Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Atası Pərviz Həşimliyə verilən işgəncələrdən danışdı

Əli Kərimli jurnalistlə bağlı mətbuat konfransında İlham Əliyevə mesaj göndərdi

Kamran Həşimov: "Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna"

Əli Kərimli: "Düşmən ölkədə girovluqda olan əsgərlərimizlə necə davranırlarsa, Azərbaycan hakimiyyəti də siyasi məhbuslarla o cür davranır"

Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin atası Kamran Həşimov oğlunun həbsilə bağlı növbəti dəfə mətbuat konfransı keçirib. Tədbirdə AXCP sədri Əli Kərimli və partiyanın digər rəhbər şəxsləri də iştirak edib.

Pərviz MTN-də girov saxlanılır

Kamran Həşimov deyib ki, Pərviz Həşimli siyasi sifarişlə həbs edilib. Onun sözlərinə görə, hələ prezident seçkisi ərəfəsində Pərviz Həşimli barəsində MTN-ə yaxın qəzetlərdə sifarişli yazılar dərc edilib: "Pərviz bu yazıları dərc edənlərə etirazını bildirib. Bundan sonra MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Pərvizə zəng edərək onu həbslə hədələyib. Pərvizin həbsi jurnalistlik və siyasi fəaliyyətilə bağlıdır. Əminəm ki, prezident də bu silah məsələsinin boş söhbət olduğunu bilir. Pərviz həm də Xalq Cəbhəsi Partiyasının üzvü olub. Azərbaycanda çoxpartiyalı sistemdir. Mən açıq deyirəm ki, YAP-ın üzvüyəm. Amma Pərviz başqa partiyanı seçib. Burada hər hansı qanunsuzluq yoxdur. Əgər bu cinayətdirsə, o zaman çoxpartiyalı sistemi ləğv etsinlər. Hamıya desinlər ki, yalnız bir partiyaya - hakim partiyaya üzv olmalısınız.
Mən baş prokurorun nümayəndəsi Rasim Hacıyevlə görüşmüşəm. Ona dedim ki, əvvəlcədən MTN-dən təhdid görən adam evində silah bir yana, heç cibində dırnaqtutan da saxlamaz. Çünki Pərvizə həbs ediləcəyi deyilmişdi".

Kamran Həşimov bildirib ki, oğlu MTN-də fiziki və mənəvi işgəncələrə məruz qalıb: "Antiterror Mərkəzinin rəisi Elçin Quliyev istintaqa müdaxilə edir. Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna. O da deyir ki, bizim dediklərimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Adamın hər dəfə başına qara torba keçirib harasa aparanda, istər-istəməz stress keçirir. Bu stressdən adam ölə bilər. Amma bunlar bunun düşünmürlər. Pərvizə təzyiqlər edilsə də, mən demişəm ki, oğlum heç kimə böhtan atası deyil. Elçin Quliyev qanunları pozur. Pərviz faktiki olaraq MTN-də girov saxlanılır".
Pərviz Həşimlinin atası əlavə edib ki, oğlunun qanunsuz həbsilə bağlı İlham Əliyevə müraciət edib. Lakin heç bir nəticəsi yoxdur. Kamran Həşimov əlavə edib ki, o, oğlunun MTN-nin təcridxanasından köçürülməsini istəyir: "Orda Pərvizə işgəncə verirlər. Mən xahiş etmişəm ki, Pərvizi Kürdəxanıdakı istintaq təcridxanasına köçürsünlər. Lakin bunlar Pərvizi MTN-də saxlayırlar öz istədiklərini rahat şəkildə edə bilsinlər".

Siyasi məhbusları müdafiə edən xüsusi qurum yaradılsın

AXCP sədri Əli Kərimli də bildirib ki, Pərviz Həşimli MTN-də girov kimi saxlanılır. AXCP sədri həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyəti siyasi məhbuslarla girov kimi davranır: "Düşmən ölkədə girovluqda olan Azərbaycan əsgərləri ilə necə davranırlarsa, Azərbaycan hakimiyyəti də siyasi məhbuslarla o cür davranır. Necə ki, düşmənlər əsgərlərimizi öz bayraqlarını, dövlətlərini təhqir etməyə məcbur edirlər, hakimiyyət də eyni qaydada siyasi məhbusları əqidədaşlarına böhtan atmağa, öz dəyərlərindən imtina etməyə məcbur edir. Onları mənən sındırmağa çalışırlar. Çox yaxşı haldır ki, bütün məşəqqətlərə baxmayaraq Pərviz bəy öz ləyaqətini qoruyub saxlayır. İşgəncələr, təhdidlər onu sındıra bilmir".
AXCP sədri deyib ki, Azərbaycan dəyişikliklər ərəfəsindədir. Hakimiyyət də bundan ciddi narahatdır. Ona görə də rəqiblərinə qarşı repressiya siyasətini daha da gücləndirib.

"Bu günlərdə ölkədə ən peşəkar seçki monitoriqi edən Anar Məmmədlini həbs elədilər. Buna kimi nə qədər partiya funksioneri, gənclər, hüquq müdafiəçiləri, ruhanilər, jurnalistlər həbs olunub. Anar Məmmədlinin həbsilə siyasi məhbusları sayı artıq 143-ə çatıb", - deyə Əli Kərimli bildirib.
AXCP sədrinin sözlərinə görə, artıq siyasi məhbusları müdafiə edən xüsusi qurumun yaradılması zərurətə çevrilib: "Anar Məmmədlinin həbsilə bağlı toplantıda iştirak edən hüquq müdafiəçiləri, yazarlar belə qərara gəliblər ki, artıq ayrı-ayrı siyasi məhbusların hüquqlarını ayrı-ayrı müdafiə etmək yox, onların hamısının hüquqlarını bir yerdə və hər gün müdafiə edən bir qurum yaradılsın. Bu qurum vasitəsi ilə siyasi məhbusların hər gün diqqətdə saxlanılması, onların səsinin bütün dünyaya çatdırılması nəzərdə tutulur. Çox istərdim ki, bu iş alınsın".

MTN-nin təcridxanası cəza aparatıdır

Əli Kərimli deyib ki, MTN-nin təcridxanası hakimiyyətin cəza aparatıdır: "Fikrimcə, hüquq müdafiəçilərinin, demokratik dəyişikliklərə kömək etmək istəyən vətədaş cəmiyyəti təmsilçilərinin ilk işi Azərbaycan hüquq sistemində qara ləkə olan MTN-nin təcridxanasının qapanmasına nail olmaqdır. MTN-nin təcridxanası hakimiyyətin cəza aparatı rolunu oynayır. Orda Pərvizdən əvvəl də müəyyən şəxslər girov kimi saxlanılıb, hazırda da saxlanırlar. Faktiki ölkənin milli təhlükəsizliyinə cavabdeh olan qurum ölkənin təhlükəsizliyi ilə məşğul olmalıdır, vətəndaşlarla savaş aparmamalıdır.
Mən Azərbaycan hakimiyyətini yönətənlərə müraciət etmək istəyirəm. Başa düşürsünüz ki, müvəqqətisiniz, nə qədər çaba göstərsəniz də əbədi hakimiyyətdə qalan deyilsiniz. İndi az cinayət törədin, belə etməklə günün birində normal qaydada geri çəkilmək imkanınız qalacaq. O qədər cinayətə də bulaşmayın ki, bir gün istəsəniz də cinayətdən geri çəkilə bilməyəsiniz və mütləq də bu cinayətə görə cəza almış olasınız. 
Türkiyə türklərinin gözəl bir sözü var; qorxunun əcələ faydası olmaz. Artıq ölkəyə dəyişikliklərin gəlməsi labüddür, bunu bir müddət ləngidə bilərsiniz aqibətinizi daha da çətinləşdirməyin, elə edin ki Azərbaycada böyük dəyişikliklərdən sonra üzərinizdə böyük məhkəmələr qurulmasın".

İlham Əliyev hətta nazirlərinin  mənə işlədiyini güman edir

AXCP sədri daha sonra bildirib ki, MTN-də Pərviz Həşimli onun əlyehinə ifadə verməyə məcbur edilir. Jurnalistə təzyiq göstərilir ki, o, hanısa məmurlardan pul aldığını və AXCP sədrinə verdiyini desin. Əli Kərimli bildirib ki, bununla hakimiyyət özünü pis vəziyyətdə qoyur.
"Azərbaycan hökumətinin mənə nifrəti o qədər böyükdür ki, indi daha cəbhəçiləri yox, nazirləri də mənə görə tutmaq istəyirlər. Digər tərəfdən bunlar başa düşmək istəmirlər ki, belə bir böhtana əl atmaqla, əslində özlərini pis vəziyyətdə qoyurlar. Belə çıxır ki, İlham Əliyev hətta nazirlərinin də, ona yox, mənə işlədiyini güman edir. Görün bu adam nə gündədi? Bu artıq panikanın, isterikanin göstəricisidir. Adam özünəgüvəni o qədər itirib ki, Azərbaycan xalqının elliklə ondan narazı olduğunu düşünür. Fikirləşir ki, nazirləri də bu kampaniyaya qoşulub".

/azadlıq/
1644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP