Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Neft Şirkətinin «boss»u – Mikayıl İsmayılovla bağlı ŞOK ARAŞDIRMA

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əsas fiqurlarından biri də vitse-prezident Mikayıl İsmayılovdur. Bu şəxsin barəsində indiyə qədər ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi yazılar dərc olunub, vitse-prezident yeyinti ittihamı ilə üz-üzə qalıb. Ən maraqlısı odur ki, Neft Şirkətinin ikinci söz sahibi hesab edilən bu məmur haqqında səsləndirilən ittihamların heç birinə cavab verməyib. Gundelik-baku.com olaraq Mikayıl İsmayılovun fəaliyyətini, nəzarətindəki biznes strukturlarını araşdırmaq qərarına gəldik. Amma gəlin ilk öncə Neft Şirkətinin vitse-prezidentinin tərcümeyi-halına nəzərə salaq.

Kimdir Mikayıl İsmayılov?
İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti-red) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlıdır. Belə ki, M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində işləyib. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Düz 11 ildir ki, bu vəzifəni tutan Mikayıl müəllim ötən müddət ərzində bir çox məmur kimi oliqarxlaşıb. Onun nəzarətində olan biznes strukturlarına nəzər salanda məlum olur ki, vitse-prezident hazırda ölkənin ən varlı şəxslərindən biri hesab edilə bilər.

«AzGranata» MMC və zəbt olunan torpaq sahələri
Apardığımız araşdırmalar göstərir ki, ARDNŞ-nin vitse-prezidentinin biznesinin böyük hissəsi doğma rayonu olan Ağsu ilə bağlıdır. Əldə etdiyimiz məlumatlara görə, Mikayıl İsmayılovun Ağsuda onlarla obyekti fəaliyyət göstərir ki, onların arasında ən diqqət çəkəni «AzGranata» MMC-dir. Məlumat üçün qeyd edək ki, Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınıb. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavodun su ehtiyacını qarşılamaq üçün 6 ədəd artezian quyusu istifadəyə verilib. Artezian vasitəsilə günlük 700-800 ton su təmin edilərək zavodun istifadəsinə verilir. Bundan əlavə, zavodun 1000 ton su ehtiyyatı və saatda 40 ton suyu təmizləməyə malik su filteri mövcuddur. Zavodda 2 ədəd 2000 kV-lıq transformator, 1 ədəd 1750-lik generator. 800 kV-lıq UPS sistemi və 7 km elektrik xətti vardır. Zavodun daxili havasını saatda 10-15 dəfə dəyişəcək şəkildə havaladırma sistemi qurulub. Zavod şirə və şərab istehsalat sexləri, 5 mərtəbəli inzibati bina və ziyarətçilərin qonaqlaması üçün 3 mərtəbəli və 13 qonaq otaqlı otel binasından ibarətdir. Zavodun istehsal sexləri meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama, şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələrindən ibarətdir. İstehsal gücü saatda 12 ton meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbulu gücünə malikdir. İllik istehsal gücü isə 50000 ton meyvə şirəsi vəya 65 milyon şərti qabdlaşdırmadır. Zavodun meyvə qəbulu sexi üzüm, nar, alma, armud və heyva çeşidləri üçün uyğundur. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, istənməyən mikro orqanizmlərin öldürülməsi, aseptik çəndə saxlanılması və qatılaşdırılaraq konsentrat hala gətirilərək aseptik çənə doldurulması mərhələləri həyata keçirilir. Avadanlıqları Almaniya, İçveçrə, İtaliya, Bolqarıstan və Fransadan təmin edilən zavodda 2 milyon litrlik hazır məhsul anbarı da mövcuddur. Bundan əlavə zavodun tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikro bioloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik və standartlara uyğunluğu təmin olunur.Ən son və modern texnologiya ilə təchiz olunmuş zavodda 3 ədəd meyvə şirəsi üçün və 1 ədəd şərab üçün cəmi 4 ədəd qablaşdırma xətti mövcuddur. 1 l, 750 ml və 200 ml-lik şüşə qablaşdırma üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizə edilərək qablara doldurulur. 1 l-lik və 200 ml-lik Tetra-Pak xəttində isə hər bir üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizə edilərək qablara doldurulur. Zavodda 16 növ meyvə şirəsi istehsal edilərək 50 ədəd şərti qablarda istehlakçıya təklif olunur. Az-Granata şirkəti meyvə sularını “Vita1000” brendi adı altında istehlakçılarına təqdim edir. Bakı şəhərində yerləşən satış mərkəzində 2 milyon litrlik hazır məhsul anbarı mövcuddur. Zavodun şərab xəttində isə Qırmızı Kəmşirin, Qırmızı Kəmturş və Ağ Turş növləri üzrə şərab istehsal olunmaqdadır. Zavod nar və üzüm ehtiyatını tərkibində olan 700 hektar bağlardan təmin etməkdədir. Bağlarda Rkasiteli və Saperavi texniki sortları ilə yanaşı süfrə üzümü də yetişdirilməkdədir. Zavodun gələcək meyvə ehtiyacını təmin etmək üçün 1000 hektar bağ salınması planlanıb. «AzGranata» zavodunun ərazisinin genişləndirilməsi zamanı yüzlərlə sakinin hüquqları pozulub və sənədlə onlara məxsus hektarlarla torpaq sahəsi zəbt edilib. Zavodun tikintisinə, eyni zamanda avadanlıqların alınmasına on milyonlarla vəsaitin xərcləndiyi bildirilir. Maraqlıdır, Mikayıl İsmayılov bu zavodun tikintisi üçün lazım olan vəsaiti hardan qazanıb? Bu sualın cavabını vitse-prezidentin ARDNŞ-dəki 11 illik fəaliyyətində axtarmaq lazımdır. Ki, bu başqa yazının mövzusudur.

Neft Şirkətinin balansındakı avtomobillərin yağla təminatını həyata keçirən «Repsol» şirkəti
Araşdırmalar nəticəsində məlum olur ki, bu gün Neft Şirkətinin balansındakı texnikalarının hamısının yağa olan ehtiyacını Mikayıl İsmayılovun nəzarətindəki «Repsol» yağları təmin edir. Əldə etdiyimiz məlumatlara görə, Neft Şirkətinin balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu isə təsadüfi deyil. Bu bahalı maşınları Azərbaycana Mikayıl İsmayılov gətirir. “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının ona məxsus olduğu yayılan məlumatlar arasındadır. ARDNŞ-nin balansında olan bütün bu avtomobillərə bəlli texniki xidmət mərkəzlərində texniki xidmət göstərilir və bu zaman yalnız “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilir. Həmin texniki xidmət mərkəzləri isə Mikayıl İsmayılova məxsusdur. Bu markadan olan motor yağlarını da ölkəyə yalnız M.İsmayılov gətirib satır. Araşdırmalara görə, «Repsol» şirkəti 2000-ci ildən etibarən dünyanın 10 ən böyük neft və qaz şirkətlərinin sırasına daxildir, şirkətdə 37,000-dən çox işçi çalışır. Bu gün dünyada şirkətə məxsus olan onlarla istehsal meydançaları mövcuddur. Şirkət üçün prioritet istiqamətlərdən biri yüksək keyfiyyətli sürtkü materiallarının istehsalıdır. 2002-ci ildən etibarən şirkətin ehtiyaclarını qarşılamaq üçün Avropanın ən iri texnoloji mərkəzi çalışır. Bu mərkəzdə 400-dən artıq elmi işçi fəaliyyət göstərir. Şirkətin inkişaf proqramı çərçivəsində qoyulan investisiyaların həcmi 250 mln. avro təşkil edib. Şirkətin istehsal etdiyi sürtkü materiallarının keyfiyyətini laboratoriya sınaqları ilə yanaşı, həm də aşağıda qeyd olunan planetin ən məşhur idman yarışlarında iştirak etməklə təsdiqlənib. «Repsol» şirkəti və texniki avadanlıq istehsalçıları arasında strateji müqavilələr bağlanıb. Zavodda mühərriklərə tökmək üçün  REPSOL yağlarını seçən şirkətlər bunlardır: ən iri mühərrik istehsalçısı olan Deutz şirkəti, Honda, Mitsubishi, Nissan avtomobil konsernləri, VAG qrupu (VW, SEAT). Şirkətin Azərbaycandakı nümayəndəliyi mühərrik, dizel, transmissiya və sənaye yağlarının satışını həyata keçirir. Deyilənə görə, Neft Şirkətinin bütün texnikalarını məhz bu şirkət yağla təmin edir və şirkətə vitse-prezidentin qohumlarından biri rəhbərlik edir. Başqa sözlə desək, Mikayıl İsmayılov Neft Şirkətinin balansındakı avtomobillərin yağla təminatını özünə məxsus «Repsol»a həvalə etməklə ildə milyonlarla gəlir əldə edir.
«Azəriqaz» İstehsalat Birliyi varsa, «Sentra» MMC kimə, yaxud nəyə lazım idi?

Vitse-prezidentin ən gəlirli müəssisələrindən biri də «Sentra» Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Qeyd edək ki, bu şirkətin fəaliyyəti, nəyə görə yaradılması və hansı işlərlə məşğul olması barədə ölkə mətbuatında indiyə qədər heç bir araşdırma yazısı dərc olunmayıb. Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olub ki, «Sentra» MMC Azərbaycanda, Bakıda və regionlarda, bir sıra mühüm layihələr həyata keçirir. Layihələrə, əhaliyə qazı daha keyfiyyətli və təhlükəsiz şəkildə verilməsi məqsədilə qaz paylama stansiyalarının daha müasir modul tipli qaz paylama stansiyaları ilə əvəz olunması və odorizasiya qurğularının quraşdırılması, qaz paylama stansiyalarını təhlükəsiz və rahat şəbəkə şəklində idarə etmək məqsədilə SCADA sistemlərinin qurulması, istismarda olan əhali qaz xətlərində sızmaların təyin olunması və onların aradan qaldırılması daxildir. «Sentra» MMC-də 200-ə yaxın əməkdaş çalışır.
  «Sentra» MMC-nin tərkibində yaradılmış “Təmiz Qaz” xidməti də Mikayıl İsmayılovun nəzarətindədir. Maraqlıdır, «Azəriqaz» İstehsalat Birliyi varsa, belə bir qurum nəyə lazımdır? Əldə etdiyimiz məlumatlarda bildirilir ki, «Sentra» MMC əslində «Azəriqaz»ın işini təkrarlayır və bu şirkət sırf büdcə vəsaitlərinin göyə sovrulması məqsədilə yaradılıb. «Şirkətdə çalışan şəxslər qaz xətlərində sızmanın qarşısının alınması, qaz şkaflarının və sayğacların təmiri adı altında milyonlarla büdcə vəsaitini havaya buxarlandırırlar. Belə ki, əgər hansısa sayğacda problem yaranırsa, MMC-nin əməkdaşları dərhal müdaxilə edirlər. Məsələn, sayğacın təmirinə 5 manat lazımdırsa, şirkətin rəhbərliyi sənədləşmədə 15 manat göstərir. Beləliklə, bir sayğacın təmiri bəzən dövlətə 200 manata başa gəlir. Halbuki, sayğacın bazar qiyməti bundan qat-qat aşağıdır. Mikayıl İsmayılov bu kimi işləri özünə məxsus şirkətə həvalə etməklə gəlirlərini daha da artırır. Şirkətə rəhbərlik edən Ümid Vəliyev vitse-prezidentin ən yaxın adamlarından biri kimi tanınır». Nəzərinizə çatdırmaq istəyirik ki, Mikayıl İsmayılovun biznes imperiyasına daxil olan şirkətlərlə bağlı araşdırmalarımız davam edir. Növbəti yazımız Neft Şirkətinin vitse-prezidentinin əzəmətli villaları və xaricdəki biznesi ilə bağlı olacaq. Bizi izləyin. /gundelik-baku/
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP