Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Etirazların hasarlanması tədbirləri

Böhran, devalvasiya başlayandan bəri yapistlər guya yeni idarəçilik üsullarına keçiblər, məmurlar tökülüşüb rayonların canına, camaatla görüşür, yalan-palan vədlər verib insanları müvəqqəti də olsa sakitləşdirməyə çalışırlar. Bəzən bu, absurd formalar alır, örnək üçün son 10 gündə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun Tərtər və Yardımlı rayonlarına, səhiyyə naziri Şirəliyevin Qazax rayonuna səfərlərini göstərə bilərik. Məsələ ondadır ki, qazaxlılar xəstələnəndə heç uzaq Bakıya və İrana da getmirlər, sərhədi aşıb Gürcüstanın səhiyyə obyektlərinə üz tuturlar.

Statistika sədrinin görüşə gələn vətəndaşlara yağlı rəqəm plovu yedizdirəcəyi də şübhə doğurmur, çünki adamın rəqəmdən başqa bir məhsulu yoxdur. Ümumiyyətlə, "Statkom"a nədən şikayətlənmək olar ki? Niyə yalançı rəqəmlər toplayıblar, bundanmı? Obyekti, müəssisəsi də yoxdur iş versin.

Fevralın 10-da Şirvanda görüşə gedən müdafiə sənayesi naziri Yavər Camalovun sakitləşdirmə həbləri heç beş gün də təsir eləmədi, dünən yerli camaat şəhər hakimiyyət orqanları önünə toplaşıb iş istəyirmişlər. Ağdamda isə məşğulluq mərkəzi işsizlər üçün təyin elədiyi əmək yarmarkasını təxirə salıb, bu da insanlarda narazılıq yaradıb.
Belə baxanda mərkəzi də qınamaq olmaz, məşğul olmağa iş yeri yoxdursa, obyekt, fabrik, sənaye, kənd təsərrüfatı və sairə yoxdursa, müraciət edənə işi hardan tapıb versin? Sadəcə, vaxtı ötürmək, yola vermək, gopa basıb bir az da mərkəzi hakimiyyətin ömrünü uzatmaq lazımdır. Yapistlərin regional “sosial siyasətinin” yalnız bu izahı var.
Fevralın əvvəlində fərmanı verilən Apelyasiya Şuraları da belə vaxt öldürmək siyasətinin tərkib hissəsidir. Gülünc bir tədbirdir. Təsəvvür edin, vətəndaş dövlət orqanlarından narazılığını, şikayətini elə həmin orqanların özündə yaradılan apelyasiya şuralarında həll etməlidir. Normal dövlətdə belə narazılıq məhkəmə, qanun yolu ilə həll edilir. Bizdə isə qanun yoxdur. Bəs nə etməli? Süründürmək lazımdır! Qoy vətəndaş, misal üçün, Vergilər Nazirliyindən şikayətini elə o nazirlikdəki Apelyasiya Şurasına eləsin, bir müddət orda baxılsın, təzədən “yerində tədbir görülməsi üçün” idarəyə qaytarılsın, sonra vətəndaş narazı qalıb yenə şikayət eləsin və sairə və ilaxır. Vətəndaşı top kimi oynadırsan, sonra da Allah kərimdir, yaz gələr, yonca bitər, ya da o vaxta kimi ya xan ölər, ya eşşək...
Vətəndaşların dərdinə-sərinə münasibətin başqa bir örnəyinə baxın. 12 fevralda türmədə 23 yaşlı məhbus ölüb, qohumları onun döyülüb öldürüldüyünü bildirir. “Yeni Müsavat” bu haqda yazıb. Sonra qəzetin yazıya düzəliş dərc elədiyini gördüm. Sitat: “Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov musavat.com-la əlaqə saxlayıb və məhkumun ölümü ilə bağlı açıqlama verəcəyini demədiyini, müxbirimizin onu yanlış anladığını bildirib”.

İndi bunu belə anlamaq lazımdır: “Açıqlama-zad vermirik, vermək fikrimiz də yoxdur, adımızdan yalan yaymayın, camaat elə bilər Norveçdə-zadda yaşayır, harınlayar”. Yoxsa bir mətbuat xidməti rəhbəri öz qanuni vəzifəsini niyə təkzib eləsin ki? Adam buna görə maaş alır ey! Bəlkə biz Yaşar müəllimdən “Barselona”-"Real" oyununa münasibət öyrənək, ya da Aygünlə İlhamənin münaqişəsində Elza xanımın tutduğu mövqedən danışsın?
Bir neçə gün qabaq iqtisadçı ekspert Qubad İbadoğlu yazmışdı: “Görəsən, İqtisadiyyat Nazirliyinin ”Strateji proqnozlaşdırma və planlaşdırma", Maliyyə Nazirliyinin “Makroiqtisadi proqnozlaşdırma və iqtisadi təhlil” şöbələri , Dövlət Neft Fondunun “Büdcə proqnozlaşdırma və layihələr” departamenti, Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti hansı işlə məşğul olub, gələcək strategiyalarını nəyin əsasında qurublar?"
Mən yalnız bu sualı oxuyanda bildim ki, bizdə belə gülməşəkər idarələr var imiş. Lap klassikaya dönmüş filmimizdə deyilən kimi: “Bunlara nə ad vermək olar? Tüfeyli, qrabitel...”

Zamin Hacı/musavat
820 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.