyyət təməlləri sarsıtmayacaq və məntiqi olaraq azad seçkilərlə yekunlaşmalı olan əsaslı dəyişikliklərə gətirib çıxarmayacaq dəyişikliklər həyata keçirmək strategiyası qurur. Əsasən bütün addımlar neft qiymətinin növbəti dəfə artmasına qədər vəziyyətin nəzarət altında saxlanmasına yönələcək. Neft qiymətlərinin artması rəsmi Bakının yenidən cəmiyyətə və xarici aləmə, ilk növbədə Qərbə qarşı mübarizə mövqeyini sərtləşdirməyə imkan verəcək.

Məhz neft amili və onun təzyiqi yaxın gələcəkdə Azərbaycan islahatlarının gedişatını – onların sürətlənməsini və ya yavaşlamasını müəyyən edəcək və yönləndirəcək. Lakin yenə də nəzərə almaq lazımdır ki, neft qiymətlərinin düşməsi və maliyyə köpüklərini aradan qaldırmaqla islahatlara məcbur etmə mexanizmini işə salanlar, çox güman ki, nəticənin yarımçıq olacağını nəzərə almayıblar. Tranzaksiya prosesi sonuna qədər keçilməlidir./turan/
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı