Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

“Zəng vurdu ki, oğlumun başını kəsdim…” – Dəhşət

Bu gün Beyləqan rayon Yuxarı Kəbirli kəndində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

6 yaşlı oğlunun boğazını kəsərək qətlə yetirən Zahid İskəndərovun həyat yoldaşı Mahirə Abışova həyat yoldaşı ilə bağlı bəzi məqamları açıqlayıb.

Aznyus-a açıqlama verən M.Abışova Z.İsgəndərovun içki aludəçisi olduğunu deyib:

“8 il idi ailəli idik. Həmişə dalaşırdıq. Məni təhqir edirdi. Mən də məcburiyyət qarşısında qalıb atamın evinə qayıdırdım. Mənimlə dalaşırdı. Amma ayrılmırdım. Deyirdim ailədir də, yaxşı olar, düzələr. Amma axır vaxtlarda mənimlə çox tutuşmuşdu. İçkili gəlirdi, məni döyürdü”.

M.Abışovanın sözlərinə görə, həyat yoldaşı Ümidi oğurlayıbmış:

“Son davamızda qayıtdım, atamın evinə gəldim. Gəldi orada da döydü məni. Uşaqları oğurladı. Balaca uşağı saxlaya bilmədiyi üçün geri qaytardı. Amma Ümidi özündə saxladı. Tüfeyli həyat sürürdü. Nəticədə də balama qıydı. Neçə dəfə götürməyə getdik, amma dalaşdı, qaytarmadı. Dünən axırıncı dəfə oğlumla danışdım. Saat 6 olardı. Ondan sonra danışmamışıq.

İndi o qatili gətirsinlər, hamımızın gözünün önündə başını kəssinlər. Bəlkə onda ürəyimiz soyuyar”.

Onu da bildirək ki, M.Abışova Zahid İsgəndərovun ikinci həyat yoldaşıdır. Onun bundan əvvəlki həyat yoldaşından 2 övladı var imiş. Boşandıqdan sonra məhkəmə uşaqların anasında qalması ilə bağlı qərar qəbul edib.

Qatilin qardaşı Vahid İsgəndərov musavat.com-a açıqlamasında qardaşı ilə qayınatası və yoldaşı arasında son günlər tez-tez mübahisə olduğunu deyib.

Dəhşətli qətli törədən Z.İsgəndərov daha sonra qardaşına zəng edib və oğlunu öldürdüyünü söyləyib:

“Çox vaxt axşamlar uşağı kəndə mağazaya aparırdı. Elə həmin gün də bu adla uşağı evdən götürüb. Qardaşım içki içən idi. Amma uşağa indiyə qədər bir şillə belə vurduğunu görməmişəm. İçəndən sonra başqaları ilə dalaşardı, onları söyərdi. Amma uşağına heç nə etməzdi. Axşam zəng elədi dedi ki, uşağın başını kəsmişəm. Dəhşətə gəldim, inanmadım. Dedi ki, filan yerdədir, gedin götürün. Hadisəyə səbəb onların münaqişəli ailə olması oldu. Yoldaşı bundan ayrılmaq istəyirdi. Uşağın biri kənddə, bizimlə qalırdı. Biri də anası ilə qalırdı. Onlar da məhkəməyə verib, uşağı qardaşımdan almaq istəyirdilər. Bunların rəsmi nikahları belə yoxdur. Yoldaşı atası ilə birləşib uşağı almaq istəyirdi. Bu da vermirdi. Axırı da belə dəhşətlə sona çatdı”.

Digər məlumata görə, son vaxtlaradək Z.İsgəndərovla qayınatası arasında münasibətlər normal olub. Hətta onlar bir neçə gün əvvəl birlikdə yeyib-içiblər də. Bu məclisdən sonra söhbət yenə də uşağın qaytarılması məsələsindən düşüb. Tərəflər bir-birini təhqir ediblər. Bundan sonra isə qayınatası Zahiddən polisə şikayət edib. Z.İsgəndərov məhkəməyə veriləcəyi təqdirdə uşağın ondan alınacağını bilib.

Xatırladaq ki, hadisə bu gün Beyləqan rayon Yuxarı Kəbirli kəndində baş verib. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib.

1982-ci il təvəllüdlü ata oğlunu evdən bir qədər aralı, təsərrüfat sahəsinə aparıb və orada övladının başını kəsib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.

Cinayətkar polis əməkdaşları tərəfindən tutulub, faktla bağlı Beyləqan Prokurorluğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlatdığı cinayət işinin istintaqını davam etdirir.




620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP