Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Binəqədinin icra başçısının müavini postu 170 min manata “satılırmış”…

Axır zamanlar belə hadisələr cəmiyyətdə niyə təəccüb doğurur bilinmir. Azərbaycanda hər postun qiyməti var. Burda təəccüblü nə var ki... 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) yüksək vəzifəli şəxslərinin adının keçdiyi rüşvət qalmaqalında daha bir vəzifəli şəxsin adı hallanır. Komitə əməkdaşlarının sahibkardan 170 min alaraq onu Binəqədi rayon icra başçısının müavini vəzifəsinə düzəltmək istədikləri məlum olub. Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, dövlət komitəsinin rəhbəri Hicran Hüseynova və sabiq aparat rəhbəri Səfər İmanov sahibkardan 170 min dollar alaraq ona Binəqədinin başçısı Xaləddin İsgəndərova müavin vəzifəsini təklif ediblər: 
 
“Müvəkkilim deyir ki, bu təklif qarşı tərəfdən gəlib. Onlar deyiblər ki, Binəqədi ən yaxın və böyük rayondur. Səni ora düzəldəcəyik”. 2012-ci ilin iyun ayında verilən vədə sonradan əməl edilməyib və alınan 170 min manat geri qaytarılmayıb. Bu arada həmçinin Səfər İmanovun Azərbaycandan qaçmasının bəzi təfərrüatları da məlum olub. Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, S.İmanov ölkədən bir qadınla gedib. Vəkil deyib ki, ona Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bağlı daha 10 şikayətçi ərizə ilə müraciət edib: “Ortaya başqa şikayətçilər də çıxıb. Onların da şikayəti komitə ilə bağlıdır. Həmin 10 nəfərə də pul ”atıblar”. Onlara müxtəlif qurumlarda vəzifə söz veriblər. Bundan əlavə, bəzilərindən komitənin özündə işə düzəltmək üçün pul alınıb. Şikayətçilər iddia edir ki, Səfər İmanov Azərbaycandan bir xanımla qaçıb. Onlar şikayət ərizələrində başqa tanınmış şəxslərin də adını hallandırdılar”.
Vəkilin sözlərinə görə, S.İmanov ona qarşı şikayətlərin, ittihamların səslənəcəyini ölkədən çıxmamışdan öncə bilirmiş: “Hüququnu müdafiə etdiyim şəxs onun qaçdığını bilirdi. Yanvarın 31-də Bakı-İstanbul reysi ilə Türkiyəyə qaçıb. Oradan hansı ölkəyə getməsi ilə bağlı məlumat yoxdur. Səfər İmanov Hicran xanımın dayısı oğludur. Hər halda, onun harada olduğunu və Azərbaycandan qaçdığını bilməmiş olmaz. Şikayətçi olan şəxs deyir ki, Səfər İmanov qaçmamışdan öncə Azərbaycanda adına olan bütün mülklərini satıb”.
Qalmaqalla bağlı AQUPDK-dan report.az-a bildiriblər ki, Səfər İmanov 2015-ci ilin 1 noyabrında işdən çıxıb. İşlədiyi müddətdə  2 dəfə töhmət alıb. İşdən azad olunmasının səbəbi kimi DK-nin bir neçə əməkdaşından öz problemlərinin həlli məqsədilə pul vəsaiti istəməsi göstərilir. Qeyd olunur ki, S.İmanov anası və ailə üzvlərinin səhhətindəki problemlərlə bağlı dəfərlərlə DK rəhbərliyinə müraciət edib. Eyni zamanda 4 uşaq atasıdır. Onun işdən çıxarılmasının təxirə salınması da elə məhz bu kimi səbəblərdən gecikdirilib. İş prosesində yol verdiyi nöqsanlar da fəaliyyətinin dayandırılmasına əsas olub.
 
Səfər İmanov
S.İmanov işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs DK-ya müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl S.İmanova pul vəsaiti təqdim edib. Və bu 4 il müddətində həmin şəxs S.İmanovla yaxın əlaqədə olub: “Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqları olmayıb. Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Səfər İmanovun Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yanlışdır”.

DK-dan bir daha rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiklərini açıqlayıblar: “Məsələnin öz həllini tapması üçün araşdırmaların nəticəsi gözlənilir. Bizim müraciətdən sonra həmin vətəndaş vəkili ilə birgə hüquq-mühafizə orqanları ilə əlaqədən qaçır. Bildiririk ki, komitə və onun sədrinin ünvanına deyilən ittihamlar bir böhtandır, S.İmanovla həmin şəxsin arasında olan məsələlər isə istintaqdan sonra bəlli olacaq”.
Mətbuat xidmətindən bildirilib ki, icra başçısının müavini təyin edilməklə bağlı Hicran Hüseynovanın əlaqəsinin olması haqda mətbuatda yer alan məlumatlar DK tərəfindən şər və böhtan kimi qiymətləndirilir.
DK “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi üzrə” prezident fərmanını xatırlatmaqla ölkə boyu qadın icra hakimi müavinlərinin sayının artaraq 85 nəfər olduğunu da diqqətə çatdırmağı vacib sayıb.
Bu qalmaqalla bağlı “Yeni Müsavat”a daxil olmuş digər bir məlumat bəzi mətləbləri də üzə çıxarıb.
Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, AQUPDK ilə bağlı qalmaqal bir yox, bir neçə nəfəri əhatə edir. Komitə xətti ilə əvvəllər də başçı müavini təyinatları baş tutub. Belə təyinatlardan biri də Şəmkirin Rayon İcra Hakimiyyətində gerçəkləşib.  Qaynağımız iddia edib ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun müavini Məleykə Əlizadə də komitə xətti ilə bu vəzifəyə gətirilib.

Məlumdur ki, Binəqədi, Şəmkir, Gədəbəy rayonları  vergilər nazirinin qeyri-rəsmi qubernatorluğuna daxildir. 170 minlik qalmaqalla bağlı məhz bu rayonların seçilməsinin təsadüfi olmadığı bildirilir. Qeyd olunur ki,  AQUPDK sədri ilə vergilər nazirinin işgüzar münasibətləri var. Bu səbəbdən nazirin patronajlığı altında olan rayonların icra hakimiyyətlərində müavin postlarına namizədlərin irəli sürülərkən H.Hüseynovanın da təqdim etdiyi namizədlər adları siyahılara salınıb. Sonradan namizədin həmin posta təyin olunub-olunmaması isə H.Hüseynovanın iradəsindən kənar olub.
 
Bu baxımdan H.Hüseynovanın qohumu olduğu bildirilən Səfər İmanovun vətəndaşdan 170 min manat alıb “səni başçı müavini təyin etdirəcəyəm” deyə bilməsinin ciddi əsasları olub. Hazırda məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. AQUPDK rəsmisi Elgün Səfərov məsələnin araşdırılması üçün yalnız onların müraciət etdiklərini söyləsə də, vəkil Adəm Məmmədov da hüquq mühafizə orqanlarına yazılı müraciət etdiyini açıqlayıb. /Musavat/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İranda 134