Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Oliqarxlar villalarını boşaldırlar

Yüksək çinli məmurlara malik mülklərin mühafizəsi gücləndirilib. Bunu Qaynar.info əməkdaşı son vaxtlar Bakının “milyonçular məhəlləsi” kimi tanınan Nərimanov rayonundakı Teymur Əliyev küçəsində, Batamdar qəsəbəsində və Novxanı kəndindəki müşahidələri əsasında yazır.
T.Əliyev küçəsindəki sakinlərdən birinin dediyinə görə, buradakı “milyonçular məhəlləsi”nin dəbdəbəli imarətlərinin ətraflarında mühafizə polisinin əməkdaşları son vaxtlar daha çox gözə dəyir. Həmçinin özəl mühafizə şirkətlərinin əməkdaşlarını da ayrı-ayrı villaların ətrafında daha çox görmək olar. Həmsöhbətimiz bunun konkret səbəbini izah etməyə çətinlik çəkir, amma həmin mülklərin bir çoxlarının sahibləri arasında adları “MTN işi”ndə və “Beynəlxalq Bank işi”ndə keçən məmurların olduğunu qeyd edərək, bu məqamın da dəyəri bir neçə milyon manatla ölçülən villalıar ətrafında canlanma müşahidə olunmasında rol oynadığını istisna etmir.
Batamdar qəsəbəsinin gözqamaşdırıcı görünüşə malik imarətlərlə zəngin məhəllələrindən birinin sakini isə son vaxtlar özünün və digər sakinlərin bir sıra mülklərin boşaldıldığına şahid olduqlarını söyləyib. “Həmin mülklərdəki qiymətli əşyalar, o cümlədən, mebellər və digər avadanlıqlar yük maşınları ilə harasa daşınır” – o deyib.
Maraqlıdır ki, buna oxşar hal Novxanı kəndindəki bir sıra villalarda da müşahidə olunub. Kənd sakinlərindən birinin əməkdaşımıza dediyinə görə, bunun konkret səbəbini bilmirlər, amma istisna deyil ki, villaların kütləvi boşaldılması son vaxtlar qarət və soyğun hallarının artması ilə bağlıdır.
Hüquq-mühafizə orqanlarında çalışmış adının çəkilməsini istəməyən polis zabiti isə Qaynar.info əməkdaşı ilə söhbətində xüsusilə son iki ayda Bakıda oğurluq hallarının kəskin artdığını düşünür: “KİV-də yayılan məlumatlardan da görünür ki, ən çox da ötən ilin dekabr ayındakı devalvasiya qərarından sonra paytaxtda iri market, şirkət və mülklərdən oğurluqlar çoxalıb. Əminəm ki, xüsusilə mənzillərdən külli miqdarda pul və zinət əşyalarının aparılması ilə nəticələnən bir çox qarətlər ümumiyyətlə ictimailəşdirilmir. Bu adətən həmin mənzil sahiblərinin istəyi ilə olur, hansı ki, onlar vəzifəli şəxslərdir və adlarının qalmaqallı şəkildə hallanmasından çəkinirlər”.
Həmsöhbətimizin sözlərinə görə, paytaxdakı dəbdəbəli villaların əksəriyyəti ya ilboyu tamamilə boş qalır, ya da onların vəzifəli sahibləri ilin müəyyən aylarını orada keçirirlər. Bununla belə, həmin villlar kifayət qədər fantastik məbləğə lüks təmir edilir və içərisi bahalı əşyalarla, mebellərlə bəzədilir, qarajlarında isə adətən məmurlar nadir hallarda istifadə etdikləri və yüksək qiymətə alınmış avtomobillərini saxlayırlar. “Yəni bu mülklərdə heç kim yaşamasa belə, onlar qarətçilər üçün əliboş dönməmək üçün kifayət qədər sərfəlidir. Görünür, Bakıda qarətlərin artması indi belə mülk sahiblərini ehtiyatlı davranmağa sövq edib” deyə müsahibimiz vurğulayıb.
Onu da deyək ki, son bir neçə ayda Bakıda səs-küylü soyğun və qarət hallarının artdığı reallıqdır. Bunun xüsusilə ilə ölkədə iqtisadi böhranın dərinləşməsi və manatın devalvasiyasından sonraya təsadüf etməsi maraq doğurur. Görünür, əhalinin maddi vəziyyəti ağırlaşdıqca biz belə halların daha da adiləşməsinin şahidi olacağıq.
Bütün bunların fonunda məmurların belə vəziyyətdən narahatlıq keçirdikləri və önləyici tədbirlərə əl atmağa başlamaları isə xeyli ağlabatan təsiri bağışlayır.
Xatırladaq ki, bu günlərdə bir sıra internet informasiya resurslarında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən də oğurluq edildiyi barədə informasiyalar yayılmışdı. İddiaya görə, nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıb. Yəni bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.
Sabiq nazir isə bu məlumatı təkzib edib. Onun sözlərinə görə, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.
Mümkündür ki, Əli müəllimin təkzibi daha həqiqətəuyğundur. Amma unutmayaq ki, bizi lap uşaqlıqdan od olmasa tüstü çıxmayacağına inandırırlar…
721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi