Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Mikoyanın varisləri

Yaxında Vadim Fulmaxt adlı bir müəllifin Sovet İttifaqında represiya illərində hətta “xalq düşməni” güllələməsinin də plan doldurmaq üçün olduğunu ortaya qoyan, o dövrün gizli materialları əsasında hazırladığı geniş məqaləsini oxudum.

İnsan həyatını statistika ilə adiləşdirib heç bir mərhəmət və insani hiss duymadan eləcə güllələmək… Hətta məqalədə dərc olunan şəkillərdən birində güllələnən qadınların fotosuna baxanda diqqətimi birinin duruşu daha çox çəkdi. Qadın hamilə idi və əlləri ilə qarnını qucaqlayıb durmuşdu. Öləcəyini bilir, amma yenə də övladını güllədən qorumağa çalışır. Ya da bəlkə bununla güllənin körpəsinə dəyib onun canını açıtmasının qarşısını alacağına inanır…

O anda həmin qadının nələr hiss etdiyini bilməsəm də, indi yaşadığım ölkədə hər gün heysiyyatı, qüruru, arzuları öldürülüb gələcəyi “güllələnən” insanların nələr çəkdiyini hiss edə bilirəm.

Yəqin illər keçəcək və bir tarixci məqalə yazacaq. Yazıdan bəlli olacaq ki, Azərbaycanda da müxalif fkirli insanları həbs etmək norması olub və bu normanı doldurmaq üçün də məmurlar əlindən gələni əsirgəməyib.

Bəlkə ölkədə “hərəyə bir ağac əkək” deyiləndə biz yanlış başa düşmüşük? “Hərəyə bir müxalifətci tutaq” kimi anlamalıymışıq bu şüarı…

Amma “hərəyə bir adam tutaq” deyənlər bununla da qalmayıb. Həbs etdiklərini vəkilsiz qoymaq üçün də etmədikləri, çıxmadıqları oyun yoxdur.

Və indi iş o yerə çatıb ki, adi yalançılar doğruları intizamlı olmağa dəvət edir. Niyə, çünki vəkil onun hakimlik etdiyi məhkəmənin məzhəkə olduğunu bütün çılpaqlığı ilə üzə çıxarır. Çünki hakimin cinayətkar və adi bir sifariş yerinə yetirən marionetkadan başqa biri olmadığını hamıya nümayiş etdirir. Hakim də güzgüdəki ləkəli üzünü yumaq əvəzinə güzgünü sındırmaqla işini həll etmiş hesab edir.

Amma bu özünü aldatmaqdan başqa bir şey deyil. Çünki güzgü sınmış ola bilir, ləkəsə olduğu kimi durur.

Vəkil Yalçın İmanov “intizamlı olmağa” dəvət edilə bilər, amma bu hakim Turqay Hüseynovun kimliyini ortadan qaldırmır. Turqay Hüseynov təbii ki, “intizamlı” şəkildə hakimiyyətin sifarişini bütünlüklə yerinə yetirir. Amma qəzəblidir, çünki hakimlik etdiyi məhkəmə teatr tamaşasıdır və vəkil bu tamaşanın qaydalarına uymur.

Ssenari “yuxarıda” yazılıb və tələb olunan ancaq budur – “Fatı qalx, fatı otur!”.

Yalçın İmanovsa bu ssenarini dəyişir, hətta “Fatı”dan oturmaq tələb olunduğu yerdə onu qalxmağa məcbur edir.

“İntizamsızlıq” edir yəni… Bu ölkədə intizamlı olmaq necə olur? Daha çox yalanın, riyanın parçası ola bilməklə…

Amma nə etsələr də, nə oyundan çıxsalar da, bir şeyə əngəl ola bilməyəcəklər. Başqa bir ssenari yazılır. Onun qəhrəmanları da bu gün şərlənərək müttəhim kürsüsündə oturdulanlar və onlara vəkillik edənlərdir. Tarix adlı müəllif məhz bu adamların taleyində öz ssenarisini yazır…

Və bu ssenarini nə dəyişməyə, nə silməyə, nə də “yuxarıdan” sifariş etməyə kimsənin gücü yetməz. Ən zalım diktatorlar da bunu bacarmayıb

Bu gün Mikoyan adlı birinin, insanlara ədalətsiz hökm oxuyan yaramazın obrazı represiya illərindən bizə bəllidir. Düşünün, 37-də Mikoyan, 2000-ci illərdə Turqay Hüseynov, Şövkət Nəcəfova, Cavid Hüseynov, Ramella Allahverdiyeva, Sevda Hüseynova və bunlar kimi onlarla ədalətsiz hökm oxuyanlar…

Necədir, cənab hakimlər, adınızın kiminlə yanaşı yazılcağından razı qaldınızmı?

Haqq etdiyiniz bu… Bu gün “ermənilərlə işbirliyində”, xuliqanlıqda ittiham edib hökm oxuduğunuz işıqlı insanlar qaranlıq ömrünüzə işıq tutacaq əslində və məhz bu adamların varlığı sayəsində tarixdə adınız Mikoyanla birgə çəkiləcək.

Demək ki, bu gün hökm oxuduğunuz insanlar mahiyyətdə sizə daha ağır hökm oxuyur.

Mikoyanın varisləri olduğunuzun hökmünü…

Zümrüd Yağmur /azadliq
762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı