Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Xalqın heysiyyəti ilə oynayan “papanın gül balaları”

Bir neçə yüz manat maaş alan prokurorun oğlu yarım milyondan çox qiyməti olan bahalı avtomobilləri hardan və necə alıb...

Facebook və twitter kimi sosial şəbəkələrdə məmur balalarının var-dövlətlərini sərgiləmələri adi hala çevrilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun oğlundan sonra bir neçə məmur övladının sahib olduqları varidatın bir qismini sosial şəbəkədə paylaşaraq nümayiş etdirməsi mətbuatın diqqətini çəkdi. 
E.Talıbovun səhifəsindəki şəkillər isə çox ilginc idi. Məsələn, onun “Maşınlarım” rubrikası altında altı avtomobil cəmləşmişdi. Şəkillərə yazdığı xırda qeyddə Elnur avtomobillərin ona məxsusluğunu yazmışdı. “Ford Shelby”, “Audi sport”, “Lexus”, “X 5-2009", ”Range Rover" avtomobillərin ümumi dəyəri 700 min dolları aşırdı. Məclis sədrinin oğlu şəxsi telefonlarını da ictimaiyyətə açıqlamışdı. Bu telefonlardan ən ucuzunun qiyməti 400, ən bahalısı isə 1350 manat idi.

Qeyd edək ki, Elnur Talıbovun facebook səhifəsində Amerikada yaşayan məşhur azərbaycanlı modelyer Səbinə Musayeva ilə birgə şəkilləri  də var idi.

Bu ayın əvvəli öncə sosial şəbəkələrdə, daha sonra xəbər saytlarında yayılan Bakıya gətirilən  yarımmilyonluq “Lamborghini”lərin sahibi böyük müzakirəyə səbəb oldu.  Şahidlər bu lüks avtomobilləri Heydər Əliyev beynəlxalq hava limanının karqosunda çəkmişdilər.

Fotodakı maşınlar qiyməti yarım milyon manat olan iki “Lamborghini Gallardo LP- 560" və  ”4 Spyder" avtomobili idi. 5,2 litrlik mühərriklə təchiz olunmuş bu modellər 560 at gücündədir. Avtomobil 100 km/s sürəti 4 saniyəyə yığır. Şəkilin altında yazılan şərhlər isə olduqca maraqlı idi. Məsələn, öz profilində Heydər Əliyev adına Hava Limanında işlədiyini qeyd edən  Anar M-V adlı facebook istifadəçisi bu avtomobilləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin yaxın bir qohumun gətirdiyini yazmışdı. Digər istifadəçi Zaur Məmmədli isə bu informasiyanı təsdiqləyərək A.Əliyevin qohumunun Bakıda “Lamborghini” avtomobillərinin rəsmi diler salonunu açacağını yazmışdı.

Son günlər isə yerli medianın gündəmindən düşməyən, Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə sosial şəbəkələrdə paylaşdığı şəkillərə görə elə sosial şəbəkələrdə də qınaq obyektinə çevrilib. Facebookda paylaşdığı şəkillərlə ölkə mətbuatında “məşhurlaşan” 1988-ci il təvəllüdlü gənc, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadədir. Prokurorluqda yüksək vəzifə tutan bir şəxsin oğlunun paylaşdığı şəkildə dollar və manat əsginazlarının düzülüşündən maşınlarının dövlət nömrəsini (222) yaradıb. Bu gənc facebookda həm özünün, həm qardaşının, həm də atasının istifadə etdiyi bahalı maşınların fotolarını paylaşıb. 

Xatırladaq ki, Elvin Nəbizadənin böyük qardaşı Sumqayıt Qeydiyyat İmtahan Şöbəsinin rəisi Polad Şixəliyevin kürəkənidir. Polad Şıxəliyevin qardaşlarından biri DİN Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi Füzuli Şıxəliyevdir. Bildirilir ki, “bahalı nömrələrin” Nəbiyevlər ailəsinin bahalı avtomobillərində “peyda olması” bu qohumluq əlaqələri ilə bağlıdır. Fotolarda görünən əzəmətli mülk isə Nəbiyevlər ailəsinin Şamaxı rayonunda yerləşən bağ evidir. 

Sual yaranır, bir neçə yüz manat maaş alan bir prokurorluq işçisi bu qədər var-dövlətə hansı mənbələr vasitəsilə sahiblənib? Azərbaycan qanunlarına görə, dövlət məmuru, xüsusilə də hüquq-mühafizə orqanlarında çalışan məmurlar bizneslə məşğul ola bilməz. İnanmaq istərdik ki, bu fakt ölkə rəhbərliyinin diqqətini cəlb edəcək və bəzi həddini bilməz “papanın balaları” və elə həm də o “papa”ların özləri haqda lazımi ölçü götürüləcək.






1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber