Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Ölən məhbusun qardaşı: “Karsda necə yıxılmaq olar?”

“Bu necə yıxılmaq idi ki, bədənində işgəncə izləri əmələ gətirmişdi? Penitensiar Xidmətin yaydığı xəbər yaramızın üstünə duz tökdü”.

Bunu fevralın 12-də 6 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş məhkum Nurani İbrahimovun qardaşı Ramin İbrahimov deyir.

“İŞGƏNCƏ İZLƏRİNİ AYIRD ETMƏK ÇOX ÇƏTİNDİR?”

Penitensiar Xidmətin açıqlamasına görə, mərhumun meyitinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkar edilməyib.

Elə İbrahimovlar ailəsini də bu açıqlama qıcıqlandırıb:

“Penitensiar Xidmətdən ans-ə bildiriblər ki, guya qardaşım yıxılıb ölüb. Nuraninin bədəni, əsasən də aşağı ətrafı döyülməkdən qançır-qançır olmuşdu. Necə yəni, gəzinti vaxtı yıxıldı? Necə yəni, halı pisləşdi? Lap elə deyək ki, insandır, ani olan işdir, başı gicəlləndi, yıxıldı. Məgər yıxılmaqla işgəncə izlərini ayırd etmək çox çətindir? Onun bədəni nə vəziyyətdəydi, fotolarını mətbuat da yayıb. Görün, o fotolardakı yıxılmaq izidir, yoxsa işgəncə?”

İbrahimovlar ailəsi tələb edir ki, Nuraninin 2 saylı müəssisədən 6 saylıya köçürülməsinin və dərhal karsa salınmasının səbəbi açıqlansın. Ailə onun gəzinti zamanı yıxılması ilə bağlı deyiləni qəbul etmir, çünki “kars”a salınan dustaq gəzintiyə buraxılmır.

“KARSDA ADDIM ATMAĞA YER YOXDUR”

Ramin İbrahimov:

“Əgər nəzərdə tuturlar ki, “kars”da gəzərkən yıxılıb, “kars”da addım atmağa imkan yoxdur, o ki qala gəzinti etməyə. “Kars” darısqal yerdir, orada bu adam necə gəzirmiş ki, ayağı ilişib yıxıla? Belində, aşağı ətrafında döyülmə izləri, qollarında qandalın kəsdiyi izlər, daban, ayaq – hamısında qançır izləri…”

Ramin İbrahimovun sözlərinə görə, qardaşı 2 saylı müəssisədə “kars”a salınıb. Bir neçə saat orada saxlandıqdan sonra müəssisədəki üç dustaqla birlikdə dustaq maşınına mindirilərək 6 saylı müəssisəyə gətirilib və yenə “kars”a salınıb. Ailə onun köçürülməsinin və “kars”a salınmasının səbəbini öyrənmək üçün həmin üç dustaqla görüşmələrinə şərait yaradılmasını istəyir. Onun deməsinə görə, qardaşı ilə bərabər həmin dustaqlar da 6 saylı müəssisəyə gətiriləndən sonra döyülüblər.

AİLƏSİNDƏN KÖMƏK İSTƏYİBMİŞ

Ramin İbrahimovin sözlərinə görə, qardaşı ilə ölümündən 1 həftə əvvəl, saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində görüşüb. Nurani ona təzə təyin olunmuş rəisdən narazılığını bildirib və başqa müəssisəyə köçürülməsi üçün ailəsindən kömək istəyib.

Penitensiar Xidmətin yaydığı məlumata görə, yeni köçürüldüyü 6 saylı cəzaçəkmə müəssisəsində gəzinti zamanı məhkum Nurani İbrahimovun halı pisləşib və yıxılıb.

Ədliyyə Nazirliyin rəsmisi Faiq Qurbanov AzadlıqRadiosuna məhkumun nazirliyin Müalicə Müəssisəsində öldüyünü deyib.

25 yaşlı Nurani İbrahimov 2011-ci ildə Cinayət Məcəlləsinin bədənə qəsdən ağır xəsarət yetirmə maddəsi ilə 7 il müddətinə məhkum edilmişdi. ​
762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu