Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2016

170 min dollarlıq “Hicran tamaşası”nda “O olmasın, bu olsun” pərdəsi

Adı rüşvət qalmaqalında hallanan komitə sədri Hicran Hüseynova danışdı və məsuliyyəti öz üzərindən atmağa çalışdı; gözlər hüquq-mühafizə orqanlarında 


Bir müddətdir adı 170 minlik rüşvət qalmaqalında hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova barəsində yazılanlara münasibət bildirib. Aznews.az-ın xəbərinə görə, H.Hüseynova məsələ ilə bağlı hazırda araşdırma getdiyini deyib:


“Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbəttə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib?”

H.Hüseynova jurnalistlərə də çağırış edib: “Jurnalistlərə, bizim hüquq-mühafizə nümayəndələrimizə də, vəkillərimizə demək istəyirəm ki, gərək etikanı qorusunlar. Hansısa bir adam haqqında bir şey yazanda faktları əvvəlcədən yoxlasınlar. Sonra onların haqqında yazsınlar. Xüsusilə, dövlət məmurları haqqında belə şeyləri yazanda fikirləşsinlər ki, bunlar kimə nöqsandır, bizə, yoxsa onların özlərinə? Ona görə də belə şeyləri fikirləşmək lazımdır”.

H.Hüseynovanın tövsiyələrini diqqətə almaq lazımdır. Amma maraqlı məqam budur ki, dövlət məmuru niyə adının bu cür biabırçı işlərə adının qarışmasına şərait yaradıb?
Niyə Aparat rəhbərinin komitədə oturub vəzifə alveri açmasına imkan verib?

Tutaq ki, komitədə baş verənlərdən H.Hüseynovanın xəbəri olmayıb. Bunun özü böyük bir dövlət qurumuna rəhbərlik edən məmura yaraşan haldırmı?

Səfər İmanov Komitədəki kabinetini vəzifə alveri şöbəsinə çevirib. Mətbuat bu məsələni yazmalı, komitə sədrinin 4 il ərzində hara baxdığını sual etməli deyil?


Redaksiyamıza daxil olan məlumata görə, AQUPDK-ya ölkə üzrə icra başçılarının müavini təyinatına namizədlər təqdim etmək səlahiyyəti verilib. AQUPDK-nın 170 minlik qalmaqalla bağlı yaydığı rəsmi məlumatlarda ölkə boyu 85 qadının icra başçısının müavini postunu tutduğu vurğulanıb. Belə məlumat var ki, AQUPDK-ya 10-20 rayon üzrə namizədlərin təqdim olunması üçün kvota verilib. Həmin qeyri-rəsmi kvota qadın namizədlər üçün nəzərdə tutulub. Buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini postuna Eynur Kərimovun namizəd olaraq təqdim olunması adekvat hesab olunmayıb. Yəni Səfər İmanovun vasitəsi ilə Eynur Kərimovun adı başçı müavini postuna namizəd kimi yazılanda artıq onun namizədliyinin təsdiq edilməyəcəyi məlum olub. Bunun sadə bir səbəbi isə E.Kərimovun güclü cins nümayəndəsi olmasıdır.
Yada salaq ki, bir neçə gün əvvəl redaksiyamıza daxil olan məlumatda iddia olunub ki, AQUPDK ilə bağlı qalmaqal bir yox, bir neçə nəfəri əhatə edir. 


Komitə xətti ilə əvvəllər də başçı müavini təyinatları baş tutub. Belə təyinatlardan biri də Şəmkirin İcra Hakimiyyətində gerçəkləşib. Qaynağımız iddia edib ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun müavini Məleykə Əlizadə də komitə xətti bu vəzifəyə gətirilib. Məlumdur ki, Binəqədi, Şəmkir, Gədəbəy rayonları vergilər naziri Fazil Məmmədovun qeyri-rəsmi qubernatorluğuna daxildir. 170 minlik qalmaqalla bağlı məhz bu rayonların seçilməsinin təsadüfi olmadığı bildirilir. Qeyd olunur ki,  AQUPDK sədri ilə vergilər nazirinin işgüzar münasibətləri var. Bu səbəbdən nazirin patronajlığı altında olan rayonların icra hakimiyyətlərində müavin postlarına namizədlərin irəli sürülərkən qeyri-rəsmi olaraq AQUPDK xətti ilə təqdim olunan namizədlərinin təsdiqi real olub. Eynur Kərimovun güclü cinsin nümayəndəsi olaraq siyahıya salınması son nəticədə onun başçı müavini olaraq təsdiqini əngəlləyib. Ortaya belə bir qalmaqal çıxıb.

Bu məlumatlar onu deməyə əsas verir ki,  Səfər İmanovun vətəndaşdan 170 min manat alıb “səni başçı müavini təyin etdirəcəyəm” deyə bilməsinin ciddi əsasları olub. Hazırda məsələ ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.

Bu olay dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasındakı məlum səhnəni xatırladır. Həmin səhnədə Məşədi İbada təqdim olunan gəlin, sonda kişi çıxır...

Elə Sabit Rəhmanın “Hicran” tamaşasında da sonluq Mitoşbala üçün yaxşı qurtarmır. Bu yolda varından-yoxundan olan Mitoşbala axırda Hicrana qovuşa bilmir./musavat/
664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı