Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Nemət Pənahlı Qobustan həbsxanasında saxlanılacaq

Nemət Pənahlının cəzası artırıldı –Partiya sədri Qobustan həbsxanasında saxlanılacaq
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının fevral ayında başa çatacaq Qobustan cəzası iyun ayına qədər uzadılıb.

Belə ki, fevral ayının 26-də Qobustan həbsxanasından 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülməli olan partiya sədrinə iyun ayında təcridxanaya qaytarılacağı deyilib. Əsas kimi, Apellyasiya Məhkəməsinin qərarı göstərilib.

Bu barədə musavat-a N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib:

“Neməti iyun ayına saxlayıblar. Fevral ayının 26-da onu köçürəcəklərini demişdilər. Nemət mənə zəng edib dedi ki, məni köçürmürlər. Guya ki, Nemət barəsindəki Apellyasiya Məhkəməsinin qərarına uyğun belə addım atırlar. Üç ilin tamamı iyun ayında bitir. Qərarın üç il öncənin iyun ayında verildiyini əsas gətiriblər. Amma əslində əvvəlcədən fevral ayında köçürülməsinə qərar verilmişdi. Qobustan cəzasının verildiyi məhkəmə qərarında qərarın verildiyi gündən qüvvəyə mindiyi yazılıb. Amma Apellyasiya Məhkəməsində də eyni sözlər yazılıb. Nəyə görə saxladıqlarının səbəbini biz də bilmirik. Təbii ki, bunlar bir bəhanədir. İndi də deyirlər ki, iyunun ortalarında köçürüləcək. Yəqin ki, o zaman həbs müddəti azaldığına görə gözdən pərdə asmaq üçün Neməti “zon”a qaytaracaqlar. Açığı onun 17 saylıya qaytarılacağına inanmıram. Səhhəti hazırda çox pisdir. Yaxşıya doğru heç nə getmir, hər şeyi pisləşir. Uzunmüddətli görüşdən sonra hazırlıq görürdük ki, 17 saylıya gedəcəyik. Amma görünür, növbəti görüşümüz də Qobustanda olacaq”.

Xatırladaq ki, Milli Azadlıq Hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Qobustan həbsxanasına 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 2013-cü ilin yayındakı təqdimatı əsasında köçürülüb.
752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber